Pambıq daha əllə deyil, texnika ilə toplanır

Hər bir sahibkarın seçim imkanı olmalıdır. Onun ucuz vəsaitlərə çıxışı təmin olunmalıdır

Yevlax rayonunda "ağ qızıl"ın əllə yığımı tarixə qovuşur. Əvvəlki illərdə Yevlaxda tarlada qadınlar daha çox pambıq yığırdılarsa, artıq bu ildən "ağ qızıl"ı kişilər pambıq yığan texnikalarla toplayırlar. Bu il Yevlax rayonunda 2330 hektar pambıq bitkisi əkilib. 249 fermerin ərazisində əkilən bitkinin aqrotexniki qaydalara əməl etməklə yüksək səviyyədə becərmə işləri aparılıb.

Respublikanın hər yerində olduğu kimi Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, Şəhər İcra Hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunub.

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, pambığın istehsalında, yığılmasında və bazara çıxarılmasında texniki vasitələrdən daha çox istifadə olunmalıdır. Ekspert vurğulayıb ki, bu sahədə hər bir sahibkarın müəyyən məsələlərdə seçim imkanı olmalıdır:

"Dövlətin resursları vasitəsilə heç bir ölkə bazar iqtisadiyyatında hər hansı bir nailiyyətə imza atmayıb. Düzdür, dövlət təşviq edə bilər. Bununla da hansısa sahibkarın büdcə vəsaitlərinə çıxışını asanlaşdıracaq.  Həmçinin tenderlərin keçirilməsinin şəffaflığına nail olmaq olar ki, ondan da sahibkarlar yararlana bilərlər. Ancaq Azərbaycanda pambıq da daxil olmaqla, dövlət səviyyəsində aparılan müxtəlif tədbirlərə daha çox kampaniyaçılıq qatılır. Yəni yerlərdə məmurlar regionlaşmanı bilmədən hansı məhsulları, o cümlədən  texniki bitkiləri necə və harada yetişdirmək mümkün olduğunu anlamadan müxtəlif tədbirlər həyata keçirirlər. Son illərdə bir neçə 100 min hektarlarla örüş, biçənək sahələri dövriyyədən çıxdı. Pambıq ona görə texniki bitki adlandırılır ki, onun istehsalında, yığılmasında və bazara çıxarılmasında texniki vasitələrdən daha çox istifadə olunmalıdır. Hesab edirəm ki, insan əməyinin tutumluğu və gəlirliyi az olan sahələrə vətəndaşların ancaq məşğulluğunu minimum həddə təyin etmək düşünülmüş bir variantdı. Ancaq bunu çox zəif qiymətləndirirəm". 
Ekspert qeyd edib ki, texnikalar illər ərzində dövlət büdcəsi hesabına aqrolizinq vasitəsilə həyata keçirilib: "Deyək ki, müəyyən bir Belarus traktoru yerində 8-10 min dollardır. Amma həmin texnikalar  bizim sahibkarlara  32-40 min dollar arası rəsmiləşdirilir. Təbii ki, bu, digər strukturlara da aiddir. Neçə illərdir ki, bu mənada dövlət vəsaitləri mənimsənilir. Hesab edirəm ki, hər bir sahibkarın seçim imkanı olmalıdır. Onun ucuz vəsaitlərə çıxışı təmin olunmalıdır. Ümumi bank faizləri aşağı salınmalıdır ki, sahibkar özü texnika ala bilsin. Özü də bazar iqtisadiyyatını müəyyənləşdirməlidir. Bu mənada ərzaq təminatımızı tam təmin etmədiyimiz bir vaxtda, eyni  zamanda 200 min ton xammal bizim ölkədə emal  edilməməlidir. Çünki şərait olmadığına görə, bu qədər məhsulun birdəfəyə əkilməsi doğru deyil. Təəssüf edirəm ki, istehsaldan dərin emala qədər, hətta neft sənayesində də buna nail ola bilməmişik".