“Cəmiyyət keyfiyyətli olsa, zövqlü mahnılar seviləcək”

Murad Arif: "Əgər mədəni nümunələrdən gileylənirsinizsə, ilk növbədə cəmiyyətdən şikayət edəcəksiniz"

“Musiqi həmişə kütlənin səviyyəsindən asılıdır. Toplumun  təhsili,  mədəni-estetik tərbiyəsi,   düşüncələri, həyat tərzi, yaşayış forması nədirsə,  kütləvi musiqi də odur. Azərbaycan cəmiyyəti öz içində böyük böhranlar  yaşayıb. Əhalimiz  yerdəyişmə edib, ənənələr, dəyərlər qarışıb. Üstünlük  verilən musiqi forması dəyişib.  Bütün bunlar kütləvi mədəniyyətdən yana deyil“. 

Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış bəstəkar, müğənni Murad Arif   musiqimizin hazırki vəziyyəti ilə bağlı deyib. O, fikirlərinə davam edərək bunları söyləyib:

“80, 90-cı, 2000-ci, 2010 və nəhayət 2020-ci illərə qədəm qoyduq. Hər on illikdə toplumun,  mədəni-estetik ab-havası, tərbiyəsi, nəğmələrə də, ifaçılara da təsirini göstərir. Bu gün Azərbaycanda elə bir cəmiyyət formalaşıb ki,  Mübariz Tağıyev, Rəşid Behbudov, Firəngiz Rəhimbəyova kimi ifaçıları özlərinə ideal hesab edəcək intelektdə deyil.  Cəmiyyətin intelektual durumu musiqilərə, mədəniyyətə təsir göstərib. Mahnı, pop musiqi, nəğmə kütləvi mədəniyyətdir.  Bunun kökü, açar ifadə kütlədir.

Əgər mədəni nümunələrdən gileylənirsinizsə, ilk növbədə cəmiyyətdən şikayət edəcəksiniz. Çünki toplumun  intelektual mənəvi ab-havası nədirsə, “Youtube”də dinlədiyi musiqilər də, məclisinə çağırdığı musiqiçilər də odur.   Hamısı bir-biri ilə bağlıdır, bunları  qoparmaq olmaz.

Əgər Azərbaycanda keyfiyyətli musiqi muhiti yaratmaq istəyirsinizsə, o zaman intelektual cəmiyyəti formalaşdırmalısınız. Çünki  musiqi ağac, bina, maşın üçün deyil, insan üçündür.  İnsanların keyfiyyəti yüksəldikcə, musiqinin də səviyyəsi  qalxacaq”.

“Əksər mahnının sözlərini və bəstəsini meyxanaçıların yazmasına münasibətiniz necədir?“ sualına gəlincə, Murad bəy belə cavab verib: “Mahnının  meyxanaçının, ya da repçinin əlindən keçməsi problem deyil.

Çünki pop musiqisi demək olar rep dünyası tərəfindən idarə olunur.  Röyadır, Zamiqdir, Miri Yusifdir, Murad Arifdir,  hamımız repçilərlə işləyirik, meyxanaçılarla yox. İkincisi  də fərqi yoxdur,  ya meyxanaçı, ya repçi, ya da santexnik yazsın.

Nəğmədir də, mahnı janrındadır.  Burda çox dərinə getmirəm.  Onun zövqlü və keyfiyyətli olmağından  danışsaq, onda dərinə gedərəm. Cəmiyyət keyfiyyətli olanda,  zövqlü mahnılar seviləcək”.