Əsas səngər informasiya səngəridir

Biz ancaq Vətən müharibəsi deyil, informasiya müharibəsi də aparırıq

Bunun üçün bizim media mənsubları sosial şəbəkələrdə maksimum dərəcədə aktiv olmalı, Azərbaycan həqiqətlərini xarici dildə yaymalıdırlar

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Cəbhə xəttində gərginliyin şiddətlənməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bu gün mübarizə təkcə cəbhədə yox, informasiya məkanında da gedir. Belə bir vaxtda dezinformasiyalar, yəni “fake” profillərlə yayılan yalan, saxta xəbərlər üstünlük təşkil etməyə başlayır.

Xüsusilə də, düşmən tərəfindən yayılan informasiyalar həqiqəti əks etdirmir. Belə həssas bir dönəmdə jurnalistlərimizdən ancaq rəsmi xəbərlərə istinad etmək tələb olunur. Çünki düşmənin dezinformasiyalar yaymaqda başlıca məqsədi cəmiyyətimizdə ruh düşkünlüyü yaratmaqla yanaşı, eyni zamanda hərbi sirləri də əldə etməyə cəhd göstərir. Cəbhəyanı bölgələrimizdə gərginliyin artması səbəbindən bir çox jurnalistlərimiz ictimaiyyətə dəqiq informasiya çatdırmaq üçün həmin bölgələrə ezam olunublar.

Bu məqsədlə də Azərbaycan Mətbuat Şurası jurnalistlərin cəbhəboyu ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirmələrinə dair bir sıra tövsiyələr verib. Həmin tövsiyəni təqdim edirik: "Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi əməliyyatlar mərhələsinin başlanması konfliktlə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması zərurətini aktuallaşdırmaqdadır. Bu baxımdan jurnalistlərin hərbi əməliyyatların getdiyi bölgələrə səfərləri çoxalmaqdadır. Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinin cəbhə xəttinə yaxın ərazilərdən hazırladıqları materialları izləyir. Bu materiallar vasitəsilə istər əhali, istərsə də xaricdəki həmvətənlərimiz, eləcə də xarici ölkələrin vətandaşları real vəziyyətlə tanış olurlar.

Qeyd edək ki, Azərbaycanda jurnalistlərin hərbi əməliyyatlar zamanı peşə fəaliyyətlərinin tənzimlənməsini həyata keçirən mühüm dövlət sənədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 avqust 2015-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiqlənmiş “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”dır.

Sənəd “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin müvafiq dövlət qurumu ilə razılaşdırılması qaydasını müəyyən edir.

Sənəddə KİV əməkdaşlarının telekanal, radio, informasiya agentliyi, mətbu nəşrlər və internet informasiya resursu olmaqla hansı sayda akkreditəsinin mümkünlüyü yer alıb.

Göstərilib ki, yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar.

Qaydalarda həmçinin akkreditasiya üçün təqdim edilmiş sənədlərə baxılma müddəti və proseduru, akkreditasiyadan imtina və onun ləğvi halları, eləcə də digər vacib məqamlar nəzərdə tutulub.

Azərbaycan Mətbuat Şurası hərbi əməliyyatların intensiv xarakter aldığı bu günlərdə jurnalistlərin peşə borcunu cəbhə bölgəsinə yaxın ərazilərdə, təmas xəttində  həyata keçirən media təmsilçilərini uyğun tərzdə qurmağa, qaydalarda nəzərdə tutulanlara, xüsusən təhlükəsizliklə əlaqədar məsələlərə əməl etməyə çağırır.

Şura bununla yanaşı“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na, müvafiq beynəlxalq təcrübəyə əsaslanaraq cəbhə bölgəsinə, qoşunların təmas xəttinə yaxın, hərbi əməliyyatların intensiv xarakter aldığı ərazilərdə jurnalist fəaliyyətinin təşkilinə dair aşağıdakıları bildirir:

"Jurnalistlərin cəbhə bölgəsində üzərində “PRESS” yazılmış gödəkçələrdə olmaları şərtdir və cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərin hərbi geyimdə, hərbi gödəkçələrdə, ümumən üzərində hərbi geyimlərə məxsus rəng çalarları olan geyimlərdə olmaları yolverilməzdir. Jurnalistin əlinə silah aldığı müşahidə edilməməlidir.

