Bakının mərkəzi küçələrindən biri olan Nizami küçəsi (Tarqovu) yenə də insanlarla dolub-daşır. Türkü, yəni Türkiyə xalq mahnısını eşidib dayanırıq. İki nəfərin ətrafına adamlar toplaşıb. Kişi musiqi alətində çalır, qadın isə ifa edir. Səsi o qədər güclüdür ki, mikrofondan da istifadə etmir. Diqqətimizi çəkirlər. Mahnının bitməsini gözləyirik və sonra yaxınlaşırıq.
Mən: Salam.
Onlar: Salam.
Mən: Yorulmayasınız. Tükiyə türküsünüz?
Onlar: Çox sağ olun. Bəli.
Mən: İlk dəfədir Türkiyə türklərindən olan şəxslərin burada türkü səsləndirdiyini eşidirəm. Mən jurnalistəm. Sizinlə müsahibə edə bilərəm?
Qadın: Əlbəttə. Bizim üçün də xatirə qalar.
Mən: Özünüzü təqdim edə bilərsiniz?
Onlar: Ela Uzun və Serdar Uzun.
Mən: Musiqiçisiniz?
Ela Uzun: Mən tibb bacısıyam. Həyat yoldaşım da başqa işdə işləyir. Amma eyni zamanda bağlama(Türk xalq musiqi aləti) müəllimidir, şagirdləri var. Bundan əlavə, bir qurumda da dərs deyir. Gündüz saat səkkizdən beşə qədər işləyirik. Axşam isə həyat yoldaşım dərs keçir.
Mən: Bəs musiqi ilə necə tanış olmusunuz?
Ela Uzun: Mən uşaq vaxtlarımdan bəri mahnı oxumağı çox sevirəm, xüsusilə də türküləri. Türkülərlə böyümüşəm. Həyat yoldaşım da iyirmi beş ildir bağlama çalır. Biz musiqi alətində çalmadan, oxumadan dura bilmirik. Öz evimizdə də belədir, hər gün mütləq çalıb-oxumalıyıq.
Çünki biz türkülərə aşiqik. Getdiyimiz ölkələrdə də ifa edirik.

Mən: Hansı ölkələrə getmisiniz?
Ela Uzun: Albaniyaya, Bosniya və Herseqovinaya, Şimali Makedoniyaya getdik. Orada da ifa etdik. Xüsusilə türk və Türkiyə olaraq ifa edəndə bu, onların daha çox xoşuna gəlir.
Bura gələndə Qız qalasında da ifa etdik. Hamı heyran qaldı. Hətta bir qrup bizə: “Bizim üçün də oxuyarsınız?” dedilər. Biz də onlarla birlikdə xeyli ifa etdik.
Biz mahnıları çox sevirik. Həm sevdiyimiz işi görürük, həm də ölkələri gəzirik.
Serdar Uzun: Məsələn, yaşlı bir əmi ilə tanış olduq. Adı nə idi, Azər idi, yox… Hə, Azər dayı idi. Səsimizi uzaqdan eşidən kimi dərhal yanımıza gəldi. Dedi ki, siz burada dayanmayın. Biz də düşündük ki, yəqin narahat olub.
Soruşduq ki, “Nə oldu? Narahat oldunuz?” Dedi: “Yox, yox, siz Tarık Ustanın yanına gedin".
Biz Tarık Ustanı tanımırdıq. Dedi: “Yaxşı, mən sizə yolu izah edəcəyəm, gedəcəksiniz”. Biz də dediyini etdik. Tarık Ustanın yanına getdik. Sonra onunla tanış olduq, söhbət etdik.
Ela Uzun: “Sıra gecələri” təşkil edirmiş. Telefon nömrəmizi də götürdü.
Serdar Uzun: Dedi ki, “İnşallah ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq”. Əgər əlaqə saxlasalar, bəlkə hər ay, bəlkə də ildə iki-üç dəfə Azərbaycana gəlib-gedərik.
Mən: Necə qərar verdiniz ölkələri gəzib musiqi oxumağa?
Serdar Uzun: Həyat yoldaşım gəzməyi çox sevir.
Ela Uzun: Bəli, çok sevirəm.
Serdar Uzun. Mən ilk dəfə onunla xaricə getdim. Yəni ilk xaricə səfər təcrübəm həyat yoldaşımla oldu. Siz deyirsiniz ki, ilk dəfədir bir Türkiyə türkünün burada oxuduğunu gördüm.
Mən: Bəli.
