Yeni prosedur boşluğu vətəndaş hüquqlarını riskə ata bilər
Gömrükdən keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, gömrük sərhədini keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək. Mövcud qanunvericiliyə görə, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu, çox da geniş yayılmayan situasiyadır, nadir hallarda belə hallar yaşanır:
- Ümumiyyətlə, məhkəmə qərarı olmadan vətəndaşı mülkiyyətdən məhrum etmək doğru deyil. Çox güman ki prosedur belə olacaq, Dövlət Gömrük Komitəsi məhkəməyə müraciət edə bilər, vətəndaş da gömrük rüsumunun hesablanma qaydasından narazı ola bilər, bu müddətdə də məhkəməyə müraciət edə bilər ki, ödənişi dəyişdirilsin, bu zaman 6 ay müddət keçə bilər. O zaman nə olacaq? Onda gərək ayrıca bir qərar da olsun ki, məhkəmədə olan işlərlə bağlı, məhkəmə bitməyibsə, qərarın verilməsi, yəni, mülkiyyət hüququndan məhrumetmə ertələnsin. Çünki məhkəmə qərarı olmadan mülkiyyət hüququnadan məhrum etmək doğru deyil, qanunsuz olacaq.