“Türkiyə-Azərbaycan birliyi daha möhkəm olacaq”

“Buna hər iki ölkə rəhbərliyinin iradəsi var”

15 Sentyabr dövlətimiz və xalqımız üçün tarixi bir gündür. 102 il əvvəl Bakı rus bolşevikləri və erməni daşnaklarından azad edildi. Hər zaman olduğu kimi həmin dövrdə də qardaş Türkiyə Azərbaycanın yanında oldu.
Əslində bu tarix Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədilik və sarsılmazlıq rəmzidir. Türkiyə ilə dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri hər iki ölkə başçısının səyləri nəticəsində möhkəmlənib.

Sentyabrın 15-də Bakının erməni-bolşevik quldurlarının işğalından azad edildiyini deyən millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a bildirib ki, bu quldurlar ölkəmizdə bir çox qırğın törədib, çoxlu sayda insanları qətlə yetiriblər. Həmin dövlər paytaxtımızda çox ciddi proseslər gedirdi. 
Parlament üzvü vurğulayıb ki, 15 sentyabr tarixi xalqımız üçün çox önəmlidir:

“Həmin dövrdə Türkiyə qoşunları Azərbaycana gələrək bu işğalın qarşısının alınmasında böyük işlər gördü. Bu gün də qardaş ölkə ilə münasibətlər yüksək səviyyədə davam etdirilir. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi ilə əlaqələrimiz daha da inkişaf edir.


Tovuz hadisələrindən sonra Türkiyə hərbi birləşmələri Azərbaycana gələrək birgə təlimlərə başladı. Türkiyə hər zaman ölkəmizin yanında olduğunu göstərib. Əlaqələrimiz strateji müttəfiqlik səviyyəsindədir”. 

Parlamentari qeyd edib ki, Türkiyə ilə münasibətlərimiz sarsılmazdır:

“Bu münasibətləri hər zaman gücləndirməli və inkişaf etdirməliyik. Problemlərin birgə həlli, düşmənə qarşı vahid mövqe nümayiş etdirilməsi baxımından qardaş ölkə ilə əlaqələr daha da gücləndirilməlidir.

Bu gün bütün sahələrdə sıx əlaqələrimiz var. Birgə enerji layihələrimiz var. Bu layihələr əməkdalığın inkişafına böyük töhvə verib. Hesab edirəm ki, Türkiyə-Azərbaycan birliyi daha möhkəm olacaq. Buna hər iki ölkə rəhbərliyinin iradəsi var”.