TƏBRİK ! - Əziz müəllimim, hər KÖNÜLdə yerin var... 

Sizin sayənizdə həm də "Şərq"ə qapı açıldı

Artıq təxminən doqquz aydır ki, "Şərq" qəzetinin əməkdaşıyam. Əslində qəzetin tipologiyasına, həmçinin yaradıcı kollektivinə xeyli əvvəldən - hələ birinci kursda oxuduğum vaxtlardan bələdəm. Elə təxminən o zamanlardan da bu mətbu orqanda müntəzəm olaraq yazılarım dərc edilirdi. 

Qəribədir ki, üç ilə yaxın bir müddət ərzində redaksiya ilə ünsiyyətim ancaq qiyabi olub. Amma ilk dəfə üçüncü kursda oxuyanda - "Qəzetdə praktik iş" seçmə fənni çərçivəsində bura gəlmişik, dekan müavinimiz və fənn müəllimimiz Könül xanımın rəhbərliyi ilə. Beləliklə, məhz o gündən etibarən gələcəkdə əməkdaşına çevriləcəyim "Şərq"ə yol açıldı...

İndi ötən günləri xatırlayanda düşünürəm: bəlkə də, Könül xanım dörd aya yaxın müddətdə məni böyük bir marafona hazırlayıbmış: sərlövhə yaradıcılığından redaktə prosesinə, maketleşmədən səhifələməyə qədər qəzetçiliyin bütün məqamlarını ən xırda detallarınadək izah edib. Özü də təkcə bir semestr ərzində, formal dərs saatlarında yox, sonrakı aylarda da.

"Qəzetdə praktik iş" seçmə fənnini oxuyan tələbələrin indiyədək evlərinin bir küncündə saxladıqları qəzet parçaları dediyim faktın bariz nümunəsidir. Həmin nömrələr ərsəyə gələnədək həftələrlə çalışır, əziyyət çəkirdik. İşimiz "planirovka" ilə başlayır, növbəti dərs günlərinin birində yaxınlıqdakı köşklərdən qəzet ("Şərq", "525-ci qəzet" və "Kaspi"də "Qəzetdə qəzet" formatında oxucularla görüşürdük) alanda başa çatırdı. Müəllimimiz ayrı-ayrı janrlardan hazırladığımız materialları diqqətlə oxuyar, mütləq nələrisə düzəldər və izahları ilə bizim üçün nəyinsə qaranlıq qalmasına icazə verməzdi. 

Ən böyük sevinclərimizdə də (açıq dərsimiz zamanı çəkilən fotoların beynəlxalq konfranslarda göstərildiyini eşidəndə), çətinliklərimizdə də (yazıları saatlarla oxuyub, redaktə edəndə), həyəcanlı anlarımızda da (universitetin 100 illik yubileyinə həsr olunmuş xüsusi nömrənin təqdimat tədbirində) daim birlikdə olmuşuq. Beləliklə, həm də ən vacib mövzunu - qəzetçiliyin kollektiv işi olduğunu öyrənmişik. 

... Xeyli vaxt keçib o günlərin üzərindən. Hər gün işə gedib-gəlir və bacardığım qədər məhsuldar olmağa çalışıram. Hazırladığım materialı adətim üzrə mütləq bir dəfə diqqətlə oxuyur, yoxlayır və həmin anlarda  düşünürəm: "görəsən, yazı necə olsa Könül xanım "10" yazardı?". Onun dediklərini, verdiyi tövsiyələri, müxtəlif janrlar haqqında söylədiyi tezisləri xatırlamağa çalışıram. Faydasız qalmır...

İndi bütün dünyanı bürüyən koronavirus pandemiyasının bitməsini və dərslərin ənənəvi formada başlayacağını səbirsizliklə gözləyirəm. Çünki bilirəm: təhsilimin magistratura pilləsinə başlasam da, müəllim-tələbə və ya baş redaktor-müxbir münasibətləri hələ uzun illər davam edəcək və bizim birlikdə çıxaracağımız hələ çox qəzet nömrələri var. 

Sentyabrın 15-i, doğma Bakı Dövlət Universitetində, Jurnalistika fakültəsində yenidən görüşmək ümidi və ən xoş arzularla ad gününüzü, yeni yaşınızı təbrik edirəm, qayğıkeş dekan müavinimiz, əziz müəllimimiz və mehriban olduğu qədər də tələbkar baş redaktorumuz.