Erməni səfirin riyakarlığı ifşa olundu: “Smbatyan dialoq tərəfdarıdırsa, onda...”

“...Dağlıq Qarabağın azərbaycanlı icmasının təklifini dəstəkləsin”

"Lakin təcavüzkar ölkə səfirinin “Münaqişənin həlli bizdən deyil, ATƏT-in Minsk qrupundan asılıdır” deməsi onların məsuliyyətdən yaxa qurtarmağa çalışmasının növbəti təzahürüdür”



“Ermənistanın İsraildəki səfiri Armen Smbatyanın son müsahibəsində bir daha bu ölkənin riyakar siyasətinin şahidi olduq. A.Smbatyan müsahibədə özünü Azərbaycan və erməni xalqları arasında təmasların qurulmasının tərəfdarı kimi qələmə verməyə çalışıb”.

“Sherg.az” xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.  Onun sözlərinə görə, münaqişənin maraqlı tərəflərindən biri kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması artıq illərdir, işğal altındakı Qarabağ bölgəmizin erməni və azərbaycanlı sakinləri arasındakı dialoqun aparılmasını təklif edir:

“Lakin, Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanın siyasi rəhbərliyi nəinki buna mane olur, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə utanmazcasına inkar edir.

Əgər A.Smbatyan həqiqətən də iki xalq arasında dialoq tərəfdarıdırsa, onda qoy Dağlıq Qarabağın azərbaycanlı icmasının təklifini dəstəkləsin. Lakin Azərbaycan ərazilərini işğal edərək, bir milyondan çox soydaşımızı etnik təmizləməyə məruz qoymuş təcavüzkar Ermənistanın səfirinin “Münaqişənin həlli bizdən deyil, ATƏT-in Minsk qrupundan asılıdır” deməsi ölkəsinin məsuliyyətdən yaxa qurtarmağa çalışmasının növbəti təzahürüdür.

Münaqişənin bu günə qədər həll olunmamasının səbəbi Ermənistan qoşunlarının qanunsuz olaraq Azərbaycan ərazilərində mövcudluğudur. Ermənistanın öz ordusunu işğal edilmiş ərazilərimizdən çıxarması ilə iki xalq arasında münasibətlər cox asanlıqla bərpa edilər.