Tibbi maskaların xammalı rüsumdan azad edilib –  Qiymət ucuzlaşır?!

“Rüsumlar maskaların maya dəyərinə və xərcinə təsir göstərən əsas faktorlardan biridir”

“Təklifimiz budur ki, maskaların qiymətinin azaldılmasına dair mümkün olan imkanlara baxılsın”


Tibbi maskalar üçün gətirilən xammal gömrük rüsumundan azad edilib. Bu barədə baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərar imzalayıb. 

Qərar “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədədir. Dəyişikliyə əsasən, tibbi maskaların hazırlanması üçün istifadə edilən xammal 2022-ci il dekabrın 31-dək gömrük rüsumdan azad edilib.

Xammal üçün gömrük rüsumlarının ləğv edilməsindən sonra tibbi maskaların qiymətinin ucuzlaşması ən çox müzakirə olunan məsələlər sırasındadır. Maraqlıdır, tibbi maskaların ucuzlaşması mümkündürmü?



Millət vəkili, iqtisadçı-ekspert  Vüqar Bayramov “Sherg.az”a açıqlamasında maskaların istehsalı ilə bağlı xammalın rüsumlardan azad edilməsininin təqdirəlayiq olduğunu deyib. Deputat bildirib ki, rüsumlar maskaların maya dəyərinə və xərcinə təsir göstərən əsas faktorlardan biridir:

“Xammal tibbi maskaların istehsalında əsas xərc maddələrindən biridir. Ümumiyyətlə, maskaların qiymətinin optimallaşdırılmasının tərəfdarıyıq. Hətta təklifimiz odur ki, ehtiyac olarsa, bu istiqamətdə müəyyən subsidiyalar ayırmaqla tibbi maskaların qiymətinin enməsi məqsədəuyğundur.

Artıq kütləvi istehlak var, vətəndaşların tələbi yüksəkdir.

Ona görə də təklifimiz budur ki, maskaların qiymətinin azaldılmasına dair mümkün olan imkanlara baxılsın. Bu istiqamətdə dövlət dəstəyinin daha da artırılması da təklif olunur.

Növbəti aylarda pandemiyanın davam edəcəyi gözlənilir. Ona görə maskaların qiymətinin azalması məqsədəuyğundur”.