Bakıda çoxmərtəbəli binalar başdan papaq salır

Pandemiya başımızı qatdı, təbii fəlakətlərə də  hazırlıqlı olmalıyıq


Zəlzələyə hazırıqmı? Koronavirus dünyanın başını qatıb. Amma təbii fəlakətlər yaddan çıxmamalıdı. Son illər paytaxtda tikilən çoxmərtəbəli binalar başdan papaq salır. Bu binalar zəlzələyə necə, davamlıdırmı? Müasir alıcı artıq mənzil seçimində bütün amillərə diqqət etmək məcburiyyətindədir. O cümlədən də binanın zəlzələyə davamlı tikilib-tikilmədiyinə. Qardaş Türkiyədə zəlzələ həyəcanı tikintilər zamanı seysmik xəritələrin nəzərə alınmasını vacib edir. 

Türkiyədə aparılan araşdırmaya əsasən, ölkənin 18 vilayətinin 80 rayonunda yerləşən 100 min tikilinin seysmik xətt üzərində olduğu müəyyən edilib.
Bununla bağlı yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim ediləcək. Qanunun qəbul olunacağı təqdirdə seysmik xətt üzərində inşa olunan bütün tikililər ya yenidən inşa ediləcək, ya da daha təhlükəsiz bölgələrə köçürüləcək. 

Məsələ ilə bağlı hüquqi tənzimləmə üçün mütəxəssislərdən ibarət qrupların yaradıldığı bildirilir.

Ölkənin Mineral Araşdırma və Kəşfiyyat Baş İdarəsi tərəfindən aparılan son araşdırmaya əsasən, böyük zəlzələlərin gözləndiyi İstanbulda isə seysmik xəttin şəhərin mərkəzi hissəsindən keçmədiyi, lakin buna baxmayaraq Avropa qitəsində 8, Asiyada isə 11 rayon olmaqla ümumilikdə 400 min tikilinin riskli olduğu müəyyən edilib.

Bəs Bakıda vəziyyət necədir?   
   
“Bakının şərq hissələri, xüsusilə Xəzər dənizinə yaxın hissələri seysmoloji baxımdan 9 bal və ondan çoxdur. Ona görə də həmin ərazidə binalar heç olmasa, 9-10 bala dözümlü tikilməlidir”. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, müstəqillik illərində Bakının şərq hissəsinin seysmoloji aktivliyinin 9 bal və daha yüksək olması əksər binaların tikintisi zamanı nəzərə alınıb. Lakin sovet dövründə bu amilə əhəmiyyət verilməyib. Burada tikilən binalar ən çoxu 8 bal nəzərə alınmaqla inşa edilib:

“Paytaxtın şərq hissələri Bakının ən çox zəlzələ baş verən hissəsidir. Burada il ərzində 700-800 titrəmə qeydə alınır. Onların bəziləri 3 baladək olur, amma 9 baladək zəlzələ də baş verə bilər.

Buna görə də həmin ərazidə yaşayış binaları tikilərkən bu amil nəzərə alınmalıdır və binalar heç olmasa, 9-10 bala dözümlü tikilməlidir. Köhnə binaların vəziyyəti isə yenidən qiymətləndirilməlidir və onlar yenilənməlidir”.

N.Paşayev əlavə edib ki, Bakının sürüşməyə meyilli olduğu ərazilər – Səbail rayonunda Bayıl yamacı, Yasamal rayonunda Nərimanov dairəsi, Xətai rayonunda Əhmədli massivi və s. həm də zəlzələyə meyilli ərazilərdir.

Ümumilikdə Abşeron yarımadasının seysmik zona olduğunu nəzərə çatdıran N.Paşayev əlavə edib ki, bu səbəbdən Bakıda tikilən bütün binalar 8-9 bala uyğun inşa edilməlidir. 

