“Gənclərimiz qəhrəman ruhda yetişirlər”

“Vətən və millət uğrunda şəhid, qazi olmağa can atırlar”

“Şəhidlərimizin və qəhrəmanlarımızın şəkillərinin şəxsi avtomaşınlara, ölkənin müxtəlif yerlərində fərqli obyektlərə vurulması təqdir olunası haldır”.
Bunu “Sherg.az”a açıqlamasında türkoloq-alim, AMEA-nın elmi işçisi Faiq Ələkbərli deyib. 
Alimin sözlərinə görə, Vətən naminə şəhid olmuş insanların fotolarının daim göz önündə olması insanların yaddaşını təzələyir: 

“Vətən, dövlət və millət uğrunda canını qurban vermiş, fədakarlıq göstərmiş insanlarımıza bu şəkildə dəyər verilməsi müsbət addımdır. Ən əsası isə gənclərə, yeniyetmələrə çox gözəl vətənpərvərlik örnəyidir. Ona görə də hamımız bir nəfər kimi bunu təbliğ etməliyik. Məhz bu təbliğat sayəsində gənclərimiz qəhrəman ruhda yetişir, Vətən və millət uğrunda şəhid, qazi olmağa can atırlar. Xüsusən, ermənilərlə savaşın davam etdiyi, müharibə şəraitində yaşadığımız bir dövrdə bu cür igidlik örnəklərinin istənilən formada təbliği zəruridir. Gənclərin vətənpərvər ruhda inkişafı ciddi məsələdir”.