Sensasiya! - “Düşmən snayperləri məhv edilib!” - Vəziyyətə nəzarət edirik ! 

“MN və DSX Qərb istiqamətində düşmən təxribatının qarşısını almağa hazırdır”

“Oralarda çox ciddi işlər görülür. Həmin işlərin nəticələrini bu il görəcəyik” 


"Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınıb".
Bunu ötənlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib. General vurğulayb ki, cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə 2 000 metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1 500-1700 metr irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan verib:

"Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılıb. Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilib, atəş nöqtələri susdurulub, hərbçiləri məhv edilib, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunub". 



Bu uğuru yüksək qiymətləndirən hərbi ekspert Üzeyir Cəfərov “Sherg.az”a açıqlamasında qeyd edib ki, DSX həmin mövqeləri Müdafiə Nazirliyindən təhvil aldıqdan sonra burada çox ciddi işlər görülməyə başlanıb. Çevik və operativ addımlar atılıb, həmçinin mövqelərimiz güclənib:

“Mən bəzi QHT rəhbərləri və jurnalistlərlərlə birlikdə həmin ərazilərə gedib, görülən işlərlə tanış olmuşam. Elə mövqelər var ki, biz oradan düşmənin bütün hərəkətlərinə nəzarət edə bilirik.

Dediyim kimi, oralarda çox ciddi işlər görülür. Sadəcə dövlət və hərbi sirr olduğu üçün bəzi məqamları demək olmur. Biz həyata keçirilən işlərin nəticələrini bu il görəcəyik” 

Ü.Cəfərovun fikrincə, ordumuz istənilən an düşməni susdurmağa qadirdir: 

“Ermənilər ordumuzun uğurlu əməliyyatlarını yanvar ayının 7-dən etibarən həzm edə bilmirlər. Ona görə də ard-arda təxribatlar törədirlər. Lakin düşmənə lazımi cavab verilir. Ermənilərin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Çox təriflədikləri, yerə-göyə sığdıra bilmədikləri kəskin atıcıları məhv edilib.

Həmin snayperlərlə bağlı indi də dəqiq məlumat yoxdur. Hər halda döyüş qabiliyyətlərini itirdikləri dəqiqdir. Bu o deməkdir ki, MN və DSX Qərb istiqamətində düşmənin istənilən təxribatının qarşısını almağa hazırdır. Yəni biz vəziyyətə tam nəzarət edirik”.
 
Ekspert, həmçinin yaxın günlərlə bağlı fikirlərini də bildirdi: 

“Əlbəttə, ordumuz daha da irəli getmək əzmindədir. Sadəcə nəzərə almaq lazımdır ki, oranın relyefi çox mürəkkəbdir. Qısa zaman ərzində hansısa işi görməkdən ötrü böyük zəhmət tələb olunur.

Əsgərlərimiz nə lazımdırsa, edirlər. Ən mürəkkəb yerlərdə belə, səngər qazmağı bacarmaq Azərbaycan ordusunun gücündən, qüdrətindən xəbər verir”.