“Seroloji testlər yeni strategiyalara yol açacaq”

Ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanıb. Seroloji testlərin aparılması pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır. Testlərin təşkilində əsas məqsəd xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək.

İndiyədək digər ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib. 

Tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova “Sherg.az”a açıqlamasında seroloji testlərin könüllülük prinsipi əsasında və təsadüfi seçilmiş əhali qrupu arasında aparılacağını deyib. Onun sözlərinə görə, testlərin keçirilməsində əsas məqsəd koronavirusa qarşı immunitetin formalaşıb-formalaşmadığını müəyyənləşdirməkdir:

“Testlər üçün 3-5 millilitr qan nümunəsi toplanılacaq. Xəstəliyi təsadüfi keçirmiş əhali qrupu arasında da bu testlər icra olunacaq. Seroloji testlər bir sıra xarici ölkələrdə də keçirilib və nəticələr əldə edilib. Analizlərin nəticəsi sanitar-epidemioloji nəzarətin qaydalarının tənzimlənməsinə, koronavirus tədbirləri çərçivəsində yeni strategiyalara yol açacaq”.