Belə hal onun mübarizə tərəfi kimi qəbul olunma şübhəsi yaradır, habelə həyatını daha çox riskə atmış olur. Jurnalistlər parlaq rəngləri olan geyimlər geyinməməli, daha çox tünd rəngli geyimlərə üstünlük verməlidirlər. Bu imkan verəcək ki, onlar hərbçilərdən fərqlənsinlər.

Hərbi əməliyyatlarla bağlı materialların təqdimatında sensasiya axtarışı, sensasion təqdimat və sensasion sərlövhələrdən uzaq dayanmaq vacibdir. Jurnalistlər mütləq şəkildə özlərini qorumalı, hərbi əməliyyatların intensivləşdiyi saatlarda təhlükəsizliyə xüsusi diqqət yetirməlidirlər. Onlar nəzərə almalıdırlar ki, ekstremal durumlarda video və foto çəkilişlərin dəqiqliklə davam etdirilməsi önəmli deyil.

Çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılması yolverilməzdir.

Nəzərə almaq lazımdır ki, bu tələblərin pozulmasına nəzarət aparılır və yol verilmiş nöqsanlar nəinki jurnalistin xidməti ezamiyyətinin başa çatmasını, habelə hərbi baxımdan neqativ nəticələr doğura bilər". 

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, bu gün müharibənin alovlandığı şəraitdə Azərbaycanın informasiya cəbhəsində aktiv olması şərtdir. O, bildirib ki, ötən günlər ərzində müşahidələr onu göstərdi ki, Azərbaycan tərəfi bu hadisələrdə nəinki uduzmur, əksinə, bir xeyli də irəli çıxıb:

"Təkcə MDB məkanında deyil, dünyanın hər tərəfində artıq bizim haqq səsimizə səs verənlər var. Eyni zamanda dünyanın aparıcı dövlətləri də bu məsələdə neytrallığı qorumağa cəhd göstərirlər.

Düzdür, Fransa istisnadır, yəni birmənalı şəkildə ermənipərəst mövqe tutur. Amma Amerika Birləşmiş Ştatları və Rusiya kifayət qədər neytral yanaşmağa çalışırlar. Bu da əlbəttə ki, ədalətli yanaşma kimi qəbul edilə bilər. MDB məkanında, özəlliklə də Dağlıq Qarabağın Ermənistan ərazisi kimi təqdim olunmasına gəlincə, əlbəttə ki, dünyanı aldatmaq artıq mümkün deyil.

Ona görə ki, bir vaxtlar ermənilər bizim bölgəmizi yaxşı tanımayan insanlara Qarabağı Ermənistanın bir parçası, yaxud da ki, qədim Ermənistan torpağı olması barədə nağıllar uydurub danışırdılar və buna da inandıra bilirdilər. Lakin bu gün mümkün deyil. Ona görə ki, BMT-nin Azərbaycan ərazilərini tanıması faktı var. Yəni bunun içində də Dağlıq Qarabağ və işğal altındakı rayonlar da yer alıb". 

Ekspert vurğulayıb ki, hazırda "Google Maps" və yaxud bir sıra bənzəri xidmətlər var ki, istənilən şəxs istənilən anda girib hansı ərazinin kimə aid olduğunu öz gözləri ilə görə bilər:

"Bizim nə etməyimizə gəlincə, çalışmalıyıq ki, bu münaqişə ilə bağlı məlumatı olana da, olmayana da baş verənlər barədə intensiv, yəni dayanmadan məlumat göndərək. Çünki ermənilər bir an belə dayanmırlar, uydurma məlumatlar göndərirlər.

Hətta köhnə müharibələrdən, başqa ölkələrdən baş verən hadisələrdən şəkilləri, videoları montaj edərək onları burda baş verənlər kimi təqdim edirlər. Buna görə də, bu cür dezinformasiyanın qarşısını almaq üçün bizim hər birimiz, özəlliklə də xarici dilləri bilən fərdlərimiz mütləq işləməlidirlər. Biz kiminsə tapşırığını gözləməli deyilik.

