Təklif dəstəkləndi: “Avtobuslarda “apteçka” olmalıdır”

“Ancaq onlar formal xarakterli olmamalıdır”

“Gərək sürücülər də yardım göstərmək qaydalarını bilsinlər”

Avtobuslarda bədbəxt hadisələrin sayı artıb. Qəfildən kiminsə halı pisləşir, ürək bulanması, baş gicəllənməsi olur. Bu isə ayrı-ayrılıqda kimlərisə yox, bütünlüklə cəmiyyəti narahat edən məqamdır.  Məsələ ilə bağlı danışan həkim-allerqoloq Şahvələd Məmmədov avtobuslarda ilkin tibbi yardım çantasının olmasını zəruri hesab edir:

“Türkiyədə avtobuslarda “apteçka” olur. Bu ənənə sovet vaxtı bizdə də var idi. Təəssüf, sonradan unuduldu...”.



Bu barədə “Sherg.az”a fikirlərini bildirən nəqliyyat eksperti Elməddin Muradlı təklifi dəstəkləyib: 

“Bəli, ictimai nəqliyyatda, xüsusilə, avtobuslarda “apteçka”ların olması vacibdir. Ancaq onlar formal xarakterli olmamalıdır. Gərək sürücülər də yardım göstərmək qaydalarını bilsinlər.

Həmin tibb çantasının tərkibi hazırlanmalı və Nazirlər Kabineti bunu təsdiqləməlidir. Belə ki, “apteçka”nın içində çox dərmanın olması məqsədəuyğun deyil.

Avtobuslarda soyuducuların olmadığını, dərmanların isti havada keyfiyyətini itirib, əks-effekt verə biləcəyi ehtimalını nəzərə almaq lazımdır. Ona görə də tibb çantasının içində yalnız ən vacib dərmanlar olmalıdır.

Hələ illər əvvəl “Yol hərəkətinin təhlükəsizliyinə aid” dövlət proqramı hazırlanıb. Müvafiq qurumlar konkret məsələ ilə bağlı fəaliyyətlərində həmin sənədin tələblərini rəhbər tutmalıdırlar”.