Maskalarla bağlı iradlar doğrudur

Amma sərnişin sıxlığıyla bağlı, barıtı çox etmisiz

"Vətəndaşları günahkar çıxarmaq çox asandı. Sıxlığı yaradan sərnişinlər deyil, həzərat. Bakı Nəqliyyat Agentliyinin yarıtmaz fəaliyyətidir"



“Ciddi ola bilməz, yəqin zarafat edirlər”, düşünmək istəyirəm. Necə yəni, avtobusda sıxlıq yaradan cərimə olunacaq?!. “Şaka gibi”; sərnişinlərdən xahiş edilir ki, inzibati məsuliyyətə cəlb edilməmələri üçün sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər. Hələ də inanmağım gəlmir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu məzmunda müraciət edib. 

Amma xəbər saytlarında var: “DİN BDYP şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib.
Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir.

Sərnişinlərin məsafə gözləmədən biri-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVİD-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə BDYPİ bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər".

Tibbi maskalarla bağlı etirazımız yoxdur. Doğru iraddı. Amma sərnişin sıxlığıyla bağlı, barıtı çox etmisiz. Əgər BDYP ictimai nəqliyyatdakı, xüsusilə BNA-nın karantin dövrü başlanandan, metro qapadılandan bəri yollara ötürdüyü adı “ekspres” olub, ekspreslikdən əsər-əlaməti qalmayan “M”lərdəki real mənzərəni müşahidə edərək bu müraciəti yayırsa, əslində, nəsə əlavə etmək, nəsə söyləmək mənasız görünür.

Amma yenə də bir-iki kəlməyə ehtiyac var. Vətəndaşları günahkar çıxarmaq çox asandı. Sıxlığı yaradan sərnişinlər deyil, həzərat. Bakı Nəqliyyat Agentliyinin yarıtmaz fəaliyyəti və ən əsası, metro bağlanarsa, avtobuslarda sıxlıq yaranacağını bilə-bilə və aylardır bunu müşahidə etdiyi halda metropolitenin fəaliyyətini, hansısa özləri bildiyi səbəbə görə bərpa etməyən Operativ Qərargahdır. Deyirlər, metro qapalı məkandır, süni havalandırma sistemidir, yoluxma çox ola bilər. Avtobuslarda eyni vəziyyətdir.

Kondisioner işləyir. Yəni süni havalandırma sistemidir. İnsanlar iç-içə gedib-gəlmək məcburiyyətindədir. “Əhmədli” metrostansiyasından “20 Yanvar”a “M2” 2 saata çatır. 2 saat müddətində sərnişinlər ağız-ağıza, süni havalandırma sistemi altında hərəkət etmirmi? Metro vaqonlarının 2.5-3, lap 3-4 dəqiqə intervalla hərəkət etdiyini düşünək. Hansında risk daha az olar?

1 metro vaqonu 1 avtobusdan qat-qat çox sərnişin daşıyır. İş saatının əvvəli və sonunda istənilən avtobus dayanacağında insan seli görmək mümkündü. Deyirsiz, gözləyək, sərnişin sıxlığı olmayanda minək avtobusa. O zaman cavab verin; Yeni Günəşlidə yaşayan biri Yasamalda işləyirsə, evdən səhər saat neçədə çıxmalıdır ki, saat 09:00-da iş yerinə çatsın?

Həmçinin, işdən 18:00-da çıxan fağır biri, neçə avtobus yola salandan sonra seyrək birinə minərsə nə zaman mənzil başına çatar? Siz tələb edən qaydada seyrək avtobus gözləyərsə.

Riyazi məsələdir, həlli sizə bağlı. Şəxsən həftənin 5 günü yaşadığım məşəqqəti izhar edimmi? Metro bağlanandan hər yolu dənəyirəm, “M1”, “M2”lərə minə bilmək üçün. Gah “Elmlər Akademiyası”ndakı dayanacağa, gah “İçərişəhər” metrostansiyası yaxınlığındakı (əgər yaxınlıq demək mümkünsə, Şeyx Şamil küçəsindədi çünki dayanacaq - M.R.), gah da “Gənclik”dəki dayanacağa üz tuturam, bəlkə seyrəklik oldu, istəyiylə. Faydasızdı. Bu arada, “İnşaatçılar” metrostansiyasının üzərindəki dayanacaqdan ümumiyyətlə üz çevirmişəm, məlum oldu ki, ora BNA nəzarətçilərini yaxın buraxmırlar. Bir müddət əvvəl “Xalqlar Dostluğu”ndakı BNA nəzarətçisi demişdi bunu.

Yəni BNA-nın oralarda hökmü keçmir. Adını çəkdiyim dayancaqlarda hər dəfə gah 4, gah da 5 avtobus (həm dolu, həm boş gələnləri) yola salandan sonra 6-cıya minə bilirəm. Dayanacağa məndən əvvəl gələnlərin öldürücü baxışları altında. Amma avtobus yerindən tərpənmir. Dayanacaqda sonuncu sərnişini salona almamış hərəkət etmir. 5-7 dəqiqə dayanacaqda dayanır.

Niyə? Adamlar dayanacaqda qalmasın, sıxlıq yaşanmasın, BNA-ya da söz gəlməsin “sərnişin daşınmasını düzgün təşkil etməmisiniz!”. Bilirsiz, bu gedişlə sərnişinlər axşamdan səhərki avtobuslara növbəyə yazılacaqlar artıq.

Oturacaqları “bron” etmək üçün. Bir vaxtlar xarici pasport almaq üçün “OVİR”də növbə tutanlar kimi. Bakıda, metro qapalı olduğu halda, seyrək sərnişinli avtobusa minməyi mümkün sayırsınızsa, o zaman 100 faiz zarafat edirsiniz, cənablar. Çox zarafatçısınız!...