Türkiyəni durdurmaq mümkünsüzdür

Aralıq dənizində hərbi təlim keçən 4 ölkənin niyyəti baş tutmayacaq

Fransa, İtaliya, Yunanıstan və Cənubi Kipr orduları Şərqi Aralıq dənizində ortaq təlimlər keçirir. 26-28 avqust tarixlərini əhatə edən birgə təlimlərdə fransız ordusunun 3 döyüş təyyarəsi və vertolyotlarla yüklənmiş freqatı iştirak edib. Siyasi şərhçilərin sözlərinə görə, Fransa, İtaliya, Yunanıstan və Cənubi Kiprin Şərqi Aralıq dənizində birgə hərbi təlimlər keçirməsi Türkiyə ilə davam edən gərginliyi artırmaqdan başqa bir işə yaramayacaq. Ehtimal ki, buna cavab olaraq Türkiyə də genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Çünki beynəlxalq təcrübədə belə bir yazılmamış qayda var. Rəqib güc nümayiş etdirərsə, qarşı tərəf də adekvat cavab verməlidir.

Bu mənada yaxın günlərdə rəsmi Ankara bölgəyə öz donanmasını göndərə bilər. Analitiklərin qənaətincə, Afina hər nə qədər Ankaranı dialoq masasına dəvət etsə də, hərəkətləri heç də bu yöndə deyil. Fransa və İtaliyanın dəstəyi ilə Türkiyəyə meydan oxumaq danışıqlar prosesini iflasa uğradır. Ən əsası isə Türkiyə ilə belə ritorika ilə danışmaq heç bir fayda vermir. 

Ankaraya “gözdağı” vermək cəhdini “Şərq”ə təhlil edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Aralıq dənizində üz-üzə dayanmış ölkələr NATO çərçivəsində müttəfiq ölkələrdir. Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqlə bağlı siyasətində Qərbin oyunlarından və maraqlarından kənar addım atmağa başlayan kimi Ankaraya qarşı cəbhə açıldı. Suriya, Liviya və Misirdə baş verənlər bunun isbatıdır:

“Üç ölkədə başlayan proseslərdə Qərb əvvəlcə “demokratiya” adı ilə müdaxilə etdi, sonradan əsl məqsədi bəlli oldu. Nəticədə Türkiyə ilə mövqelər ayrıldı. Türkiyə hər bölgədə müstəqil mövqeyini ortaya qoydu və hərbi müdaxilə etməkdən çəkinmədi. Bir müddət sonra isə enerji siyasətini müstəqil şəkildə formalaşdırmağa çalışdı. Bu amillər indiki gərginliyin arxasında duran məqamlardır. Neft-qaz axtarışına çıxan Türkiyə açıq mesaj verdi ki, Aralıq dənizində meydan oxumaları qəbul etməyəcək. Çünki bir sıra ölkələr Türkiyəni mühasirəyə almaq istəyirdilər. İsrail və Misir də Ankaraya qarşı Qərb dövlətlərinə qoşulub”. 

Analitik bəyan edib ki, 4 ölkənin hərbi təlimləri birbaşa Türkiyəyə mesaj xarakteri daşıyır:

“Bunun bir tərəfi həmin ölkələrin daxilində baş verənlərlə bağlıdır. Fransa və Yunanıstan ictimaiyyəti ölkə rəhbərliyini tənqid edir ki, niyə Türkiyənin meydan oxumasına cavab vermirlər. Yəni dörd ölkə bir az da məcburiyyətdən Aralıq dənizində təlim keçirirlər. Digər məqam isə Qərb dövlətlərinin imperial maraqlarından qaynaqlanır.

Lakin reallıq odur ki, bu cür mesajlar əhəmiyyət kəsb etmir. Türkiyənin həddindən artıq qətiyyətli olması qarşı tərəfi geri çəkilməyə məcbur qoyur. Koalisiyada birləşən ölkələrin heç biri təkbaşına Türkiyə ilə qarşı-qarşıya gəlməyə cəsarət etmir.

Birlikdə atılan addımlar isə qardaş ölkəni öz məqsədindən çəkindirəcək miqyasda deyil.

Qərb koalisiyasına ABŞ və digər Qərb ölkələri qoşularsa, yalnız o halda Ankara hökuməti fikirləşə bilər. Ancaq indiki halda Türkiyəni durdurmaq mümkünsüz görünür”.