“Toy üçün “burnumun ucu göynəyir”” - Şairlə maraqlı söhbət !

“ÜST sanki insanları sevinməyə qoymaq istəmir”

“Bu yaxınlarda bir yaxınımız vəfat etdi. Dərdləşməyə də adam tapmadıq” 

“Koronavirusa inanmayanlar inananları yoluxdururlar”

“Bu, avtoqəzaya bənzəyir. Atalar misalında olduğu kimi, qurunun oduna yaş da yanır”


Koronavirus pandemiyası bəşəriyyətin yaxasından əl çəkmək bilmir. Necə deyərlər, “Nuh” deyib, “peyğəmbər” demir. Hələ, deyəsən, fəsadlıqları bununla bitməyib, aldıqları canlar ona kifayət etməyib. Çünki xarici mətbuatda ikinci dalğa ilə bağlı proqnozlar dolaşır. “Hər yazılan doğru olmur” düşüncəsi ilə yayılanlara inanmaya da bilərik. Virus hələ təzə-təzə Çində yayılan zaman onun Azərbaycana da gələcəyinə inanmadığımız kimi. O qədər əmin idik ki... Amma indi təkcə ölkəmiz yox, bütün dünya koronavirusla mübarizə aparır. Qaçmağa, gizlənməyə yerimiz də yoxdur. “Taclı virus” hara getsək bizimlədir. Görünür, tacı devrilməyənədək də əl çəkmək fikrində deyil. 

Ötən aylar, həqiqətən, çətin oldu. Bizi sözün əsl mənasında yaşamaq uğrunda mübarizəyə çəkdilər. Elə indi də mübarizə aparırıq. Lap məşhur “Survivor” verilişində olduğu kimi. 

 “Sherg.az” olaraq koronavirus pandemiyasının fonunda dünyada baş verən hadisələr, cəmiyyətin bu bəşəri problemə münasibətilə ilə bağlı “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair, əməkdar jurnalist Qulu Ağsəsin fikirlərini öyrəndik:

 - Gününüzü necə keçirirsiniz?

- Azərbaycan və dünya mətbuatını oxuyuram. Yazılanlar məni çox narahat edir. Hamı ikinci dalğadan danışır. Dünya ölkələri buna hazırlıq görürlər. Keçən il “525-ci qəzet”in bir səhifəsində 7-8 kütləvi tədbir haqqında məlumat verilirdi. Onların bir çoxunda mən də iştirak edirdim. İndi isə gözüm nə qədər axtarsa da, bir kütləvi tədbir tapa bilmirəm. Şənliklərdə çay içib, qalxan adamam, amma indi toy üçün “burnumun ucu göynəyir”. Bu yaxınlarda bir yaxınımız vəfat etdi. Dərdləşməyə də adam tapmadıq. 

- Deməli, çoxdandır tədbirlər də iştirak etmirsiniz?

- Edirəm, amma onlayn formada. Hərəsi də bir proqram yüklədir. Telefonum həmin proqramlarla doludur(gülür). 

- Yayılan xəbərləri necə qiymətləndirirsiniz?

- Bu qədər müddət ərzində ÜST-ün bir dənə də olsun ürəkaçan xəbərinə rast gəlməmişəm. Deyəsən, bu qurum puldan başqa heç nə düşünmür. Çin, Türkiyə, Rusiya vaksin barədə ümidverici məlumatlar yayan kimi ÜST müdaxilə edir ki, yalandır, cəfəngdir və s. Sanki insanları sevinməyə qoymaq istəmirlər. 

- Vaksin demişkən, bu məsələni illuziya hesab edənlər də var...

- Bildiyim odur ki, koronavirus yeni xəstəlik deyil. Bu virusun əvvəllər başqa formaları olub. Yəni alimlər onun təbiətinə bələddirlər. Deməli, vaksinin tapılması qat-qat asan ola bilər. 

- Ötən aylar ərzində mətbuatın fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Bu müddətdə polis və həkimlərimizlə yanaşı, jurnalistlərimiz də böyük fədəkarlıq göstərdilər. Bu, həmişə-Qarabağ müharibəsi dövründə, digər ekstremal hadisələrdə də belə olub. 

- Amma yenə də koronavirusa inanmayanlar var...

- Bəli, təəssüf ki, belə bir kütlə mövcuddur. Onların inanmasından ötrü daha nə etmək lazımdır bilmirəm. Bu mənə bilirsiniz nəyi xatırladır? Ermənilər Qarabağın kəndlərini atəşə tutanda özümüzdən razı şəkildə deyirdik ki, heç nə edə bilməzlər.

Amma Dağlıq Qarabağa aid olmayan Zəngilan da əldən getdi. Heç olmasa, indi ehtiyatı əldən verməyək.

Ümid edək ki, gələn ildən vəziyyət düzələcək. İnanın, vəziyyətin bu həddə çatmasının yarısının səbəbi məhz vətəndaş məsuliyyətsizliyidir. Koronavirusa inanmayanlar inananları yoluxdururlar.
Bu, avtoqəzaya bənzəyir. Yəni atalar misalında olduğu kimi, qurunun oduna yaş da yanır.