PROQNOZ -“İlin sonunda Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” - NECƏ?

“Azərbaycanın yeganə çıxış yolu qalıb. O da antiterror əməliyyatını həyata keçirməkdir”


Son günlər ermənilərin Azərbaycana qarşı növbəti təxribatı gərginliyin şiddətlənməsinə səbəb olub. Artıq bəzi bölgələrimizdə yüzlərlə insan səfərbərlik idarəsinin qarşısına toplaşıb. Vətəndaşlarımız könüllü olaraq cəbhəyə gedib torpaqlarımızın azad olunması üçün vuruşmaq istəyirlər. Müharibənin başlayacağına dair bəzi iddialar da səslənir. Çünki ötənlərdə cəbhədə vəziyyətin gərginləşməsi ilə Azərbaycanın qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.Yayılmış rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan PUA əraziyə düşərək partlayıb. Təəssüf ki, şəhidimiz də var. Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. 



Prosesləri “Sherg.az”a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycanda gedən proseslər bütün hallarda tarixi zərurətdən doğan prosesdir. Analitikin sözlərinə görə, uzun müddətdir ki, Azərbaycan sülh və danışıqlar yolu ilə Qarabağ məsələsini həll etmək istəyir: 

“Cənab Prezident iradəsini ortaya qoyub əsas tələb etdiyi məsələ, bilavasitə Azərbaycanın sərhəd bütövlüyü təmin olunmaq şərti ilə Dağlıq Qarabağın statusu məsələsini həll etməkdir. Amma zaman-zaman ermənilər öz xislətinə uyğun olaraq ya danışıqların gedişini, ya da atəşkəsi pozublar. Bütün hallarda Ermənistanın başında duranlar Qarabağ məsələsi ilə öz hakimiyyətlərini təmin ediblər.

Hazırda tarixi şərait yetişib. Birgə təlimlərdən sonra Türkiyə ordusu da Azərbaycanı tək buraxmamaq üçün ölkəmizdədir.  Azərbaycanın yeganə çıxış yolu qalıb. O da antiterror əməliyyatını həyata keçirməkdir. Artıq ermənilər  də bunu yaxşı dərk edirlər. Ona görə də sosial şəbəkələrdə saxta profillərlə məlumat toplamağa çalışırlar”. 

C.Nuriyev qeyd edib ki, Azərbaycanın tutduğu mövqe çox güclüdür: 

“Ona görə də ölkəmizdəki “5-ci kolon” çox güclü anti-Azərbaycan təbliğatına başlayıb. Azərbaycanda hay-küy salıb əhaliyə təzyiq göstərənlər də onlardır. Buna baxmayaraq inanıram ki, ilin sonunda Azərbaycanın ərazi bütövlüyü bərpa olacaq”.