Faiq Sücəddinov: "Üzeyir bəy həmişə bizim üçün örnək olacaq"


18 sentyabr Milli Musiqi günü dahi Üzeyir Hacıbəyovun ad günü ilə bağlıdır. Xalqımız  Üzeyir bəyin doğum gününü musiqi bayramı kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Ü.Hacıbəyova borcludur. 

Azərbaycan musiqisinə verdiyi töhfələr danılmaz olan dahi bəstəkarın 110 illik yubileyi ərəfəsində Heydər Əliyevin fərmanı ilə 18 sentyabrın Milli Musiqi günü kimi qeyd edilməsi qərara alınıb.

Hazırda mövcud durum nə qədər kritik olsa da əsrarəngiz musiqimizin bayramını unutmadıq. İstər media nümayəndələri, istərsə də musiqiçilər, sənət adamları  həm dahi Üzeyir bəyi yad edib, həm də musiqimizin bayramını qutlayıb.

Bu əlamətdar gündə “Sherg.az”la həmsöhbət olan tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov da 18 sentyabrın tarixindən bəhs edib: “1995-ci ildə dövlətimiz qərar verdi ki, Üzeyir bəyin doğum günü musiqi günü elan olunsun. İllərdir Azərbaycanda 18 sentyabr musiqi günü kimi qeyd edilir.

Üzeyir bəy Şərq dünyasında ilk opera olan  “Leyli və Məcnun”u yazıb. Daha sonra 1937-də “Koroğlu”, iki komediya - “O olmasın, bu olsun”, "Arşın mal alan” və digər mahnılar, əsərlər...

O, böyük təşkilatçı, yazar, dramaturq idi. Öz dövrünün müasir adamı idi. Həmişə də müasir qalacaq, bizim üçün örnək olacaq. Üzeyir bəy biz bəstəkarlar üçün bir mayakdır. Daim işığı üzərimizdədir”.