Bir də sərt karantin dövrünə dönmək istəmirik

Nə qədər ki, peyvənd tapılmayıb, ikiqat məsuliyyət hissi yol yoldaşımız olmalıdır

Koronavirusa yoluxma sayındakı müsbət dinamika xüsusi karantin rejiminin yumşaldılmasına şərait yaratdı. Aylardır bağlı qalan iş yerləri açıldı, əhalinin həsrətlə gözlədiyi Bakı metropoliteninin fəaliyyəti də bərpa edildi. Həyat hələ tam normala dönməyib. Hətta bir sıra ölkələr karantin rejiminin ləğvində tələskənliyə yol verdiklərini anlayıb, təkrar karantin rejiminə dönüblər.

Biz də sərt karantin rejiminin yenidən tətbiq edilməsini istəmiriksə (təbii ki istəmirik – red.), qaydalara birmənalı şəkildə riayət etməliyik. Proseslərin bundan sonrakı gedişatı böyük ölçüdə hər birimizdən asılıdır. 

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva “Şərq”ə açıqlamasında vətəndaş məsuliyyətinin vacib şərt olduğunu dedi: 



- Pandemiya vətəndaş cəmiyyəti institutlarının önəmini, ictimai nəzarət və sosial qınaq alətlərinin daha geniş və effektiv şəkildə tətbiqinə ehtiyac olduğunu bir daha göstərdi. Qeyd etmək istəyirəm ki, cənab Prezident çıxışlarında QHT-lərin ölkəmizin ictimai həyatında fəal iştirakının və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyi barədə daim çağırışlar edir.

Ölkə rəhbərinin tapşırığı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə onlayn formatda keçirilən silsilə görüşlərində vətəndaş cəmiyyətinin inkişafı, şəffaflığın artırılması, dövlət qərarlarının qəbul edilməsində vətəndaş iştirakçılığının təmin olunması, QHT-hökumət dialoqunun gücləndirilməsi məsələləri bir daha vurğulanıb. İctimai nəzarətin həyata keçirilməsi ilə bağlı hüquqi baza - “İctimai iştirakçılıq haqqında” qanun var, lakin illərin təcrübəsi qanunun işlək olması üçün icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Prezidentin çağırışlarına dəstək olaraq “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB AR-nın Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə hazırda icra etdiyi dörd aylıq layihənin bir komponenti çərçivəsində bu istiqamətdə təkliflər hazırlayıb Milli Məclisə təqdim etməyi planlaşdırır.

Z.Nəbiyeva qeyd etdi ki, 2020-ci il dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə ili kimi yaddaşlarda qalacaq: 
- Pandemiya bütün dünya əhalisi üçün sanki bir sınaq oldu. Müxtəlif ölkələr və xalqlar hadisələrə göstərdikləri reaksiya və sosial məsuliyyətləri baxımından test olundular. Dövlətimiz infeksiyanın yayıldığı ilkin mərhələdə vəziyyəti ciddi nəzarət altında saxlayaraq əhalinin sağlamlıq, təhlükəsizlik və sosial rifahının təmin edilməsi sahəsində bütün lazımi tədbirləri çevik şəkildə həyata keçirdi. Çox qısa vaxtda 45 müasir laboratoriyanın açılması, 900 mindən çox test keçirilməsi ölkəmizdə insan sağlamlığı və həyatının qorunmasına göstərilən qayğının ifadəsidir. Məsələn, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya ölkələri arasında öncül mövqe tutur. Həmçinin, Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan həkimlərin ölkəmizə dəvət edilməsi, təcrübə mübadiləsinin aparılması bu sahədə müsbət nəticələr əldə edilməsinə dəstək oldu.

İctimai Birliyin sədri qeyd edib ki, statistikada əldə olunan müsbət dinamikanı saxlamaq və yaxın gələcəkdə tam normal həyata qayıtmaq hər kəsin sosial məsuliyyətindən asılıdır: 

- Fəaliyyətə başlayan sahibkarlıq subyektləri fəaliyyət sahələrini tənzimləyən “COVID-19 infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə əsasən işlərini qurmalı və buna ciddi riayət etməlidirlər. Əhali də sosial məsuliyyət, ictimai nəzarət məsələlərində vətəndaş borcunu yerinə yetirməlidir. Pandemiyanın bütün dünyaya verdiyi mesajdan hər kəs özü üçün nəticə çıxarmalıdır. Qlobal ekoloji dəyişikliklər dövründə COVID-19 və ya yarana biləcək digər viruslarla birgə mühitdə yaşamağı öyrənməlidirlər. Müvafiq gigiyenik qaydalara riayət edilməsi artıq vərdiş halını almalıdır. Hər hansı çətin situasiyada əsas məsələ meydana çıxan problemin dərki və qəbul olunmasıdır. Məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə, çıxış və həll yolları da bir o qədər asanlaşar. Düşüncələrin dəyişməsi, hadisəyə yeni gözlə baxılması və problemin həlli sahəsində məntiqə uyğun addımlar atılması ən başlıca məsələdir.

Z.Nəbiyeva bildirdi ki, insanlar karantin qaydalarına riayət etməlidirlər. Qətiyyən arxayınçılıq hissi yaranmamalıdır: 

- Fəsil dəyişkənliyi, xüsusən yaydan payıza keçid zamanı infeksion xəstəliklər artır. Nə qədər ki, amansız koronavirusdan müdafiə mexanizmi, yəni, virusa yönəlik effektiv müalicə və peyvənd tapılmayıb, ikiqat məsuliyyət hissi yol yoldaşımız olmalıdır. İnsanlarımız yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni gözləmək, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini və çevrələrini qoruya bilər.