Danışıqlar masasında fiqurlar dəyişməyib

Şanslar itirilsə, üfüqdə böyük müharibə qaçılmazdır

Moskva oyunun içindədir, rəsmi Bakı Qarabağ danışıqlarına başlamaq üçün mühitin yaradılmasını gözləyir

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya ilk səfəri başa çatdı. Onun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə əsas müzakirə mövzusu, gözlənildiyi kimi Dağlıq Qarabağ, erməni təcavüzü və təxribatları ilə bağlı oldu. Azərbaycan XİN rəhbəri rusiyalı həmkarı Lavrova Bakının imitasiya xətrinə deyil, real nəticəyə hesablanan danışıqlarda maraqlı olduğunu söylədi. Açıq mətnlə bildirdi ki, Azərbaycan bundan sonra mənasız danışıqlara vaxt itirmək, işğalçı tərəfin status-kvonu süni şəkildə uzatmaq siyasətinə yardımçı olmaq fikrincə deyil. Sergey Lavrov isə danışıqları davam etdirməyin və tezliklə Azərbaycan-Ermənistan baş diplomatlarının bir araya gəlməsinin vacibliyini vurğuladı.
Məlum olduğu kimi bu səfər Ermənistan-Azərbaycan münaqişəsinin alovlanması, xüsusi ilə Tovuzda sərhədyanı konfliktin gərginləşməsindən sonra baş tutdu. Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətindəki təxribatından sonra Rusiyadan üçüncü ölkələr vasitəsi ilə Ermənistana hərbi yüklərin daşınması haqqında məlumatlar, Prezident İlham Əliyevin məsələ ilə bağlı rusiyalı həmkarına zəngi Bakı ilə Moskva arasında dialoqun intensivləşməsini labüd edirdi. Ələlxüsus Bakı-Ankara hərbi ittifaqının güclənməsi, Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfərləri və Ankara generalitetinin Bakıya gəlişi Rusiyanı Azərbaycana münasibətdə siyasətinə yenidən baxmağa sövq edirdi. 

Rusiya XİN başçısı Sergey Lavrov mətbuat konfransında bəyan etdi ki, Rusiya bundan sonra da həm milli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri çərçivəsində səylərini davam etdirəcək: “Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımi atmosfer yaratmaq lazımdır.

Əlbəttə ki, danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”. Lavrovun çıxışının bu hissəsində ən mühüm məqam “danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır” fikridir. Uzun illər Azərbaycan rəhbərliyinin təkid etdiyi məhz budur. Rəsmi Bakı real danışıqlarda maraqlıdır, görüş xatirinə görüşün tərəfdarı deyil. 

Rusiya XİN rəhbərinin Qarabağ münaqişəsi ilə bağlı çıxışında digər önəmli məqam “ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqların tərkibinin dəyişdirilməsini qəbuledilməz hesab edir” fikrini səsləndirməsi idi. Heç şübhəsiz, Lavrovun mesajı Bakıya və Ankaraya idi. Çünki həm Bakı, həm də Ankara Minsk Qrupu həmsədrlərinin hazırkı formatının münaqişəni həll etmədiyi düşüncəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev sərhəddəki son insidentdən sonra Minsk Qrupu üzvlərinin toplanmasının zəruriliyini bildirmişdi.

Məlum olduğu kimi, Minsk Qrupunun 11 üzvü var və Azərbaycan Türkiyəni həmsədrlər sırasında görmək istəyir. Həm də Ankaranın Tovuz təxribatı zamanı ard-arda siyasi bəyanatlar verməsi, Ərdoğanın Putinlə bu məsələni müzakirə etməsi məsələləri müzakirə olunur. Lavrovun simasında Rusiya XİN bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Onu da xatırladaq ki, Lavrov azərbaycanlı həmkarı ilə görüşdən öncə Ermənistan XİN başçısı Zohrab Mnatsakanyanla telefonla danışıb. Maraqlıdır ki, Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir. 

