“Bəzi internet kanalları fikirlərimi öz adlarından verirlər”

Mediada müəllif hüquqlarının qorunması kifayət qədər mürəkkəb məsələdir. Dövlət qurmlarının gündəlik verilən informasiyalarda müəllif hüququ qorunub-qorunmaması ciddi narazılığa səbəb olmur. Çünki dövlət qurmları bir xəbəri eyni anda bir neçə media quruluşuna göndərir. Məqsəd isə informasiyanı ictimaiyyətə çatdırmaq, oxunmasına nail olmaqdır.

Ona görə də, bütün saytlar eyni informasiyanı tirajlaya bilərlər. Bu mənada müəllif hüququnun qorunması jurnalistin xüsusi araşdırma yazılar üçün keçərlidir. Əksər hallarda bu hüquqların pozulduğunun şahidi oluruq. Son zamanlar sürətlə çoxalan internet kanalları müəllif hüququnu kobud şəkildə pozurlar. Müxtəlif araşdırmalar, analitik yazılar, reportajlar internet kanallarında istinadsız təqdim olunur.
Sözügedən problemə politoloq Azər Rəşidoğlu da toxunub. Analitik Feysbuk hesabında  müəllif hüquqlarının pozulduğuna dair status paylaşıb:

“Bəzi internet kanalları, ictimai fəallar və saytlar fikirlərimə toxunmadan öz adlarından verirlər. Son status-təhlilimə bir “youtube” kanalında 300 min baxış var. Lakin mənə istinad yoxdur. Bu, oğurluq və haqqa girməkdi. Etməyin belə”.