Müdafiə Nazirliyinin internet saytında daim operativ informasiyalar verilir. Yaxşı olardı ki, həmin informasiyaları toplayıb əlimiz çatan bütün əlaqə vasitələri ilə xaricə yayaq. Elə olan halda düşünürəm ki, ermənilərin indiki dezinformasiya siyasəti fiaskoya uğramağa davam edəcək". 

Araşdırmaçı jurnalist Elçin Alıoğlu "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, bu gün cəbhədə gərgin müharibə getdiyi bir zamanda xaricdə ölkəmizlə bağlı dezinformasiyalar da yayılmaqdadır. E.Alıoğlu vurğulayıb ki, dezinformasiya informasiya savaşının tərkib, daha doğrusu, əhəmiyyətli bir hissəsidir:

"Əgər düşünürüksə, bu gün qərbdə media azad və demokratikdir, bu, ən böyük yanlışlıqdır. Bu gün xarici media mətbuatında Azərbaycan haqqında dezinformasiya geniş miqyasda yayılır. Bunun qarşısını biz ala bilmərik. Çünki qərbdəki jurnalistlərə belə yazma deyə bilmərik. Onlar ya sadəcə mövqelərini bildirirlər, ya da ki, sifariş yerinə yetirirlər.

Bu şəraitdə tək Vətən müharibəsi deyil, eyni zamanda informasiya müharibəsi də aparırıq. Bəs, informasiya savaşında qalib olmaq üçün nə etməliyik? Birincisi, bunun üçün bizim media mənsubları sosial şəbəkələrdə maksimum dərəcədə aktiv olmalıdırlar.

Dövlətin və prezidentin mövqeyini sadəcə sitatlar gətirməklə deyil, sadə dildə dövlət başçısının, hakimiyyətin, xalqın, dövlətin ümumiləşmiş mövqeyi olan azərbaycançılığı təbliğ etməli və anlatmalıdırlar. Sadəcə təşviqatçı və təbliğatçı kimi çıxış etməməlidirlər. Çünki bu dəqiqə düşünürsünüzsə, əsas səngər Qarabağdadır, yanılırsınız. Əsas səngər informasiya səngəridir. Biz informasiya savaşında uduzsaq, Qarabağda uduzacağıq. Bu qədər bəsitdir. Ona görə də informasiya savaşı birinci növbədə ən vacib və ən önəmli məsələdir.

İkincisi, həqiqəti deməliyik. Emosionallıqdan, eyforiyadan, istədiyimizi reallıq kimi qələmə verməkdən kənara durmalıyıq. Üçüncüsü, xarici dillərə vaqif olmalıyıq. Müxtəlif xarici dillərdə informasiyalar yazmalıyıq. Biz zatən bilirik ki, Qarabağ bizimdir. Ermənistan işğalçı dövlətdir. Bu həqiqətləri bütün dünyaya anlatmalıyıq. Bunun üçün də dünyada dövlətlərarası və xalqlararası transmilli kommunikasiya vasitəsi olan əsas dilləri bilməliyik. Bunlar ingilis, fransız, ispan, ərəb, portuqal, çin və fars dilləridir. Həmin dillərdə öz mövqeyimizi, sözümüzü dünyaya çatdırmalıyıq. Ələlxüsus da bunları sosial şəbəkələr vasitəsilə etməliyik". 

Ekspert qeyd edib ki, sosial şəbəkələr bu gün ənənəvi medianı üstələyib və əsas informasiya vahidinə çevrilib:

"Smartfonu olan hər kəs artıq reportyor, bloger, jurnalist funksiyasını primitiv, yəni yanlış da olsa yerinə yetirir. Artıq hər bir kəs ənənəvi mediaya müraciət etmədən, ordan xəbər emalını gözləmədən öz sosial şəbəkə profilində doğru sandığı  yalanları öz virtual dostlarına çatdırır. Burda da artıq həlqəvari proses başlayır. Buna sosial şəbəkədə su dalğası deyilir. Biri daş atır suya və nəticədə konsentrik həlqələr yaranır və sayı çoxalır. Halbuki, bu balaca bir daşdır. Ona görə də sosial şəbəkələrdə maksimal dərəcədə aktiv olmaq və Qarabağla bağlı həqiqətləri xaricilərə sadə dildə başa salmaq lazımdır. Onlara öz mövqeyimizi və niyə haqlı olduğumuzu anlatmalıyıq".