“Dövlət sahibkarlara da dəstək göstərir”  

Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon İcra Hakimiyyətlərinə yeni icra başçısları təyin edib. Ölkə başçısı yeni icra başçılarını videoformatda qəbul edib. Dövlətimizin rəhbəri yeni icra başçılarına tapşırıq və tövsiyyələrini verib.

Prezident qeyd edib ki, rayonlarda vəziyyətin öyrənilməsi, təhlil edilməsi, mövcud olan nöqsanların, çatışmazlıqların araşdırılması üçün mühüm işlər görülməlidir:

“Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Olarsa, həmin sahibkarlar məsuliyyətə cəlb edilməlidir.

Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər törədilir. Onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur. Buna qətiyyən yol vermək olmaz. Belə məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək görməlidirlər. Onlar ancaq dövlətin vergisini ödəməlidir”. 



Prezidentin çıxışına dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Anar Məmmədov bildirib ki, dünyanı bürüyən pandemiya bütün dövlətlərin iqtisadiyyatının zəifləməsi, işsizliyin artması ilə üz-üzə qoydu.  Parlament üzvü bildirib ki, pandemiya ilə mübarizədə əsas amil olan iqtisadiyyatın dayanıqlılığının təmini və müvafiq səmərəli sosial addımların atılması həyati önəm daşıyır. Azərbaycan dövləti bu istiqamətdə çox təsirli tədbirlər görüb:

“Pandemiyanın qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib. Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşların, iş adamlarının prosesdə fəal iştirak etməsinə səsləyən çağırışlar üstünlük təşkil edir. Bütün bunlara baxmayaraq, pandemiyanın nə zaman azalacağı və ya bitəcəyi barədə məlumatların verilməsi hələ də mümkün deyil. Xəstəliyin qarşısının alınmasında hələlik yeganə vasitə olan özünütəcrid prosesi nə qədər sürətlənərsə, onun qarşısının alınması da asanlaşar. Bu işdə sahibkarların, iş adamlarının rolu isə xüsusilə qeyd edilməlidir”.

Deputat bildirib ki, bu gün əhalinin sağlamlığı həm iqtisadi dayanıqlığın, həm də sosial rifahın təməli olduğu üçün ən böyük yükü dövlət öz üzərinə götürüb:

“Nəticədə əhalinin sağlamlığının təhlükəsizliyi ciddi şəkildə qorunur. Hazırda pandemiya aradan qalxanadək əhalinin sağlamlığının qorunması dövlət siyasətində prioritetdir. Əfsuslar olsun ki, karantin rejiminin nisbətən yumşaldılmasından sonra vətəndaşlarımızın əksəriyyəti ictimai iaşə obyektlərində qoyulan qaydalara riayət etmək istəmirlər.

Düşünürəm ki, bu məsələdə sahibkarlarımız həm yetərincə məsuliyyət hissi, həm də iqtisadiyyata dayaq durmaq əzmi nümayiş etdirərək iş və xidmət sahələrində sosial davranış qaydalarına ciddi yanaşacaqlar. Çünki dövlət sahibkarlara da dəstək göstərir. Baxın pandemiya ilə mübarizədə əsas amil olan iqtisadiyyatın dayanıqlılığının təmini və müvafiq səmərəli sosial addımların atılması həyati önəm daşıyır. Azərbaycan dövləti bu istiqamətdə çox təsirli tədbirlər görüb. 

5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Dövlət sektorunda çalışan məcburən işləməyən 900 min insan dövlət tərəfindən əməkhaqqı alıb. 760 min insana lazımi maliyyə dəstəyi göstərilməsi nəticəsində onların iş yerləri qorunub. Altı yüz min işsiz, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olanlara dövlət qayğısı sayəsində artıq bir neçə ay ərzində 190 manat müavinət verilib.

Reallaşan sosial dəstək davam etdirilir və avqust ayında da bu müavinət ayrılır. Bu dövrə diqqət etdikdə aydın görünür ki, sadalananlar görülmüş işlərin yalnız bir hissəsidir".