Elxan Şahinoğlu: “Rusiya Cənubi Qafqazda etibarlılığını itirib, ölkələr alternativ tərəfdaşlara yönəlir”
Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik fonunda yeni geosiyasi reallıqların formalaşdığı müşahidə olunur. Son dövrlər tərəflər arasında artan fikir ayrılıqları, xüsusilə Moskva və İrəvan arasında keçirilən yüksək səviyyəli görüşlərdə səslənən bəyanatlarla daha da qabarıq şəkildə üzə çıxır. Ekspertlər hesab edir ki, artıq məsələ təkcə siyasi hakimiyyətlərin mövqeyi ilə məhdudlaşmır, Ermənistan cəmiyyətində də Rusiya və onun rəhbərlik etdiyi hərbi-siyasi bloklarla münasibətlərə yanaşma dəyişməkdədir. Bu tendensiya isə Cənubi Qafqazda qüvvələr balansına təsir edə biləcək mühüm amil kimi qiymətləndirilir.
Erməni politoloq Styopa Safaryan bildirib ki, Rusiyada anlayırlar ki, bu məsələ yalnız mövcud hakimiyyətin yox, həm də bütöv cəmiyyətin baxışıdır, Ermənistan cəmiyyəti Rusiya və KTMT ilə münasibətləri yenidən nəzərdən keçirir.
S. Safaryan qeyd edib ki, Rusiyanın Ermənistanı “sol cib”inə, Azərbaycanı isə “sağ cib”inə qoymaq planı alınmadı, onların Qafqazla bağlı bu siyasəti məhv edildi:
“Rusiya Ermənistanla bağlı nə edəcəyini bilmir. Ermənistanı cəzalandırmaq onu Rusiyanın istəmədiyi istiqamətə daha sürətlə getməyə məcbur etmək deməkdir, cəzalandırmamaq isə Ermənistanın suveren siyasət çərçivəsində etdiklərini davam etdirməsinə imkan verməkdir. Əgər Ermənistanın Avrasiya bazarına çıxışını bağlasalar - bununla hədələyirlər - bu da problemli addım olardı. Çünki Lars yolunu bağlamaq Rusiyanın Qafqaza yeganə yolunu bağlamaq deməkdir. Üstəlik, belə addımlar İrəvanı Moskvanın ölümcül dərəcədə qorxduğu qərarlar qəbul etməyə sövq edə bilər”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, mövcud reallıqlar fonunda Cənubi Qafqaz ölkələri daha çox alternativ tərəfdaşlara yönəlirlər:
“ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi, “Tramp Marşrutu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması Kremli hərəkətə gətirib: “Rusiya rəsmiləri, diplomatları və deputatları bir ağızdan eyni cümləni təkrarlayırlar. Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışırlar. Uzun illər Rusiya regionda balans siyasəti yürütməyə, qeyd edildiyi kimi Ermənistanı “sol cibində”, Azərbaycanı isə “sağ cibində” saxlamağa çalışırdı. Yəni Moskva hər iki ölkə üzərində paralel təsir imkanlarını qoruyaraq regionda əsas söz sahibi olmaq istəyirdi. Lakin son proseslər göstərdi ki, bu strategiya artıq iflasa uğrayıb və əvvəlki təsir rıçaqları ciddi şəkildə zəifləyib. Rusiyanın atdığı addımlar əksinə, region ölkələrini ondan uzaqlaşdıran əsas amillərdən birinə çevrilib.
Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın? Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar?
Rusiya Gürcüstanın ərazisini işğal edib, Azərbaycanın mülki təyyarəsini vurub, Ermənistanda radikal müxalifətin əli ilə hakimiyyəti yıxmağa çalışır. Bütün bunlar varkən, bölgə ölkələri obyektiv olaraq Rusiyadan məsafə saxlayacaq, Türkiyə, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirəcək”.