Havaların isinməsinə baxmayaraq respirator virus infeksiyaları hələ də özünü göstərir. Son zamanlar həm azyaşlılar, həm də böyüklər arasında ürəkbulanma, iştahsızlıq, qusma, ishal əlamətləri ilə xəstəlik müşahidə edilir. Xəstəliyə tutulanlar həmçinin əzələ ağırısı, ümumi halsızlıqdan da şikayətlənirlər. Bunun yeni bir virus infeksiyası olduğu ehtimalları da var. Xatırladaq ki, son günlərdə Böyük Britaniyada Norovirus infeksiyasının yayıldığı, hətta bu səbəbdən məktəblərdən birinin bağlandığı da bildirilir. Xarici medianın məlumatına görə, virusun əlamətlərinin sürətlə artmasından sonra məktəb rəhbərliyi binanı boşaldıb və virusun yayılmasının qarşısını almaq üçün geniş dezinfeksiya işlərinə başlayıb. Bu virusun adətə qışda daha çox rast gəlindiyi, lakin yayda da görünə biləcəyi qeyd edilir.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açqılamasında qeyd etdi ki, Novovirus, deyildiyi kimi, əsasən qış aylarının infeksion xəstəliyidir:

- 21-ci əsrin elə bir dövrünü yaşayırıq ki, viruslara bağlıdır. Biz viruslar əsrindəyik. Virus assosiasiyası deyilən bir termin var. Bu, virusların çoxsaylı ştamları, müxtəlif variantlarda özünü göstərməsi, mutasiya olunmuş viruslar deməkdir. Novovirus da əsasən qış fəslində və kütləvi toplantı yerlərində rast gəlinən və daha çox uşaqlar arasında yayılan virusdur. Ölkəmizdə bu virusun olması hələ dəqiqləşməyib. Avropada sərt qış mövsümü keçirən ölkələrdə, o cümlədən Rusiyanın ucqar şimal bölgələrində rast gəlinən virusdur. Son zamanlar bizdə də ürəkbulanma, qusma ilə müşayət olunan xəstəliyə rast gəlinir. Buna novovirus deyə bilmərik, çünki qeydə alınmayıb. Ölkəmizdə qeydə alınan rotavirus, adenovirus, respirator sinsiteal virus və qrip, qripə bənzər viruslardır. Əhaliyə məsləhətimiz budur ki, gigiyena qaydalarına riayət etsinlər, evə gəldikdə əllərini sabunla yaxşı-yaxşı yusunlar, mədə-bağırsaq pozuntusu yaranmasın deyə meyvə və tərəvəzləri ciddi şəkildə yusunlar, yuyulmamış meyvə, tərəvəz qəbul etməsinlər. Uşaqların gigiyenasına da ciddi diqqət etsinlər.