Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri birləşdirilməlidir - Ekspert 

"Dövlət orqanlarında işləyənlərin sayı 2 dəfə azaldılmalıdır"

“Dövlət aparatında, icra strukturlarında əsaslı islahatlar vacibdir. Bir-birini təkrarlayan idarələr, təşkilatlar problemlər yaratmaqdan əlavə həm də dövlət büdcəsinə əlavə yükdür”. 
Bu barədə “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 



Ekspert bildirib ki, dünyada ən çox nazirlik, komitə, dövlət agentliyi olan ölkələrdən biri Azərbaycandır:
 
“Kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməli, effektiv idarələr yaradılmalıdır. Uyğun sahələrdə olan bəzi nazirlik, komitə, səhmdar cəmiyyətləri, agentlik, palata, dövlət şirkətləri birləşdirilməlidir. Bəzi optimallaşdırma işləri aparılmalıdır. Məsələn, İqtisadiyyat Nazirliyi nə deməkdir? Hər şey iqtisadiyyatdır də. Aqrar nazirlik, energetika sahəsi və sənaye də iqtisadiyyatdır. Əsas sahələrdə ayrıca nazirlik olmalıdır. Məsələn, aqrar nazirliyi, sənaye nazirliyi, energetika nazirliyi və s. Amma ümumi İqtisadiyyat Nazirliyi olmamalıdır. Maliyyə, vergi, gömrük və əmlak bir nazirlikdə cəmləşməlidir. ARDNŞ daxil bütün enerji sahələri Energetika Nazirliyində birləşdirilməlidir. Bütün növ nəqliyyat sistemləri Nəqliyyat Nazirliyinin tərkibinə verilməlidir. Turizm üçün isə ayrıca nazirlik olmalıdır. Nəqliyyat və rabitə fərqli sahələr olduğuna görə bir qurumda ola bilməz. Müdafiə Sənayesi Nazirliyi ləğv olunmalıdır. Daxili İşlər və Fövqəladə hallar nazirlikləri birləşdirilməlidir. Ədliyyə Nazirliyinə də ehtiyac yoxdur. Ölkədə məhkəmə, prokurorluq və polis var. Eyni zamanda Gənclər və İdman Nazirliyi, həmçinin “Arvad-Uşaq” Komitəsi ləğv olunmaldır”. 

İqtisadçının fikrincə, regional strukturlar da optimallaşdırılmalıdır: 

“Son illərdə bu istiqamətdə bəzi işlər görülüb. Bir çox nazirlik və komitələrin rayon şöbələri ləğv edilərək regional idarələr yaradılıb. Lakin bu da başqa problemlər yaradır. Elə rayonlar var ki, onun bir kəndindən rayon mərkəzinə gəlmək üçün vətəndaşa 1-2 saat vaxt lazım olur, görün indi bir neçə rayon o tərəfə regional idarəyə gedib gəlmək nə qədər vaxt və pul aparır. Ona görə də, rayon şöbələrinin ləğvinin tərəfdarı deyiləm, amma onlarda artıq ştatların əleyhinəyəm. Bir çox rayonlarda 100-dən artıq kənd və böyük ərazi var ki, bu qədər ərazinin və yaşayış məntəqəsinin bir inzibati mərkəzi olmalıdır. Bu həm də şəhərlərin sayını artırır ki, bu da yaxşı haldır. Rayonların arasında sərhədlərin dəyişdirilməsi və bəzi kiçik rayonların birləşdirilməsi islahatları getməlidir. Məsələn, Lənkəran rayonunun bir birindən xeyli aralı 2 fərqli ərazisi var. Abşeron rayonunun yerləşməsi də xaotik vəziyyətdədir. Yeri gəlmişkən, bütün Abşeron yarımadasını Bakı şəhərinə daxil etmək düzgün deyil. Bu, Abşeron rayonuna aid ərazi olmalıdır. Bakı ancaq şəhərin yerlədiyi əraziyə aid olmalıdır. Yoxsa şəhər mərkəzindən 40 km aralıda yerləşən bir kəndin və ya qəsəbənin Bakı şəhərinə nə aidiyyatı var? Abşeron rayonu isə Abşeron yarımadasından aralıda yerləşir”. 

E.Bayramlı qeyd edib ki, bir neçə başqa rayonun da digər rayonun ortasında ərazisi var: 

“Yaşayış məntəqəsi az, ərazisi kiçik olan rayonları ləğv edib, qonşu rayonla birləşdirmək daha yaxşı olardı. Məsələn, Sədərəklə Şərur, Zərdabla Ucar, Yardımlı və Lerik rayonunu birləşdirmək olar. Qazax rayonunun ikiyə bölünərək, Qazax və Ağstafa rayonlarının yaradılmasına ehtiyac yox idi. Bu, əraizisi kiçik, yaşayış məntəqəsi sayı da az olan rayon idi. Eləcə də Şamaxı rayonunu bölüb 5-10 kəndi olan, hətta inzibati mərkəzi də kənd olan Qobustan rayonu yaratmaq lazım deyildi. Bölünənlər yenidən birləşdirilməlidir. Gəncə şəhərinə gəldikdə, Kəpəz və Nizami rayonlarının ləğv olunması daha məqsədəuyğun olardı. Gəncə şəhərinin ərazisi elə də böyük deyil, yaxşı şəhər nəqliyyat sistemi var, sakinlər şəhərin hər hansı bir yerinə rahat gedib gələ bilərlər”. 

Ümumilikdə ekspert hesab edir ki, dövlət aparatı və strukturlarının, həmçinin dövlət orqanlarında işləyənlərin sayı 2 dəfə azaldılmalıdır: 

“Lakin bu qədər adamın işsiz qalmaması üçün həmin şəxslərin şəxsi biznes sahələrinə yönəldilməsi və bunun üçün maddi dəstək verilməsi vacibdir. Bununla dövlət büdcəsindən milyardlarla manat vəsaitə qanaət edilər və həmin vəsaitlər sosial sahələrə yönəldilər”.