Qarabağ müharibəsi iştirakçısı ordumuzun gücünə inanır

“Hər bir Azərbaycan gənci, vətəndaşı tutduğu yerindən və ya mövqeyindən asılı olmayaraq vətənin birliyinə, bölünməzliyinə və bütövlüyünün qorunmasına çalışmalıdır. Hazırda Azərbaycan cəmiyyətində milli həmrəylik və vətənpərvərlik ruhu mövcuddur". 

Bu sözləri "Şərq"ə açıqlamasında ehtiyatda olan leytenant Nazim Abdullayev deyib. O vurğulayıb ki, bu gün Ermənistan təxribatlarını yenə də davam etdirir:
"Onlar yeni ərazilərimizi ələ keçirməyə çalışırlar. Əlbəttə ki, biz buna imkan verməyəcəyik. Çünki bu gün güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikik. Ordumuz xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Özüm birinci Qarabağ müharibəsi iştirakçısıyam. O dövrü də, bu dövrü də görmüşəm. Tam əminliklə deyə bilərəm ki, hazırda ordumuz dünyanın ən güclü orduları sırasındadır. Gənclərimizin vətənpərvərlik hissləri də çox yüksəkdir. Biz günü-gündən güclənirik, möhkəmlənirik. Bu gün Azərbaycan əsgəri peşəkardır, Azərbaycan xalqı isə mərddir!".