Ekoloji terror ! - “Bu tikinti şirkəti ağacları məhv edir” - Cəzasızlıq mühiti!

“Bu cinayəti edənlər təkcə cərimə ilə yaxa qurtarmamalıdırlar”

“Əmlakı müsadirə olunmalı və həbs edilməlidirlər”


Xətai rayonunda yerləşən “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahəsində ağac və kollar məhv edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məlumat daxil olub. Hadisə ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi araşdırma aparıb.
Araşdırma zamanı 29 ədəd ağac və kolun məhv etməsi nəticəsində təbiətə 14 min 880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Ağacları kəsən şirkətə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi açılıb.

İlk dəfə deyil ki, belə hallarla qarşılaşırıq. İnsanların maddi maraqları üstünlük təşkil edir. Ölkəmizdə ekologiyanın məhvinə çox asanlıqla əl atırlar. Hər dəfə vəzifəli şəxslər ifşa olunur, cərimələnir və məsuliyyətə cəlb edilir. Lakin bu sahədə neqativ hadisələr bitmək bilmir. 



Mövzu ətrafında fikrilərini “Sherg.az”la bölüşən Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bildirib ki, son vaxtlar belə məqamlara rast gəlinir.  Bəzən şirkətlər cəzalandırılmır, ən azı rəsmi olaraq bu cəzalanma yoxdur. 

Ekspertin qənaətincə, cəzalanma olmadığına görə günün günorta çağı hamının gözü qabağında ağacları kəsib doğrayırlar:

“Artıq hamı bilir ki, bir ərazi hasara alınıbsa, orada mütləq bütün ağacları gecəynən kəsəcəklər. Bəzi hallarda bu faktlar mediaya, sosial şəbəkələrə çıxanda problemin qarşısı alınır, cərimələr edilir. Lakin heç də bütün hallarda məsələ ictimailəşdirilmir. Çünki vətəndaşlarımızın çoxunda ictimai məsuliyyət yoxdur. Düşünürlər ki, “mənə nə, kim kəsir kəssin” ”. 

E.Bayramlı qeyd edib ki, bu sahədə cərimələr çox az olduğu üçün şirkətlər rahat formada istədiklərini edirlər:

“Milyonlarla dəyəri olan obyekt və ya binanın tikintisi üçün ağacları kəsərkən 5-10 min manatlıq gülünc cərimə onları dayandıra bilməz. Hətta buna sevinirlər ki, 10 min verəcəyik, amma 10 milyonluq bina tikəcəyik. Yəni bunun səbəbi cəzasızlıq mühitidir, bəzi hallarda isə cəzanın adekvat olmaması. Fikrimcə, cərimələr azı 10 dəfə artırılmalıdır. Bu cinayəti edənlər təkcə cərimə ilə yaxa qurtarmamalı, əmlakı müsadirə olunmalı və həbs edilməlidirlər. Belə bir qayda tətbiq olunmalıdır”. 

Ekoloq vurğulayıb ki, ETSN gec xəbər tutubsa və ağaclar artıq kəsilibsə, şirkəti cərimə edib, orada bina tikməsinə imkan yaratmaq olmaz:

“Cərimədən sonra həmin ərazidə bu şirkətin yaşıllıq salması və 5 il müddətinə ona qulluq etməli olduğu haqda qərar çıxarılmalıdır. Sakinlər isə ayıq və məsuliyyətli olmalı, belə faktlara rast gələn kimi, dərhal sosial şəbəkələrdə, mətbuatda yaymalıdırlar. Yalnız bu yolla yaşıl soyqırımın qarşısını almaq olar. Son 20 ildə xüsusən Bakıda yaşıllığa, ağaclara qarşı konkret terror həyata keçirilir və onlar kütləvi şəkildə qırılır. Paytaxtımızda yaşıllıq həcmi Sovet dövrü ilə müqayisədə ən azı 2 dəfə azalıb. Halbuki əhali 2 dəfədən çox artıb”.

Vaxtilə yaşıllıq sahələrinin min bir əziyyətlə salındığını deyən E.Bayramlı bildirib ki, indi paytaxtımız ərazisinə və əhalisinə nisbətdə dünyada ən az yaşıllıq sahəsi olan şəhərlərdən birinə çevrilib:

“Ona görə də, həm dövlət, həm də Qeyri Hökumət Təşkilatları (QHT) bu sahədə iş görməlidirlər. Məsələn QHT-lər dövlətdən on minlərlə manat qrant alıb, mənasız və faydasız maarifləndirmə tədbirləri keçirirlər. Pulu belə tədbirlərdə yoxa çıxarmaqdansa, həmin vəsaitə şəhərin imkan olan ərazilərində, həmçinin Abşeron yarımadasının boş sahələrinə yaşıllıq salmalıdırlar. Bunun üçün müvafiq orqanlar şərait yaratmalıdır”. 

Ekspertin sözlərinə görə, şəhərin özündə boz, çılpaq ərazilər çoxdur:

“Paytaxtımızın cənub girişi olan Yeni Salyan şossesinin ətrafı bərbad haldadır. Boz səhra ərazisi, neft buruqları və köhnə xaraba tikililər. Paytaxta daxil olan adamın ürəyi bulanır. Bakı haqda ilk təəssürat çox pis başlayır. Burada böyük yaşıllıq sahəsi salmaq üçün imkan var. Təəssüf ki, bununla heç kim maraqlanmır. Nəticədə Bakıda yaşıllıq artmaq əvəzinə azalır. Bunun da həm ekoloji, həm də paytaxt sakinlərinin sağlamlıq problemlərinin artmasında böyük payı var”.