“Mülki əhali də müharibəyə psixoloji hazır olmalıdır” - MÜSAHİBƏ

“İlk növbədə səfərbərlik planının məxfi olmayan tərəflərini əhaliyə izah etmək şərtdir”

“Hərbi sistemdə atılan hər bir addım həm ruh yüksəkliyi, həm də panika yarada bilər”

“Məsələyə mütləq sakit, soyuqqanlı yanaşmalıyıq. Sözü keçən, ictimai nüfuzu olan adamlar əhaliyə müraciət etməlidirlər"

"Hamımız başa düşməliyik, belə bir gün gözlənilir”



Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində baş verən hadisələr bizi müharibəyə doğru aparır. Politoloqlar, hərbi ekspertlər də deyirlər ki, genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi qaçılmazdır. Çünki Azərbaycan xalqının səbri artıq tükənir. Biz torpaqlarımıza qovuşmaq istəyirik. Düşmən isə təxribatlarına ara vermir. Həyasızlığına davam edir. 

Deməli, hər an hər şey ola bilər. Biz həmin məqamda özümüzü itirməməli, düşmənin gözünün içinə dik baxmalıyıq. Bu isə təkcə hərbçilərdən yox, mülki əhalidən də psixoloji hazırlıq tələb edir. 

 Tanınmış psixoloq, hərbi ekspert Azad İsazadə sözügedən məsələ barədə “Sherg.az”ın suallarını cavablandırıb:

- Cəmiyyətimizin müharibə ilə bağlı psixoloji hazırlığını necə qiymətləndirirsiniz?

- Tovuz hadisələrinə reaksiya, o cümlədən keçirilən yürüş, gənclərin könüllülük müraciətləri göstərir ki, hazırlıq pis deyil. Sadəcə bu kortəbii prosesi idarə etmək lazımdır. 

- Necə?

- İlk növbədə səfərbərlik planının məxfi olmayan tərəflərini əhaliyə izah etmək şərtdir. Məsələn, cəbhədə hərəkətlənmə başlayacağı təqdirdə tibbi idarələrin hara evakuasiya olunacağını, harda neçə həkimin olacağını, bir sözlə, kimin nə edəcəyini insanlar bilməlidir. Bu proses ictimailəşdirilməsə də, aparılmalıdır. 

- Müdafiə xarakterli sığınacaqlar barədə nə düşünürsünüz?

- Təbii ki, sığınacaqlarda su, qida ehtiyatı, habelə generator olmalıdır. Adamlar hansısa fövqəladə hadisə zamanı orada mühafizə oluna bilərlər. Amma sözügedən sığınacaqların əhəmiyyəti bununla da bitmir. 

- Başqa hansı mühüm amillər var?

- Görülən hazırlıqlar insanlarda ruh yüksəkliyini artırır. Çünki bu, hazırlıqların hər an davam etdiyi deməkdir. İkinci bir tərəfdən isə düşmənə mesajdır. Ermənilər də bir müddət əvvəl həmin metoddan istifadə etdilər. Bütün əhalinin hərbi hissələrə çağırılması eyni zamanda manipulyasiya məqsədli idi. Düşmən belə bir fon yaratmaq istəyirdi ki, guya insan resursu kifayət qədərdir. 

- Bəs dediyiniz məqam panika ilə nəticələnib, əks-effekt verə bilərmi?

-Əlbəttə. Hərbi sistemdə atılan hər bir addım həm ruh yüksəkliyi, həm də panika yarada bilər.

- Elə isə nə etmək lazımdır?

-Məsələyə mütləq sakit, soyuqqanlı yanaşmalıyıq. Sözü keçən, ictimai nüfuzu olan adamlar əhaliyə müraciət etməlidirlər. Və bu çağırışlar əsla əmr xarakterli olmamalıdır. Biri var, evdən çıxanda hər ehtimala qarşı qazı bağlayasan, biri də var yanğın baş vərəndən sonra panika yaradasan, təşvişə düşəsən. Yəqin, aradakı fərq görünür. Bəlkə də, heç müharibə olmayacaq.

Amma istənilən halda tədbiri əldən verməməliyik. Hamımız başa düşməliyik, belə bir gün gözlənilir.