Serdar Uzun: Əslində bu, bir mədəniyyət məsələsidir. Biz buraya gələrək sizin mədəniyyətinizi öyrənirik. Məsələn, həyat yoldaşımla bunu müzakirə edirik: biz bir yerə gedəndə, dərhal deyirlər ki, “gəlin, əşyalarınızı götürək”. Məsələn, bağlama varsa, onu da götürək. Yəni məqsədləri yükümüzü yüngülləşdirməkdir ki, biz rahat şəkildə gəzə bilək.
Biz burada bir mədəniyyət öyrəndik və eyni zamanda etdiyimiz bu iş vasitəsilə Azərbaycan insanlarına da öz mədəniyyətimizi tanıdırıq. Əslində bunu başqa ölkələrdə də etmək istəyirik. Məqsədimiz həm də türk mədəniyyətini daha da inkişaf etdirmək və yaymaqdır.
Ela Uzun: Həm gəzmək istəyirik, həm də musiqimizi tanıdırıq.
Serdar Uzun: Bəli, sevdiyimiz işdir. Bir-bimizə aşiq olduğumuz kimi bu işə də aşiqik. Biz türkülərsiz yaşaya bilmirik. Məsələn, mən işdən gələn kimi dərhal bağlamanı əlimə alıram, çalıram. Həyat yoldaşım da səsi eşidən kimi dərhal oxumağa başlayır.

Mən: Doğrudan? Bu çox maraqlıdır.
Ela Uzun: Bəli...
Serdar Uzun: Mən şagirdlər yetişdirirəm. Gözəl şagirdlər, gözəl bir nəsil, yaxşı gələcək formalaşdırmaq istəyirəm. Çünki gördüyümüz bu iş- əgər öyrədən olmasa, bir müəllim olmasa, bəlkə də illər sonra, yoxa çıxan peşələr sırasına düşəcək. Bu isə çox məyusedici bir haldır.
Mən bacardığım qədər bu işi insanlara notla öyrətməyə çalışıram. Yəni notsuz olmur. Bəzi şagirdlər gəlir deyir ki, “müəllim, not mənə çətin gəlir, mənə not öyrətmə”. Deyirlər ki, “bağlamada buradan bas- bu do, bu re, bu midir- belə öyrət”. Amma belə bir öyrətmə üsulu yoxdur. Bəlkə öyrədənlər var, amma mən öyrədə bilmərəm.
Axı bu işin bir əsası var. Bu işi görən ustalar, aşıqlar bunu necə ediblər? Əlbəttə ki, notla. Siz də bu işi notla etməlisiniz. Notsuz öyrətsəniz, bəli, müəyyən qədər öyrədərsiniz, amma bir yerdə ilişib qalarsınız. Bu, zamanında yoxlanılıb, sınanıb.
Məsələn, əvvəl not olmadan- bu da yenə xarici bir ölkədə, padşahlar dövründə musiqi cəmiyyətləri yarananda biri təxminən üç yüz əsəri yazıya alıb. Amma necə? Yazı ilə. O dövrdə yazı necə idi, necə yazılırdı bilmirəm. O şəkildə üç yüz əsəri qeyd edib. Amma bu kifayət edirmi? Xeyr. Çünki başının üstündə biri olmalıdır ki, sənə desin: “bax, burada do-ya basacaqsan”. Amma o donun qısa, yoxsa uzun olduğu bəlli deyil.
Belə-belə musiqi bu günə gəlib çıxıb. Əslində çox çətin mərhələlərdən keçərək bu günə gəlib. Sonra biri çıxıb və deyib ki, “siz bu işi səhv edirsiniz, musiqinin içində riyaziyyat var”. Bu işi riyaziyyatla etmək lazımdır deyib və not sistemi ortaya çıxıb. Beləcə musiqi çox gözəl bir səviyyəyə gəlib.
Amma eyni şeyi alətlər üçün demək çətindir. Çünki musiqi alətini öyrənmək çətin bir işdir.
Ela Uzun: Həqiqətən səbir istəyən işdir...
Serdar Uzun: Əgər səbirli olsanız, zəhmət versəniz, zəhmət deyəndə bir-iki gün yox, illərlə...onda mümkündür. Məsələn, mən bəlkə iyirmi ilə yaxındır ki, bu işi görürəm və bu səviyyəyə səbr edərək çatmışam.
İnsanlar elə düşünür ki, bağlamanı əlinə alıb bir ay sonra mənim kimi çala bilər. Amma bu, mümkün deyil. Bu iş səbir və zəhmət tələb edir. Üstəlik, bir az da sevgi ilə etmək lazımdır.

Mən: Tanışlıq hekayəniz də musiqi üzərindən olub?