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova “Şərq”ə açıqlamasında əksinə, sovet illərində tikilmiş binaların zəlzələ zamanı zərər görmədiyini dedi:

- 2000-ci il zəlzələsi zamanı Bakıdakı 5 mərtəbələrə heç bir ziyan dəymədi. “İstiqlal” muzeyinin arxa tərəfində bir bina zərər görmüşdü, bu da həmin binaya sonradan bitişik başqa bir bina inşa edildiyinə görə idi. Sovet vaxtı da seysmiklik nəzərə alınırdı. Sadəcə, o illərdə binalar 8 bal gücünə hesablanırdı. Seysmik xəritələr belə tərtib edilmişdi.

Lakin sonrakı illərdə sürüşmələr aktivləşdi və seysmoaktivlik artıq 9-10 bal gücünə hesablanmağa başlandı. İndi tikilən binalar da 9-10 ballıqdı. Hətta elə yerlər var ki, binalar 11 ballıq tikilir.

Bu, qrunt yumşaq olan ərazilər üçün nəzərdə tutulur. Qrunt yumşaqdırsa, orda mütləq beton svaylar vurulmalıdır. 5 mərtəbələrin zəlzələyə davamlı olmasının əsas səbəbi mərtəbələr arasında antiseysmik kəmərlərin qoyulmasıdır. Ovaxtkı binaların hamısı belə tikilirdi.

Təkcə bağ evlərində nəzərə almırdılar, deyirdilər, onsuz da fundament möhkəmdi. Amma ev ikimərtəbəlidirsə, istənilən halda antiseysmik kəmər qoyulmalıdır. Müasir tikililərdə də seysmiklik mütləq nəzərə alınmalıdır.

Birbloklu binalar təhlükəlidir. Ona görə də, bizə layihə təqdim olunanda, əgər birblokludursa, məsləhət görürük ki, heç olmasa 2 bloklu edin. Çoxbloklu binalar da lentvari – dalğavari tikilməlidir ki, zəlzələ olarsa, təkanların gücü azalsın. Çünki dalğavari tikililər bir-birinə dayaq olur.

Təkanlar binadan binaya keçdikcə gücü azalır, dağıntı olmur. Müasir tikililərdə sütunlardan istifadə edilməsi də yaxşı haldır. Məlumdur ki, Yaponiyada zəlzələ dağıntılarını önləmək üçün binaların elastiklikliyi təmin olunur. Yəni zəlzələ zamanı bina yıxılmır, “əyilib-qalxır”. Bu, inşaatçıların biləcəyi məsələdir. Binanın özülü elə qurulur ki, elastik olur. Sınmır, yalnız əyilir. 

Z.Budaqova paytaxtda daş binaların möhkəm olduğunu, beton binalarınsa yaşayış üçün ziyanlı olduğunu bildirdi: 

- Paytaxtda istifadə müddəti bitmiş, müasir tələblərə cavab verməyən binalar var. Məsələn, “stalinka” adlanan binalar daşdandı. Onların mətbəxi də, dəhlizi də böyükdür. “Kiyev”, “Leninqrad” (Sant-Peterburq), “Minsk” layihəli binalar var. Üstünlükləri də var, əskik cəhətləri də. Amma “xruşşovka”lar tamam yararsızdı.

Onlar əsasən mikrorayonlardadı. Otaqlar çox kiçik, sanitar qovşağı ümumidi, yəni, ayaqyolu ilə hamam bir yerdədir. Ən böyük mənfiliyi isə bu binaların beton konstruksiyalı olmasıdır.

Beton evlər insanların ürək xəstəliyi, revmatizm tapmasına səbəb oldu. Bu binalar sökülməlidir. Amma daş evlər möhkəmdilər. Ümumiyyətlə, yeni binalar inşa edilərkən şəhərin memarlıq xüsusiyyətləri, ərazinin zəlzələyə davamlılığı, torpaq qatının möhkəmliyi – hər bir amil nəzərə alınmalıdır.

Məni ən çox narahat edən yeni yaşayış binalarının bir-birinə çox yaxın məsafədə tikilməsidir. Binaları elə tikirlər ki, biri o birinə işıq, günəş şüası düşməsinin qarşısını alır. Hava da normal dövr etmir. Bu da sakinlər üçün təhlükədir. Müxtəlif xəstəliklər yarada bilər. Yararsız binalar sökülməli, yeniləri  inşa edilməlidir, amma şərtlər nəzərə alınmaqla.