İlahiyyatçı-alim: "Ölkəmizdə hər zaman mömin insanların inanclarına hörmətlə yanaşlıb"

 Ümummili Liderimizin Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsində, dövlət - din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin mühüm tərkib hissəsinə çevrilməsində rolu böyük olub.

Onun layiqli davamçısı Prezidenti İlham Əliyevin dini dəyərlərimizə diqqət və qayğısı sayəsində ölkəmizdə yeni məscidlər, dini ibadətgahlar və ziyarətgahlar tikildi və təmir olundu. Ölkəmizdə hər zaman mömin insanların, dindarların inanclarına hörmətlə yanaşılıb.

Təəssüf ki, hazırda bütün dünyanı cənginə alan  koronavirus səbəbindən dini ayinlərin ənənəvi şəkildə keçirilməsi mümkün olmadı. İndi insanların qaydalara riayət etməsi və kütləvi ibadət tədbirlərindən kənar durması zəruri edir. Digər ölkələrdə də analoji qaydalara riayət olunması, məscidlərin qapalı qalması, dini ayinlərlə bağlı xüsusi məhdudlaşdırıcı qaydaların tətbiqi məqsədəuyğun hesab olunub. Lakin bu gün Aşura günündə insanların sağlamlıq məqsədilə tətbiq edilən qaydalara məhəl qoymadığı da aşkarlandı.

Bu barədə “Şərq”ə danışan ilahiyyatçı-alim Atif İsmayılov bildirib ki, bu qədər təbliğata və maarifləndirməyə rəğmən Aşura günündə qaydalara tabe olmayanlar aşkarlandı. İlahiyyatçı-alim bildirib ki, dövlətimiz hər zaman dinə və dindarlara yüksək qayğı göstərib:

“Aşura günündə insanların bir yerə toplaşması onların mənəvi hissiyatından irəli gələn bir addımdır. Bu tam çərçivəyə salınası bir şey deyil. Bildiyimiz kimi, hər il Aşura mərasimi cəmiyyətimizdə kütləvi formada həyata keçirilib. Pandemiya səbəbindən aparılan təbliğatlara və qoyulan qadağalara baxmayaraq, Lənkəranda və Şəmkirdə qayda-qanunların pozulması halları aşkarlandı. Təbii ki, bu da onların içindən gələn bir hissdir, yəni qanunlar insanların daxili hissinə hakim ola bilmir. Bu dini inancdır. Əgər camaat bu addımları atarkən pandemiyanın tənzimlənmiş nizam-intizamlı qaydalarına riayət etsəydilər daha məqsədəuyğun olardı. Kütləvi şəkildə bir yerə axın etmək təbii ki, yolverilməzdir. Amma insanların mənəvi hissiyyatına heç kim hakim ola bilmir. Gördük ki, bu gün bir qrup insanlar nümunəvi şəkildə sosial məsafəni qorumaq şərtilə şəhidlərimizi ziyarət etdilər. Eyni zamanda bu həm şəhidlərimizə olan hörmət idi, həm də Aşura günün anımı idi. İnsanlar açıq şəkildə anlamılıdır ki, digər ölkələrdə də analoji qaydalara riayət olunur. Ölkəmizdə hər zaman mömin insanların inanclarına hörmətlə yanaşlıb. Görülən bütün zəruri tədbirlər insanların sağlamlığının qorunması məqsədini daşıyır ”.