Deputat: “XİN başçısı mənasız danışıqlarda iştirak etməməlidir”

“Ən yaxşı halda nazir müavini səviyyəsində xüsusi nümayəndə heyəti yaradıla və onlar danışıqlarda iştirak edə bilərlər”

“Yox, əgər danışıqların səmərə verəcəyinə əmin olsaq, o, başqa məsələ”


Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib. Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib. Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirmiş, xüsusilə də iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar.  Müzakirələr zamanı, həmçinin müvafiq tərəflərin xüsusi və ictimai mesajları və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib.


Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.  

Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.

 Deyəsən, ATƏT-in Minsk Qrupu özünə güvənir və vəziyyəti qaydasına qoyacağına inanır. Hərçənd ki, insan yeddisində nədirsə, yetmişində də odur. Görünür, həmsədrlər bu misalı eşitməyiblər. 

 Millət vəkili, politoloq Rasim Musabəyov Minsk qrupunun tərəfləri yenidən danışıqlar masasına dəvət etməsi barədə “Sherg.az”a danışıb:

“Bu, sözügedən qurumun funksiyasıdır. Onlar maaşlarını alıb, işlərini görürlər. İndiki məqamda danışıqlardan imtina etməyimiz beynəlxalq müstəvidə müsbət qarşılanmaz. Sadəcə danışıqlar prosesini Ermənistanın pozduğunu göstərməliyik.

Rusiya həmsədrlərdən biri olsa da, faktiki olaraq düşmən tərəfindədir. Sergey Lavrov deyir ki, danışıqlar masasındakı yeganə sənəd “Madrid prinsipləri”dir. Ermənistan isə bu prinsipləri rədd edir. Düşmən ilk növbədə yanaşmasını dəyişməli, prinsipləri tanımalıdır.

Əks halda mənasız danışıqların heç bir nəticəsi olmayacaq. Dediyim kimi, danışıqlardan imtina etməyimiz düzgün olmaz. Amma xarici işlər naziri belə mənasız danışıqlarda iştirak etməməlidir.

Ən yaxşı halda nazir müavini səviyyəsində xüsusi nümayəndə heyəti yaradıla və onlar danışıqlarda iştirak edə bilərlər. Yox, əgər danışıqların səmərə verəcəyinə əmin olsaq, o, başqa məsələ”.