Baş Prokurorluq ictimaiyyət üçün açıq quruma çevrilir

Baş Prokurorluq ictimaiyyət üçün açıq quruma çevrilir. Artıq Prokurorluğun "İnstagram" səhifəsində sual-cavab sessiyasına start verilib. Hər bir vətəndaş onlayn sessiyaya qoşularaq burada narahat olduğu məsələlərə aydınlıq gətirə bilər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında bu layihənin əvvəldən hazırlanmalı və icra olunmalı olduğunu bildirib:


“Əvvəllər Prokurorluq orqanları tərəfindən bir sıra layihələr icra olunsa da, bu, bütün hüquqi proseslərin həyata keçirilməsi zamanı şəffaflığın tam artacağının bariz göstəricisidir. Bu gün feysbuk və instaqram sosial şəbəkələr vasitəsilə cəmiyyətlə əlaqənin qurulması çox əhəmiyyətlidir. Bu, vətəndaşların dövlət orqanlarına inam və etimadının birbaşa artması deməkdir”.

Ə.Nuriyev bildirib ki, Baş Prokurorluq bununla vətəndaşların pozulmuş hüquqlarının bərpasına operativ şəkildə xidmət göstərəcək: “Bu ölkə vətəndaşlarımız üçün bir yenilikdir.

Artıq əvvəlki nəsil ilə yeni nəsil arasında əlaqə saxlanılacaq. Həyata keçirilən onlayn sessiyalar vasitəsilə əlaqələr daha açıq şəkildə qurulacaq və şəffaflıq üstünlük təşkil edəcək. Koronavirus dövründə belə istənilən bölgəmizdə baş verən hadisələrə operativ reaksiya veriləcək.

Bu prokurorluq orqanlarının fəaliyyətinin şəffaflığının genişləndirilməsi, cinayət istintaqının aparılması zamanı keyfiyyətlilik məsələsinin artırılması, habelə korrupsiyaya qarşı mübarizənin aparılması deməkdir”.