Ela Uzun: Bəli.
Mən: Necə oldu?
Ela Uzun: Mən bağlama öyrənmək istəyirdim. Bir neçə dəfə kursa getmişdim. İnstagram vasitəsilə izlədiyim bağlama müəllimlərinə də suallar verirdim. Sonra müəllimim yəni yoldaşımla tanış oldum.
Mən: Həyat yoldaşınız əvvəl müəlliminiz olub?
Ela Uzun: Bəli...
Həyat yoldaşımın yəni o zamanki müəllimimin reklamını gördüm. Ona bir neçə sual verdim, sağ olsun, cavablandırdı. Mən onun dediklərini etməyə çalışırdım: “Bax, belə çalacaqsınız, belə simlərə toxunacaqsınız” və s. İki-üç gün belə məşq etdim.
Sonra yenidən sual verdim: “Müəllim, bunu belə edirəm, amma alınmır". O da dedi ki, “Bir video göndərin mənə”. Mən göndərdim, amma dedi ki, “Səhv çalırsınız”... Sonradan mən dedim ki, “Müəllim, səsim də yaxşıdır, ifa edirəm". Dedi: “Aa eləmi? Bizim də xorumuz var, gəlmək istəyirsiniz?” Mən dedim ki, “Müəllim, yaxınsa, gələrəm.” O dedi ki, “Çox uzaqdır”. Mən də dedim ki, “Musiqi üçün Bağdada da gedərəm, çox sevirəm.”
Beləcə, xora getdim. Bu müəllimlə ilk görüşümüz idi. Hətta ilk türkümüzü də birlikdə ifa etdik, indi az sonra sizə də ifa edərik...
Mən: Çox sevinərik.
Ela Uzun: Biz birlikdə iki türkü ifa etdik. Müəllim də, yəni həyat yoldaşım da çox bəyəndi. Beləcə, xorla başladıq. Sonra müəllim dedi ki, “Bağlamanı da öyrədim"...
Sonra gördük ki, hər şeyimiz bir-birinə çox uyğun gəlir. Musiqilərimiz çox uyğundur. Bir şeyi mən sevirəmsə, o da sevir, mən sevmirəmsə, o da sevmir.
Musiqi sevgimizdir. O musiqisiz edə bilmir, mən də musiqisiz edə bilmirəm. Dedik ki, bir-birimizi tamamlamayaq.
Bəli, bir-birimizi tamamladıq. Hətta getdiyimiz yerlərdə də soruşurlar: “Qardaş-bacısınız?”. Biz də deyirik, “Xeyr, biz evliyik”. Deyirlər ki, bir-birini çox sevən cütlüklər bir-birinə bənzəyirmiş.
Serdar Uzun: Bizi bənzədirsiniz?
Mən: Bəli bənzərliyiniz var.
Ela Uzun: Belə tanış olduq. Azərbaycan da gəldiyimiz 4-cü ölkədir. Daha çox gəzəcəyik İnşallah.
Mən: Növbəti ölkə hansı olacaq?
Ela Uzun: Hazırda Mardinlə bağlı bir layihəmiz var. Mərdinə gedəcəyik. Türkiyənin hər yerinə səfər etmək istəyirik. Amma Avropaya da səfər edəcəyik. Görək necə alınır. Bizim konkret bir proqramımız yoxdur, ağlımıza hara gələrsə, ora gedirik. Zamanımız olduqca dərhal bir yer tapıb gedirik.
Mən: Azərbaycanda təkcə Tarqovuda ifa etmisiniz?
Ela Uzun: Əslində Qız qalasının yanında da ifa etdik...
Serdar Uzun: Bu gün ilk dəfə küçədə oxuduq. İki gündür gəlmişik... Bir restoranda çalıb oxuduq, amma gördük ki, oradakılar çox razı deyillər, bəlkə də türküləri bilmirəm. İki-üç mahnı çaldıq, sonra qalaya getdik. Qalada kifayət qədər maraq gördük. Hətta orada bir qrup yaxınlaşıb dedi ki: “Biz on-on beş nəfərik, gəlib bizim üçün çalıb oxuyarsınız?”- dedilər.
Bizi ayaqlarına çağırdılar(gülür), biz də onları məyus etmək istəmədik. Getdik, orada çalıb oxuduq. Onlar da çox razı qaldılar.
Mən: Bəs, ümumiyyətlə insanların yanaşması necədir?
Ela Uzun: Biz Azərbaycan xalqını çox sevdik. Çox mehriban, çox köməksevərdirlər. Məsələn, Azərbaycan çox təmizdir. Hər yerə piyada getmək olar, nəqliyyatınız da yaxşıdır.
