Planet təlatüm içində: Türkiyə ilə Avropa üz-üzə.. ! - “Müharibə başlaya bilər !”

“Amerika və Rusiya hələ ki, son sözünü deməyib"

“Amma Türkiyənin geri çəkiləcəyi ehtimalı yoxdur”

“Ortaq məxrəc tapılmalı və qarşı-qarşıya duran tərəflər geri oturmalıdır”

Yunanıstan növbəti beş il ərzində Fransadan 10 milyard avroluq silah alacaq. Bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazıb. Bildirilib ki, Yunanıstan 2020-2021, 2020-2025-ci il üçün iki silahlanma proqramı üzərində çalışır. Ölkə son illər iqtisadi böhrana görə silahlanma ilə bağlı dayandırdığı siyasətini dəyişdirməyə qərar verib. Ölkənin İsrail və Birləşmiş Ərəb Əmirliklərinindən də silah alacağı bildirilir.
Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisinin göndərilməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.
 
 Türkiyə indiki mürəkkəb şəraitdə Azərbaycana əlindən gəldiyi qədər kömək edir. Amma qardaşlarımız özləri də çətin vəziyyətdədirlər. Nə bizim, nə də qardaşlarımızın düşməni “ipə-sapa yatmır”. 



 İki qonşu ölkə arasındakı ziddiyətli münasibətləri və münaqişəni “Sherg.az”a təhlil edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov bunun tarixi əsaslarından danışıb: 

“Türkiyə ilə Yunanıstan arasında bu gün yenidən qızışan münaqişənin kökündə müxtəlif səbəblər dayanır. “Yenidən qızışan” ifadəsi ilə iki qonşu dövlət arasındakı düşmənlik münasibətlərinin uzun müddətdir, davam etdiyini demək istəyirəm. Osmanlı İmperiyasının zəifləməsindən istifadə edən Yunanıstan  1830-cu ildə müstəqillik əldə etdi. Bu dövrdən sonra müxtəlif vaxtlarda iki qonşu dövlət dörd dəfə müharibə ilə nəticələnən qarşıdurmaya giriblər: 1897-ci ildə Yunanıstan – Türkiyə müharibəsi, 1912-1913-cü ildə birinci Balkan müharibəsi zamanı, 1914-1918-ci ildə Birinci Dünya müharibəsi və nəhayət ,1919-1922-ci ildə Türk-Yunan müharibəsi.

Diqqət yetirdikdə tarixin müəyyən mərhələsində dünyada baş verən müxtəlif qlobal proseslər iki ölkə arasında münasibətlərin gərginləşməsində mühüm rol oynayır. Dünya yeni çağırışlar qarşısında qalanda bu iki dövlət biri-biri ilə müharibəyə qədər gətirib çıxaran münaqişələrə girirlər. Bu gün də planet yeni təlatümlər içindədir və yeni çağırışlar böyük- kiçikliyindən asılı olmayaraq, bütün dövlətləri hədələyir. İqtisadi böhran, COVİD-19 – un gətirdiyi çətinliklər ölkələri dilemmalar qarşısında qoyub. Pandemiyadan üzüağ çıxmaq, ölkədə sabitlik və əmin-amanlığı qoruyub saxlamaq indi bütün dövlətləri düşündürən ümdə məsələlərdir”.

Professorun fikrincə, Türkiyənin artan nüfuzu Avropa ölkələrini təlaşlandırır:

“Yunanıstanın Avropa Birliyi daxilində ən zəif nöqtə olması hamıya çoxdan məlumdur. Üç il bundan qabaq defolt vəziyyətinə düşən bu respublika indi heç də yaxşı durumda deyil. O zaman Avropa Birliyi ölkələri ələ-ələ verib onu vəziyyətdən çıxardılar. İndi isə Almaniya, Fransa və İtaliyanın başı öz ölkələrindəki vəziyyətə qarışıb.

Avropanın digər ölkələri də heç yaxşı vəziyyətdə deyillər. Yunanıstan yenə də iqtisadi vəziyyəti düzəltmək, pandemiyanın vurduğu yaraları sağaltmaq üçün fürsətlər axtarır. Türkiyə ilə münaqişə belə imkanlardandır. Axı Fransa, Almaniya və digər Avropa ölkələri də Osmanlı varisinin artan nüfuzundan narahatdırlar.

Türkiyənin pandemiyadan üzüağ çıxacağı və pandemiyaya qədər olduğundan daha yaxşı iqtisadi və siyasi vəziyyətdə olacağı artıq dünya ölkələri üçün gizli deyil. Buna görə Türkiyənin sürətli inkişafının qarşısını almaq üçün əl-ələ verib tədbir görürlər. Yunanıstanın ətrafında toplaşan digər ölkələr də elə bununla məşğuldurlar”.

 Politoloq, həmçinin bildirib ki, indiki şəraitdə loyal siyasət yürüdüb, kompromisə getmək hər iki tərəf üçün ən ideal variantdır:

 “Son iki ildə Yunanıstan Türkiyəyə qarşı tab gətirmək üçün gah İsrail, gah da Misirlə Aralıq dənizinin şimalında , Türkiyə sərhədlərinə olduqca yaxın bir yerdə neft və qaz çıxarmaq haqqında müqavilə imzaladı.

Lakin Misir və İsrail Yunanıstana yetərli dəstək vermədikdə o,  Avropa Birliyini prosesə cəlb etməyə çalışdı. Mübahisə Aralıq Dənizinin Şimal hissəsində Türkiyəyə 10-15 kilometrlik məsafədə yerləşən ərazidə neft və qaz yataqlarının axtarışı, işlənməsi hüququ uğrunda məsələ üzərindədir.

Yunanıstan, az qala, Türkiyənin ərazisində axtarış və qazma işləri aparmaq istəyir. Təbii ki, Türkiyə buna razı ola bilməz. Olmayacaq da. Türkiyə Hərbi Dəniz qüvvələri və “Oruc Rəis” qazma gəmisini Aralıq Dənizinə göndərib. İndi ciddi tədqiqat işi ilə məşğuldur. Yunanıstan, eləcə də, digər Avropa ölkələri Türkiyənin bu hərəkətinin qarşısını almağa cəhd edir və onun hərbi gəmilərinə qarşı qüvvə yeridirlər. Vəziyyət olduqca ciddidir. 

Müharibə hər an başlaya bilər. ABŞ başda olmaqla digər dövlətlər münaqişənin danışıqlar yolu ilə həll etməyə çalışır. Amerika və Rusiya hələ ki, son sözünü deməyib.

Münaqişənin müharibəyə qədər gəlib çatacağı gözləntisi azdır. Amma Türkiyənin geri çəkiləcəyi ehtimalı yoxdur. Ortaq məxrəc tapılmalı və qarşı-qarşıya duran tərəflər geri oturmalıdır”.