“Həyata sıfırdan başlamışam, keçmişi isə unutmaram...! - ÖZƏL SÖHBƏT

Bir müddət öncə məhbusluq həyatı sona çatan, tanınmış müğənni Fədayə Laçın hazırda  qonşu ölkə Rusiyada fəaliyyət göstərir.  Zaman-zaman ifalarını sosial şəbəkə hesablarında paylaşan sənətçi  heyranlarını öz məlahətli səsi ilə sevindirir. Onu da qeyd edək ki, Fədayə  xanım  Vətəndən uzaqda olduğu kimi,   mediamızdan da ayrı düşüb.


Rusiyadan  “Sherg.az”a  danışan    F.Laçınla özəl müsahibəmizi təqdim edirik. 

- Əvvəla istərdim ki, günümüzün aktual mövzusu-koronavirus infeksiyasından başlayaq. Pandemiyalı, karantinli  günləri necə keçirirsiniz?  
- Hazırda Moskva şəhərində xəstəliyə yoluxanların sayı  azdır. Ona görə karantin də yoxdur, həyat öz axarı ilə davam edir. Sadəcə  müəyyən  yerlərdə maska taxmağımız tələb olunur. Amma karantin olan günlərdə hamı kimi evdə qaldıq, darıxdıq,  çətinliyimiz də oldu. Sonra  hər şey qaydasına düşdü.  Güman edirəm ki, Azərbaycanda da tezliklə  hər şey düzələcək. Millətimizə səbr etməyi tövsiyə edirəm.

- Bəs sənətinizlə, yaradıcılığınızla  bağlı nə kimi yeniliklər var?

- Klip çəkdirmək fikrim var, bir neçə yeni mahnı lentə aldıracam.  Onu da deyim ki, istedadlı şair və müğənni Cəlil Əliyevlə "Macəra" adlı duetimiz bir neçə ay öncə işıq üzü görüb.  Növbəti dəfə sözləri və musiqisi C.Əliyevə aid olan "Dünya iki günlükdür" duet mahnımızı  sevənlərimizə təqdim edəcəyik. Hər ikisinə də klip çəkdirməyi  düşünürəm. 

- Bir müddətdir ki, Rusiyadasınız. Azərbaycana qayıtmağı nə vaxta planlaşdırırsınız?



- Qismətimizdə nə zaman  yazılıbsa onda da dönəcəyik. Dəqiq bir söz deyə bilmirəm, çünki  hər şeyi "Allahın qisməti"nə bağlayan insanam.
 
- İstərdim ki, bir az keçmişə qayıdaq... Azadlığa buraxılandan sonra  ömrünüzün ikinci baharı necə keçir?

- Həyata yenidən, sıfırdan başlamışam. Həyat davam edir, ruhdan düşmək, sınmaq olmaz, möhkəm qalmaq  lazımdır. Gələcək üçün  yaşayıram. Amma keçmişi unutmuram, unutmaram...

- Azadlıq sizin üçün nə ifadə edir?

- Hər şey...

- Fədayə xanım,  əfv olunmağınız üçün tanınmışlar, sənət dostlarınız Prezidentə müraciət etdilər.  Sənətinizin vurğunu olan pərəstişkarlarınız bu xəbərə çox sevindi. Lakin sizi qınayanlar, cəzanıza davam etməyinizi istəyənlər də var idi.

- Azadlığa çıxdığım üçün şad olanları,  Allah həmişə sevindirsin. Qınayanların da xasiyyəti odur, hamını  tənqid edirlər. Nə etmək olar ki?  Sayları azdır deyə vecimə almıram, sevənlərimin yanında yox kimidirlər. Ümumiyyətlə  hər kəsi olduğu şəkildə qəbul edə bilirəm.  Ona görə də belə şeylər məni narahat etmir. Hamı  məni sevməli deyil ki... 



- Son olaraq oxucularımıza ürək sözləriniz...

- Allahdan can sağlığı və böyük səbir diləyirəm.  Deyirəm ki, mənim kimi möhkəm olun. Hər halımıza şükr edək. Həyata gülümsəyək ki,  o da  bizə  gülsün. Bir də istərdim ki, bu gün haqqımda yayılan yalnış məlumata aydınlıq gətirim.  İnstaqram səhifəmdə özümün tək  şəklimi paylaşaraq,  şərh bölməsində Ömər Xəyyamdan  hikmətli kəlam yazmışam: "Ya kürəyimizdə daşıyırıq, ya da ayağımızın altına salıb əzirik. Heç cür öyrənə bilmədik yan-yana yeriməyi".

Maraqlıdır, niyə yazmırlar ki, Ömər Xəyyamın kəlamını paylaşıb? Həmin  sözləri adımdan istədikləri yerə yönləndirirlər.
Bu qədər savadsızlıq və yaxud vicdansızlıq olmaz. Paylaşımlarıma baxsanız belə kəlamlara,  hansısa şairin qəzəlindən bir misraya rast gələ bilərsiniz. Çünki fotolarıma  mənalı sözlər yazıram,  bu da  hər adama çatmır. Əlbəttə çatmaz.  Belələri sözün dərinliyinə vara  bilmir, ən dayaz da  mənasız bir fikir tapıb, ağzını əyib ora yönəlir.. Guya, "partlatmaq" istəyir, amma  alınmır.  Sadəcə gülməlidir.