Yalnız işıqlı keçidlərdə bir az çətinlik çəkdik. Piyada keçidləri azdır, ora-bura gəzərkən bir az problem oldu. Amma xalq olaraq çox yaxşısınız. Yeməkləriniz də çox dadlıdır.
Mən: Yeməkləri sevdiniz?
Ela Uzun: Mənim damaq dadıma tam uymadı.
Serdar Uzun: Mənim həyat yoldaşım ət yemir, vegetriyandır. Amma mən bəyəndim. Çox ləzzətlidir.
Mən: Hansı yeməyimizi ən çox sevdiniz?
Serdar Uzun: Çoban qovurma yedik. Çok gözəl idi.
Ela Uzun: Mantı vardı.
Mən: Xəngəl?
Ela Uzun: Bəli-bəli, xəngəl.
Serdar Uzun: “Kəllə paça” yedik. Çox yaxşı idi. Üstəlik, şirniyyatlarınız möhtəşəmdir, çox bəyəndim.
Ümumiyyətlə, Azərbaycanla qardaş ölkəyik. Qan bağımız var. Həqiqətən də buraya gəldikdə heç bir yadlıq hiss etmədim. “Bəlkə bu gün bizi aldadarlar?” deyə heç tərəddüd etmədik. Küçədə də, məsələn, heç bir dilənçi yoxdur.

Mən: Bura mərkəzi küçədir deyə, yoxdur.
Ela Uzun: Avropada, Balkanlarda mərkəzi küçələrdə gəzəndə çox var idi. Buranın mərkəzi küçələrində isə heç rastlaşmadıq.
Mən: Maraqlı gəldi...Sazla bağlama eynidir?
Serdar Uzun: Saz bütün alətlərin ümumi adıdır.
Məsələn, bu gün bəzi yerlərdə klarnetə də “saz” deyirlər, skripkaya da, pianoya da. Yəni bütün musiqi alətləri ümumi olaraq “saz” adlanır.
Bu alətin xüsusi adı isə bağlamadır. Həqiqətən, uzun saplı olanı da bağlamadır, qısa saplı olanı da. İnsanlar bəzən qısa saplıya “bağlama”, uzun saplıya “saz” deyirlər, amma belə bir şey yoxdur. Müxtəlif növləri mövcuddur. Məsələn "Divan bağlaması" var...
Bu zaman 3 xarici vətəndaş yaxınlaşır...
Xaricilər: İngiliscə bilirsiniz?
Ela Uzun: Bəli.
Xaricilər: Ledi Qaqadan musiqi ifa edə bilərsiniz?(Bir-birlərinə baxıb adı tapmağa çalışırlar)
Ela Uzun: Ledi Qaqa?
Xaricilər: Xeyr-xeyr, çox üzr istəyirik, "Mihriban" mahnısını söyləmək istədik...
Onlar ifa edirlər. Mahnı bitəndəm sonra söhbətimizə davam edirik...
Mən: Bəs Avropalıların sizə yanaşması necədir?
Ela Uzun: Albaniyada çox bəyəndilər. Orada çox səmimi davrandılar. Bosniya və Hersoqovinada isə çox dinləmədilər, bəyənmədilər.
Serdar Uzun: Əslində Bosniya və Hersoqovinada küçədə bağlama çalıb, oxuyurduq, polis gəldi. Dedi ki, olmaz. Yenə də biz bəzi yerlərdə ifa etdik. Amma Azərbaycanda belə bir şeylə qarşılaşmadıq.
Ela Uzun: Monteneqroda isə insanlar maraqsız və laqeyd idilər. Bizim üçün ən gözəli Albaniya oldu. Orada həm bir az pul qazandıq, həm də insanları çox səmimi idilər.
Serdar Uzun: Biz ölkə-ölkə gəzib, musiqi ifa etməyi sevirik. Baxaq görək, növbəti ölkələrdə şans üzümüzə güləcəkmi...
Mən: Bəs Azərbaycan mahnıları bilirsiniz?
Ela Uzun: Əlbəttə...
Söhbətimizin sonuna gəlirik. Onlar isə Azərbaycan musiqisi ifa etməyə başlayırlar...
"Ay Saçı Burma, uzaqda durma, gəl ay sevgilim
boynunu burma...Gel ay gülüm barışaq-barışaq,
deyək gülək danışaq, danışaq..." sözlərinin altında yolumuza davam edirik.
Uzaqdan mahnının səsi gəlməyə davam edir...