Kəmərin mühafizəsinə Türkiyə - NATO hərbiçiləri cəlb edilməlidir - Politoloq

Yaxın illərdə Azərbaycan Avropa üçün tərəfdaş ölkə olaraq strateji maraqların reallaşmasına töhfə verəcək

“Azərbaycanın iştirakçısı və müəllifi olduğu Cənub Qaz Dəhlizi, həmçinin onun seqmentləri TANAP və TAP layihələri Qərblə Azərbaycan arasında sıx siyasi və iqtisadi körpüdür”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 



Analitik bildirib ki, “Şahdəniz-2” kondensat qaz yatağından hasil edilən qaz Avropanın enerji diversifikasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə siyasi dəstəyin verilməsi baxımıdan da önəmlidir: 

“Kəmər vasitəsilə ildə 10 milyard kubmetrdən artıq qazın ötürülməsi nəzərdə tutulur. Həcmin 20 milyard kubmetrə qədər qaldırılması proqnozlaşdırılır ki, bununla da Azərbaycan Avropanın enerjidən asıllığını xeyli azaldacaq. Əgər Azərbaycan Avropa üçün bütün təzyiqləri gözə alıb buna gedirsə, Avropa da Qarabağ məsələsində öz töhfəsini konkret olaraq verməlidir. Rəsmi Bakı Avropa dövlətlərindən Ermənistana qarşı təzyiqlərin güclənməsinə çalışmalıdır. Gələn ildən Azərbaycanla  Avropa arasında yeni iqtisadi mərhələ başlayır. Rusiyanın qaz bazarına alternativ olan bu layihyəyə qarşı müəyyən təhdidləri qaçılmazdır. Məhz Ermənistanın Tovuz təxribatlarında əsas məqsəd TAP layihəsinə zərbə endirmək idi. Ona görə bu kəmərlərin Tovuz istiqamətində mühafizəsinə Türkiyə-NATO hərbiçiləri cəlb edilməlidir. Belə olan təqdirdə Ermənistan kəmərlərə qarşı mümkün təxribatlardan çəkinər”.

M.Əsədullazadənin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Avropada geosiyasi və geoiqtisadi nizamın stabilləşməsinə töhfə verir: 

“TANAP və TAP təkcə iqtisadi deyil, siyasi bir layihə olaraq Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər geopolitik qarşıdurmada Avropanın öz nüfuzunu bu coğrafiyada genişləndirməsi deməkdir. Yaxın illərdə Azərbaycan Avropa üçün tərəfdaş ölkə olaraq strateji maraqların reallaşmasına töhfə verəcək. Bu da Azərbaycanın təhlükəsizliyinə və Qarabağ məsələsində ölkəmizə tam dəstəyin verilməsi ilə nəticələnə bilər. Enerji layihələri iqtisadi qazanc olmaqla yanaşı, geosiyasi layihə kimi Azərbaycanın regional gücünün artırılmasına xidmət edəcək. ABŞ da bu məsələdə Azərbaycana dəstək verəcək. Yaxın perspektivdə Rusiya-Ermənistan tandemi regionda zəifləyəcək. Nəticədə Ermənistan Qərb üçün regionda onun maraqlarına təhdid kimi qəbul ediləcək”.