Vətəndaşlar ilk əvvəl boğazlarını düşündülər

Karantin dövründə daha çox elektronika mallarının satışında artım müşahidə olundu


Pandemiya həyatın bütün sahələrinə nüfuz etdi. Bir sıra iş yerləri uzun müddət qapalı qaldı, bəziləri fəaliyyətini hələ də bərpa etməyib. Bu isə təbii ki, əhalinin gəlirlərinin azalmasına və nəticə etibarilə insanların alqı-satqı məsələlərində ilk növbədə zəruri məhsul və mallara üstünlük verməsinə səbəb oldu. Əlbəttə. Bu vurhavurda kim ikinci dərəcəli mallara pul xərcləyər?!  Real mənzərəni yaradan  

statistik göstəricilərdir. FED.az-ın xəbərinə görə, Türkiyə Ticarət Nazirliyindən bildirilib ki, 2020-ci ilin yanvar-may aylarında bu ölkədən Azərbaycana dəri məmulatları (çanta, kəmər, pulqabı, ayaqqabı və sair.) ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azalaraq 5,842 milyon dollar təşkil edib. FED.az xəbər verir ki, bunu Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Təkcə may ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin mayı ilə müqayisədə 43,8 faiz azalıb və 978 min dollara bərabər olub.
Təkcə Azərbaycana deyil, Türkiyənin ümumilikdə dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb. Bu da təbii ki, pandemiyanın təsiridi. 

Azərbaycanda isə son aylarda elektrotexnika mallarına tələbat artıb və ən çox satış məhz bu mallar üzrə qeydə alınıb. 
Pandemiyanın təsir etmədiyi sahə isə tütün məmulatlarının istehsalıdır. 

2020-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 27,6 faiz artım qeydə alınıb, qida məhsulları (kolbasa məmulatları, qaymaq və xama, marqarin, kərə yağı) istehsalında da artım olub.



Pandemiyanın iqtisadiyyata təsirini şərh edən iqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, statistik rəqəmlər mövcud durumu aydın göstərir: 

- Belə bir vəziyyət gözləniləndir. Pandemiyanın iqtisadiyyatın bütün sferalarına təsir edəcəyi bəlli idi. İş yerlərinin məlum təhlükə səbəbiylə bağlanması, əhalinin gəlirlərinin azalmasına səbəb oldu. Kritik durumlarda əhali adətən ilkin tələbat mallarına üstünlük verir.

Bu da tamamilə anlaşılandır. Məlum məsələdir ki, mart-iyul aylarında əsasən qida məhsullarına tələbat artıb, ən böyük satış faizi məhz bu məhsullar üzrə qeydə alınır. Gəlirlər azalıbsa, vətəndaş ilk növbədə qida məhsullarının alınmasına üstünlük verəcək.

Geyim, digər məişət mallarının alınmasını isə ikinci dərəcəli hesab edəcək və bunu daha uyğun bir vaxtadək ertələyəcək. Ona görə də statistik rəqəmlərdə bəzi qida məhsullarının istehsalında artım müşahidə edilir.

Elektronika malları üzrə satış faizinin artması isə xüsusi araşdırma tələb edən məsələdir. Həmçinin, bu mallara tələbatın artmasını da, mən ilk növbədə karantin rejiminin tətbiqi ilə əlaqələndirirəm.

Karantin rejiminin tətbiqi, “evdə qal” çağırışları, hökumətin çağırışlarına uyğun olaraq bir sıra idarə və müəssisələrin əməkdaşlarının evdən çalışmaları, gəzinti, istarahət məkanlarının qapalı olması internetin imkanlarından istifadəni xeyli artırdı.

Bunun üçün də vətəndaşlara kompüter, planşet, yeni növ smartfonlar və sair. elektronik mallar gərək oldu. O səbəbdən də bu malların alışında artım müşahidə edilməkdədir. Eyni zamanda elektronika malları satış mərkəzləri onlayn satışın təşkili və evə çatdırmalar sayəsində vətəndaşların tələbatını ödəyə bildi. Təkcə Azərbaycanda deyil, məsələn, Türkiyədə də karantin dövründə elektrotexnika mallarına sifarişlər artdı. Geyim mağazaları, ayaqqabı, digər tələbat malları mağazaları fəaliyyətini yeni bərpa edib.

Mümkündür ki, payız mövsümü mallarının alışında artım müşahidə edilsin. Həmçinin orta məktəblərin, tədris müəssisələrinin açılması qərarından da çox şey asılıdır. Yeni tədris ilinin başlanması və məktəblərin açılması qərarı veriləcəksə, məktəb ləvazimatlarının, məktəbli geyimlərinin alışı da artacaq. Yəni bütün hallarda iqtisadi vəziyyəti diktə edən pandemiyadır.