Distant, yoxsa ənənəvi format?

Nazirlik axtarışda, valideynlər isə tərəddüd içindədir
Təhsil Nazirliyinin ölkədəki sanitar-gigiyenik vəziyyəti daim monitorinq etdiyini deyən Təhsil nazirinin müşaviri Elnur Nəsibov ictimai rəyin diqqətlə öyrənildiyini bildirib. Nazirlik rəsmisi bildirib ki, yeni tədris ilində təhsilin formaları ilə bağlı axtarış və müzakirələr hazırda davam etdirilir. Təhsil nazirinin müşaviri valideynlərin övladlarının təhsilini distant və ənənəvi formada davam etdirməsi ilə bağlı seçim imkanına malik olacağını vurğulayıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə,  məktəblərdə təhsilin hansı formada təşkili ilə bağlı düzgün qərarı yalnız Operativ Qərargahın məlumatı əsasında deyil, həm də Təhsil Nazirliyinin apardığı monitorinqin nəticələri əsasında qəbul etmək doğru olardı: "Nazirliyin hazırda təhsil müəssisələrində apardığı monitorinqlər  nəticəsində  neçə şagirdin kompüteri yoxdur, neçə şagirdin  normal internet bağlantısı yoxdur,  bütün bunlar araşdırılmalıdır. Düşünürəm ki, yalnız bu sualların cavabı əsasında təhsilin təşkili forması ilə bağlı daha doğru qərar qəbul etmək mümkün olardı.
Fikrimcə, Nazirliyin bu informasiyaları açıqlaması bu istiqamətdə gedən müzakirələri daha məhsuldar və faydalı edərdi". 

 Təhsil eksperti  Anar Mustafazadə isə hesab edir ki, bizim cəmiyyətin böyük hissəsi öz taleyi ilə bağlı qərar verməkdə çətinlik çəkir. Buna görə də hər bir məsələyə münasibət ciddi, düşünülmüş yox, emosional olur:

"Belə məsələlər emosional müstəvidə həll oluna bilməz. Konkret əsaslandırılmış addımlar atılmalıdır. Təklif nəzəri cəhətdən əsaslandırılmış olmalıdır".

İndiki reallıqda ən uyğun variant seçiminə gəldikdə isə ekspert hesab edir ki, bunu Səhiyyə Nazirliyindən alınan rəsmi məlumatlar əsasında demək olar: "O məlumatların da dəqiqliyi şübhə altındadır".