"Əsgərlərimizin cəsarəti, gücü hamımızı sevindirir"

Abbas Bağırov: "İnşallah, müharibəni tezliklə böyük zəfər və uğurlarla başa çatdıraq, çox uzanmasın"

Sentyabrın 27-i səhər saatlarından etibarən cəbhə bölgəsində başlayan atışma davam edir. Ordumuzun qətiyyətli addımları nəticəsində düşmən ağır itkilərlə üzləşib.

Güclərini mülki əhaliyə yönəldən işğalçı ölkənin hərbi birləşmələrinə rəşadətli ordumuz tərəfindən layiqli cavab verilir.
Xalqımız birliyi, həmrəyliyi ilə həm Ali Baş Komandanın, həm də  əsgərlərimizin yanında olduğunu göstərir.

Bizimlə həmsöhbət olan tanınmış müğənni, əməkdar artist Abbas Bağırov keçirdiyi hissləri "Şərq"lə bölüşüb:

“Hamının durumu  necədirsə eyni ilə mən və ailəm də eləyik. Vətəni qorumaq böyükdən kiçiyə hər birimizin borcudur. Hazırda həyəcan və stress altında olanları müşahidə edirik. Nə isə bir söz demək çətindir. Ürəkdən arzu edirəm ki, itkilərimiz olmasın.

İnşallah müharibəni tezliklə böyük zəfər və uğurlarla başa çatdıraq, çox uzanmasın. Amma müharibə  asan bir iş deyil. Bilirsiniz ki, məhdud şəkildə də olsa sosial şəbəkələrdən hər şeyi görürük.

Bu gün əsgərlərimizin cəsarəti, gücü hamımızı çox sevindirir. Dayanmadan, heç nədən qorxmadan yalnız irəli gedirlər”.