Ekspertlərin fikrincə, Nazir Ceyhun Bayramovun Lavrovla görüşdən bir gün öncə Rusiya mediasına müsahibəsində “İşğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması cədvəlinin razılaşdırılması Qarabağ danışıqların predmeti olmalıdır” fikri Lavrov-Bayramov danışıqlarının əsas müzakirə mövzusu hesab olunmalıdır. Eyniylə həmin fikri Azərbaycan XİN başçısı birgə mətbuat konfransında da işlədib. Böyük ehtimal, həm təkbətək, həm də nümayəndə heyətləri ilə görüşlərdə bu fikir təkrar ifadə olunub. 

C.Bayramov bəyan edib ki, Azərbaycan danışıqlar prosesində konstruktiv mövqeyini ərazilərimizin 20 faizinin işğalının davam etməsinə baxmayaraq, real fəaliyyəti ilə təsdiqləyib: “Azərbaycan 30 ilə yaxındır ki, danışıqlar masasındadır. Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarıdır. Bununla yanaşı, biz hesab edirik ki, münaqişəni nizamlamaq üçün olduqca ciddi hüquqi baza mövcuddur və hesab edirik ki, danışıqlar prosesi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə əsasən aparılmalıdır.

Bunlar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və son illərdə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan digər sənədlərdir. Bu nöqteyi-nəzərdən biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq. Lakin hesab edirik ki, danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır, substantiv olmalıdır və danışıqlar prosesinin imitasiyası olmamalıdır. Hesab edirik ki, danışıqlar prosesinə zərbə vuran bəyanatlar, fəaliyyətlər beynəlxalq ictimaiyyət tərəfindən, ilk növbədə həmsədr ölkələr tərəfindən qınanmalıdır”. 


Gəlinən nəticə ondan ibarətdir ki, Lavrovun simasında rəsmi Moskva yenidən Azərbaycan və Ermənistan arasında Qarabağ danışıqlarını bərpa etmək istəyir. Lavrovun birgə mətbuat konfransında həmsədrlərin köməyi ilə hansısa mərhələdə xarici işlər nazirlərinin kontaktını təşkil etməyin planlaşdırıldığını bildirməsi də bunu göstərir. Rusiya XİN başçısının bu bəyanatına cavabı azərbaycanlı həmkarı bir gün əvvəl TASS-a müsahibəsində bildirmişdi. Ceyhun Bayramov erməni həmkarı ilə görüşün mümkünlüyü üçün Bakının şərtlərini açıqlamışdı:

“Həmsədrlər bu ilin payızında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək istəyirlər. Lakin Ermənistanın fəaliyyəti faktiki olaraq həmsədrlərin səylərini sıfıra endirib. Ermənistanın münaqişənin nizamlanması prosesini pozması təkcə iyulun 12-də baş verən hərbi hücumla məhdudlaşmır.

Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin vacibliyini, ərazilərin azad edilməsinin mümkünlüyünün istisnalığını bəyan edərək, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməklə hədələyərək, işğal altındakı ərazilərə qanunsuz köçürülmə siyasətini davam etdirərək danışıqların bərpa olunması şansına zərbə vurur. Ermənistan tərəfinin bu aqressiv bəyanatlarının və təxribatçı addımlarının siyahısını davam etdirmək olar. Bu cür şərtlərdə XİN başçılarının görüşünün tarixi haqqında danışmaq tez olardı”.

Göründüyü kimi, rəsmi Bakı İrəvanla Qarabağ danışıqlarına başlamaq üçün mühitin yaradılmasını gözləyir. 

Bu arada Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Ermənistanın işğalçılıq siyasətini pisləyən yeni açıqlama ilə çıxış edib. Türkiyəli nazir Ermənistanın bəzi qüvvələr tərəfindən himayə edildiyini və bundan cəsarət alaraq Azərbaycana qarşı təxribat xarakterli addımlar atdığını bildirib: “Azərbaycan türkləri doğma qardaşlarımızdır. Buna görə biz iki dövlət bir millətik. Təbii ki, biz burada tərəfik. Təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərlə qardaşlarımızla birlikdəyik. Ermənistan məntiqlə və ağılla düşünərək iş görmür. Arxasındakı güclərdən güc alaraq başından böyük işlərə girişir”. Akarın bu açıqlaması Türkiyənin dolayısı ilə Rusiyaya mesaji kimi dəyərləndirilir. 

