Daban “şpor”u niyə yaranır və ondan necə qurtulmalı? – Ətraflı izah

Daban mahmızı- çox geniş yayılmış, topuqda güclü ağrılarla müşahidə edilən xəstəlikdir. Bu xəstəlik nəticəsində daban nahiyəsində yerləşən bağlar iltihablaşır. İltihab artdıqca daban sümüyünün üzərində çıxıntılar əmələ gəlir. Məhz bu çıxıntılara “şpor”lar deyilir. Çıxıntılar bəzən 12 mm qədər olur. 

Daban mahmızının əsas əlaməti ağrı sindromudur. Ağrı dabanda yaranmış şporun yumşaq toxumaları zədələməsi nəticəsində yaranır. Nəticədə dabanda iltihabi proses meydana çıxır, ayağın pəncəsinə kimi yayılır. Ağrı fiziki yüklənmə, uzun müddət bərk səthdə ayaq üstə dayanarkən, gəzmə və tullanma hərəkətləri edərkən, narahat və dar ayaqqabı geyinərkən artır.



Fəlsəfə üzrə tibb elmləri doktoru, Biolab Tibb Mərkəzinin baş həkimi, revmatoloq Həsənağa Qənbərov “Sherg.az”a açıqlamasında daban mahmızı xəstəliyinin müalicəsindən danışıb.

Revmatoloq qeyd edib ki, hər il 2 milyon adam bu xəstəliyə görə həkimə müraciət edir , bunların 70 – 80 faizi qadınlardır:

“Daban manmızının elmi adı “plantar fasiit” və ya “daban fasiiti”dir. Xəstəlikdə daban altında vətərlərin bağlandığı yerdə iltihab olur , sonra yerində mahmız əmələ gəlir. Xəstəlik 90 faiz hallarda yastıpəncəlik nəticəsində yaranır.

Hərəkət zamanı belə adamlarda ayaq tağı olmadığı üçün gərginlik vətərlərə və onların bağlandığı dabana düşür, iltihab, travma törədib çapıq əmələ gətirir”.

H.Qənbərov vurğulayıb ki, yaşla əlaqədər həm aşağı ətraflarda qan dövranı pozulur, həm də uzun müddət yük düşür:

“İdman və intensiv məşq edənlər, hətta yeniyetmələr də qaçış və tullanma zamanı mikrotravma xəstəli ilə üzləşə bilər. Ağır çəki, nahamar yerdə gəzmək, hündür daban ayaqqabıda 3-4 saatdan çox gəzmək, ayaqdakı döyənək və hamiləlik nəticəsidə də xəstəlik baş verə bilər.

Bəzi xəstəliklər-padaqra , şəkərli diabet, revmatoidli artrit, Bexterev xəstəliyi, Reyter xəstəliyi və.s fasiit verib daban mahmızı xəstəliyini törədə bilir”.

Həkim qeyd edib ki, xəstəlik başlayanda dabanı möhkəm yerə basanda mismar batması kimi güclü ağrı olur, sonralar ağrının intensivliyi azalır:

“40 yaşdan sonra daha çox qadınlarda bu xəstəliyə rast gəlmək olur. Xəstə ağırlığını dabanın çöl tərəfinə və pəncəyə saldığı üçün 93 faiz hallarda xəstənini yerişi dəyişir.

Artıq çəkisi olan 16-18 yaşlı gənclərdə isə dabanda deformasiya başlayır. Belə gənclər ortapedik ayaqqabı geyinməlidir ki, daban mahmızından əziyyət çəkməsinlər”.