Baş Plan hazırlanacaq

Paytaxtın ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq

Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir. Layihənin icrasının müzakirəsi məqsədilə Bakı Nəqliyyat Agentliyində keçirilən görüşdə “Alpina Parking Consulting” MMC-nin hazırladığı yol xəritəsinin təqdimatı olub. 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq.


Demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq. Hər bir yenilik təhlil olunacaq və zərurət olacağı təqdirdə müvafiq düzəlişlər ediləcək. Qiymət siyasəti, bazarın tələblərinə cavab verən modelin ortaya qoyulması, hamı üçün əlçatanlığın təmin olması və ən əsası şəffaf idarəetmə Baş planın əsas hədəflərindəndir.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, nəqliyyat üzrə ekspert  İlqar Hüseynlinin "Şərq"ə  açıqlamasına görə,  bu layihə lap əvvəldən hazırlanmalı və artıq icra olunmalıydı.

BNA-nın kifayət qədər gecikdiyini qeyd edən ekspert hesab edir ki, düzgün olmayan parklanma prospektlərdə nəqliyyatın ötürülməsi imkanlarını zəiflədir:

"Prospektin ötürücülük imkanlarının zəifləməsi isə tıxacların, bəzən də qəzaların yaranmasına yol açır. İstənilən halda parklanma elə şəkildə aparılmalıdır ki, dayanma-durma zamanı nəqliyyat vasitəsi digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmasın. 

Sürücülərin ən aktual problemlərindən biri məhz parklanma məsələsi ilə bağlıdır. Parkinq  imkanları geniş olan prospektlərdə belə sarı zolaqlar çəkərək avtomobilini saxlayan sürücülər cərimələnirdilər".

İ.Hüseynlinin sözlərinə görə, Bakı şəhərində bu problemin aradan qaldırılması üçün çoxmərtəbəli parkinqlərin  tikilməsi lazımdır. Bu da kifayət qədər vəsait tələb edir:

"Dünya təcrübəsinə baxsaq görərik ki, ən geniş yayılan üsul budur. Bu gün üçün  Bakının hər prospekt, hər küçəsində bu cür parkinqlərin tikilməsi real görünmədiyindən  daha uyğun variantlar üzərində düşünmək lazımdır".

Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunmasına gəldikdə isə İ.Hüseynli deyib ki, sözsüz ki, mikrarayonlarla mərkəzi küçələrə münasibətdə bu fərq özünü əhəmiyyətli dərəcədə göstərməlidir:

"Ümid edirəm ki, bu layihənin tətbiqindən sonra mövcud problemlər az da olsa aradan qalxacaq. Hər halda  geniş infrastruktur imkanları olan prospektlərdə daha böyük parkinqlərin salınması məqsədəuyğun olardı. Paralel olaraq da taksi dayanacaqlarının sayı artırılmalıdır".