"Bayrağımızın Şuşada dalğalanmasını gözləyirik"

Gülyanaq Məmmədova: "30 ildir torpaqlarımıza həsrətik. Amma düşünürük ki, o gün çox uzaqda deyil"

Son günlər cəbhədə baş verənlər xalqı bir və bütöv olmağa sövq edib. Kimliyindən, siyasi görüşündən asılı olmayaraq hər kəs dövlətin və ordunun ətrafında sıx birləşib. Sənət adamları da bu birlikdən geri qalmayaraq həmrəylik çağırışları ilə örnək olurlar. 
Xalqın sevimlisi olan mədəniyyət xadimləri zaman-zaman  sevinclərini dilə gətirərək, milli ruhda çıxışlar edirlər. 

Qürurla bildiririk ki, bu günlərdə “Sherg.az” tanınmış sənətkarlar üçün tribuna rolunu oynayır. Xalq artisti Gülyanaq Məmmədova da keçirdiyi hissləri bizimlə bölüşüb. Sənətçi həm sevincli, həm də kədərli olduğunu qeyd edib:

“İllərdir gözlədiyimiz an gəlib çatıb. Həmişə torpaqlarımıza qovuşmağı arzulayırdıq. Çox şükür, indi başlayırıq. Şəhidlərimiz də var, onlar üçün kədərliyik.

Amma söhbət torpaq, Vətən uğrunda mübarizədən gedirsə, şəhidsiz mümkün deyil. Onlar bizim üçün hər zaman əzizdilər, ucadılar. Özümüzün də balalarımız gedib. İndi bacım uşaqları təlimdədilər.

Əsgərliklərini bitirsələr belə hazırda hamısı təlimə çağırılıblar. Canla-başla gediblər. Sevinirik ki, ordumuz torpaqlarımızı qaytarıb. İnşallah, bayrağımız Şuşada dalğalansın.

O günü gözləyirik. Həmin gün sevincimizin həddi-hüdudu olmayacaq. Ali Baş Komandana, ordumuza Allah sağlıq versin. Güc versin ki, torpaqlarımız azad olunsun. Bu gün hamı birdir. 30 ildir torpaqlarımıza həsrətik. Amma düşünürük ki, o gün çox uzaqda deyil”.

Gülyanaq xanım həmçinin deyib ki, hər kəs öz sahəsində orduya dəstək olur:

“Biz də öz sənətimizlə dəstək göstəririk. Nə qədər nəğmələr yazdırmışıq. Polad generalımıza, bütün şəhidlərimizə, Qarabağımıza mahnılar həsr etmişik. Hazırda studiyaya gedirəm, yeni mahnı hazırlayırıq.

Ona yaxın Qarabağa, şəhidlərimizə mahnı səsləndirmişəm. Biz də öz gücümüzü əsirgəməməliyik. Lazım gəlsə belə, bir anda cəbhəyə yollanaraq hərbçilərimizə ruh yüksəkliyi verək.

Nə cür tələb  olunursa, elə edək. Ya sənətimizlə, ya da nəyə gücümüz çatırsa o cür dəstək olmağa hazırıq”.