Vəhdət Partiyasının sədri müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü indiyə qədər keçirilən görüşlərdən tərkib baxımından fərqli olsa da, keyfiyyət baxımdan dəyişməz qaldı. Politoloq bildirib ki, Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti bu görüşə psixoloji baxımdan üstün durumda qatılmışdı: 

"Tovuz tərxibatı və ardınca Rusiyanın Ermənistana böyük həcmdə silah bağışlaması Azərbaycanın danışıqlarda ittihamçı tərəf kimi çıxış etməyə əsas verirdi. Eyni zamanda Türkiyənin çox ciddi şəkildə prosesə qoşulmaq niyyəti Azərbaycan üçün böyük dəstək idi. Əslində danışıqların formatında və həlli yollarının axtarılmasında heç bir irəliləyişin olmayacağı öncədən məlum idi.

Rusiya münaqişənin ədalətli həllində maraqlı deyil. Lakin Türkiyənin prosesə qatılmaq niyyəti Rusiyanı ciddi şəkildə narahat edir. Hesab edirəm ki, Türkiyənin  münaqişənin həlli istiqamətində öz dəstəyini verməsində qərarlığı bizim üçün çox vacibdir. Mümkün qədər bu faktorun üzərində israrla dayanmalıyıq”. 

Partiya funksioneri bildirib ki, lazım gələrsə, Minsk Qrupunun fəaliyyətsizliyini önə çəkərək danışıqların başqa formatda aparılmasına nail olmalıyıq: “Minsk Qrupundan imtina üçün əlimizdə hüquqi əsaslar var. Rusiyanın münaqişə tərəflərinin biri ilə hərbi ittifaqda olması onun problemin həlli üçün yaradılmış qrupa həmsədrilk etməsini mümkünsüz edir.

Əfsuslar olsun ki, uzun illərdir, bu məsələyə diqqət yetirmirik, nəzərdən qaçırırıq. Hazırda bizim üçün prioritet məsələ Türkiyə və NATO ilə hərbi əməkdaşlıq yollarını axtarmaq olmalıdır. Tarix və faktlar göstərdi ki, Rusiya öz xoşu ilə torpaqlarımızın azad olunması istiqamətində ədalətli addım atmayacaq, heç barmağını belə tərpətməyəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoy da xatırladıb ki, Şoyqu ölkəmizə səfərdən öncə David Tonoyanla görüşüb, Sergey Lavrov isə Ceyhun Bayramovla görüşdən qabaq Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb:

“Şoyqu deyib ki, 400 tonluq yük hərbi sursat deyil, inşaat materialları idi. Lavrov isə Ermənistanı qınayıb ki, niyə boru xətlərinin 15 km-liyində partlayış edib təhlükə yaradıb?

Əvvəla Rusiya artıq bizimlə hesablaşmalı olduğunu anlayır. Digər tərəfdən bizə nəyisə sübut etmək məsuliyyəti hiss edir. Bundan əlavə Türkiyənin Cənubi Qafqaza gəlişini faktiki olaraq qəbul edir.

Moskvanın başqa çarəsi yoxdur. Ancaq Rusiya danışıqlara müdaxilə edərək prosesi ləngitmək istəyir. Bu, birmənalıdır. Hazırda Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq, xüsusilə də hərbi müstəvidə münasibətlər ən pik həddədir. Bundan lazımınca və tez zamanda istifadə etməliyik. Bir sözlə, daha qəti mövqe sərgiləməliyik. Əlverişli situasiya yetişib, indi tam zamanıdır.

Əlbəttə, istənilən addımda Rusiya müdaxilə edəcək. Moskva öz forpostunu və bizə qarşı olan əsas təsir rıçaqını itirməmək üçün hər şeyi edəcək. Amma indi Rusiya bir çox cəbhədə mübarizə aparır.

Bundan əlavə üçüncü ölkənin müdaxiləsindən dərhal sonra Türkiyə də prosesə qoşulacaq. Heç bir halda Rusiya Türkiyə ilə açıq şəkildə qarşı-qarşıya gəlməz. Təbii ki, hərbi gücü var, amma bu onun üçün sonun başlanğıcı olar.

Danışıqlara gəlincə, masaya o zaman oturub müzakirə aparmalıyıq ki, Dağlıq Qarabağ və ətraf rayonlar konkret geri qaytarılsın. Bunun alternativi yoxdur”.