İlkin Əhmədov səngərdən “Şərq”ə danışdı: “Gəl, əsgərlərin yanında ol, səni görsünlər...”

“Burda oxu əsgərlərin üzlərində bir az təbəssüm yaransın. Əsgər efirə baxır?!”
 


Bir müddət öncə hərbi xidmətə yollandığı xəbərləri yayılan xanəndə İlkin Əhmədov cəbhə bölgəsində əsgərlərimizə dəstək olur. O rəsmi şəkildə xidmətə çağırılmadığını bildirib. Hazırda döyüş üçün deyil, mənəvi yardım naminə hərbçilərimizin yanında olduğunu söyləyib. 

Cəbhə xəttindən “Sherg.az”a danışan sənətkar deyib ki, atışma başlayan günün səhəri yola düşüb:

“Çünki bu, vicdanım, qeyrətim qarşısında borcumdur. Orda dayana bilməzdim. İndi də burdayam. Adını çəkmirəm hansı bölgədəyəm. Əsgərlərimizə, ordumuza, cəbhə bölgəsində yaşayan insanlara dəstək olmaq üçün gəldim. Onlara stimul verirəm ki, mən də sizin yanınızdayam. Bombaların səsi insanları yatmağa qoymur. Mən də həmin acını çəkirəm. Yeri gələndə gücüm çatan qədər, maaşımdan kəsdiyim pulla əsgərlərimizin müəyyən ehtiyaclarını ödəməyə çalışıram.

Hamımızın borcudur. Amma elə bir ifadə işlətməmişəm ki, döyüşə gedirəm. Sadəcə cəbhə bölgəsinə gələndə hərbi forma geyinirəm. Həm seçilməmək üçün, həm də o hissi yaşamaq istəyirəm.

Onu da deyim ki, dövlətimizin, Müdafiə nazirliyinin qanunu var. Döyüşməyə getmək istəyən öncə müraciət etməlidir. Müraciət əsnasında komissarlıq onu qeydiyyata götürür. Onların məsləhəti ilə dəvət olunursan, müəyyən maşınlarla xidmətə cəlb edilirsən.

Bir ay öncə səfərbərlikdə qeydiyyatdan keçmişəm. Nə vaxt zəng gəlsə ki, filan saatda burda olacaqsan. Siz döyüşə gedirsiz, o zaman fəxrlə deyəcəm ki, birbaşa vuruşmağa gedirəm. Allaha and olsun yorğunluqdan dizlərim əsir. Ac qalıram, iştaham da olmur. Dodağım quruyub düşüb, su da almıram. Deyirəm alım, ancaq hərbi hissəyə çatdırım. Bilirsiz onlara tanınmışları görmək nə qədər stimul verir. Təəccüblənirlər ki, bu burda nə gəzir, sonra da üzləri gülür.”

Əməkdar artist əsgərlərdə böyük ruh yüksəkliyinin olduğunu da qeyd edib:

“Allaha şükür hərbi hissələrə, döyüş bölgəsinə girə bilirəm.Orda hamını deyib gülən, kefləri yerində görəndə kövrəlirəm. İstərdim ki, bu aksiya şəklində keçirilsin. Demirəm, gülləbaran olan yerə getsinlər, heç olmasa arxa cəbhəyə gəlsinlər. Desinlər ki, əsgərlər sizdən beş kilometr uzaqda filan sənətkar dayanıb ordadır, güllələrinizin səsini eşidir.

İndi heç bir efirə çıxmıram. Hamısına demişəm ki, cəbhəyanı bölgələrdəyəm. Torpaqlarımızda qızğın müharibə gedir. Ordumuz əks -həmlə edib düşmənləri torpaqlarımızdan çıxarmaq üzrədir. Gəl orda əsgərlərin yanında ol, səni görsünlər, orda oxu əsgərlərin üzlərində bir az təbəssüm yaransın. Efirə əsgər baxır? Bəlkə mən səhvəm, düzgün deyiləm?! Amma subyektiv fikrimdir”.

Sənətkar onu da əlavə edib ki, bu gün hər birimizin ürəyi əsgərlərimizlə döyünməlidir:

“Şəhidlərimizin əzizlərinin yanında olmalıyıq. Hər birimiz bu ağrını hiss etməliyik ki, bir qardaşımın qara xəbəri gələcək, o biri yaralanacaq. Bunun ağrısını hamımız hiss etməliyik. Bununla yanaşı ərazilərimiz alınır. Şükürlər olsun ki, irəliləyiş var. Dörd gün idi ki, internetdən xəbərim yoxdur. Ağlıma gəlmir ki, internetə girim. Nə də ki, girməyə imkan olmur. Adicə zəngi dörd beş dəfə təkrar yığandan sonra gedir. Harda paylaşım elədim? Harda demişəm ki, Ağdamda döyüşlərə getmişəm. Heç olmasa, məntiqlə yazsınlar. Qeyd etdiyim kimi dəstəyim, iştirakım bu cürdür”.