Görkəmli ictimai- siyasi xadim, Azərbaycanın Dövlət Müstəqilliyi Aktının müəlliflərindən biri və əsas məruzəçisi, istiqlalçı millət vəkili, Azərbaycanın birliyi və bütövlüyü uğunda mübarizə tarixində fədakarlıqlar göstərmiş və misilsiz xidmətləri olan tarixçi alim professor Hacıbaba Sadiq oğlu Əzimov bu gün gunorta 85 yaşında dünyasını dəyişib.
Sherg.az xəbər verir ki, bu haqda Azərbaycan Xalq Partiyasının keçmiş sədri (AXP) Pənah Hüseyn məlumat verib.
P. Hüseyn qeyd edib ki, Hacıbaba Əzimov tariximizi yazan görkəmli tarixçi alim olmaqla eyni zamanda, heç şübhəsiz həm də bu tarixi yaradanlardandır və xalqımızın yaddaşında əbədiyyən yaşayacaq, həmişə ehtitiram və minnətdarlıqla anılacaqdır:
"Mərhumun ailəsinə, yaxınlarına, dostlarına, əqidə və mübarizə yoldaşlarına, bütün xalqımıza dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Hacıbaba Əzimov bu gü Yasamal qəbiristanlığında dəfn olunub.
H.Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsini, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunun aspiranturasını bitirib.
1966–1970-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
1970–1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (APİ) baş müəllimi, baş elmi işçisi-doktorantı (1974–1976), dosenti (1976–1981) olub.
1981-ci ildə tarix elmləri doktoru, 1982-ci ildə tarix elmləri üzrə professor elmi adları alıb.
1982–1991-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Siyasi Tarix Kafedrasının professoru (1982–1984) və Siyasi Tarix Kafedrasının müdiri — professoru (1985–1991) vəzifələrində işləyib.
1991–1992-ci illərdə Bakı Dövlət Universitetinin Lənkəran Filialının təşkilatçısı və direktoru (sentyabr 1991 — iyul 1992) olub.
1992–1997-ci illərdə Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru (iyul 1992 — iyul 1997) olub.
1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı seçilib. 1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, həmin deputatlarla birlikdə cəmiyyətdə “istiqlalçı deputat” olaraq tanınıb.
1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olmuşdur. Məhz bu Aktın qəbul edilməsindən sonra bütün dünya dövlətləri ilk dəfə olaraq Azərbaycan Respublikasını müstəqil dövlət, beynəlxalq hüququn subyekti kimi tanımış, Azərbaycan BMT-nin bərabər hüquqlu üzvü seçilib.
1991–1995-ci illərdə 51 nəfərdən ibarət seçilmiş və daimi fəaliyyət göstərən ilk Azərbaycan parlamentinin -Milli Məclisin deputatı olub.
1992-ci ilin iyun ayında xarici düşmən dairələrin fitvası ilə ölkədə qızışdırılan etnik separatçılıq meyllərinin qarşısını almaq məqsədilə yaradılan Vahid Azərbaycan Milli Birlik Partiyasının təşkilat komitəsinin sədri, 1992-ci ilin noyabr ayında keçirilən qurultayda təsis olunan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri seçilib.
Allah rəhmət eləsin!