Jurnalistdən kövrək notlar: “Yuxuda kəndimizə getsəm də, evimizə yaxınlaşa bilmirdim”

“Və hər dəfə yuxudan ayılanda əlimin arxasıyla göz yaşlarımı silməli olurdum”

“Azərbaycan əsgəri dəqiq atəşlə o yanğını söndürdü”

“Dünən yuxuda evimizi əvvəki görkəmində gördüm;ikimərtəbəli, bağlı-bağatlı...”

“Cəbrayılın işğaldan azad olunması xəbərini mənə tanınmış politoloq Mübariz Əhmədoğlu verdi. Amma Mübariz müəllimə təşəkkür edə bilmədim. Nitqim qurumuşdu, söz adamı olsam da, ilk dəfəydi danışmağa söz tapmırdım. Bu, doğulduğum gündən bəri aldığım ən şad xəbər idi”.
Bunu “Sherg.az”a açıqlamasında Cəbrayıldan olan jurnalist, “yenisabah.az” saytının baş redaktoru Jurnalist Araşdırımalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib. 
JAM rəhbəri qeyd edib ki, Cəbrayıl 1993-cü ilin avqustunda işğal olunub, amma o hər gecə Cəbrayıla “gedib”: 

“Elə bir gün olmurdu ki, Cəbrayıl yuxuma girməsin. Mən yuxularımı danışmağı sevən adam deyiləm, ancaq indi etiraf etmək istəyirəm: - yuxularımda hər gecə Cəbrayıla, doğa kəndimizə getsəm də, heç vaxt evimizə yaxınlaşa bilmirdim. Hər dəfə görürdüm ki, evimiz yanır, alov asimana qədər yüksəlib. 

Və hər dəfə yuxudan ayılanda əlimin arxasıyla göz yaşlarımı silməli olurdum. Azərbaycan əsgəri dəqiq atəşlə o yanğını söndürdü. Dünən yuxuda evimizi əvvəki görkəmində gördüm;ikimərtəbəli, bağlı-bağatlı...”.

S.Verdizadə bildirib ki, bu il koronavirus imkan vermədi, amma hər dəfə yayda ailəlikcə bir həftəlik də olsa, hansısa rayona dincəlməyə gedirmiş: 

“Azərbaycanın hər bölgəsi əzizdir, doğmadır. Amma bundan sonra öz rayonumuza gedəcəyik. Daha heç vaxt hansısa ağacın kölgəsini pulla almayacağıq. Bizim öz ağacımız olacaq, hətta çoxlu ağaclarımız olacaq. O qədər çox olacaq ki, onun kölgəsində hamımız dincələ biləcəyik... Çox xoşbəxtəm. Qızım bu gün məktəbə gedəndə dedi ki, sinif yoldaşlarımı yayda kəndimizə dəvət edəcəm. Bu hissləri biz cəbrayıllılara yaşatdığına görə Azərbaycan əsgərinə təşəkkür edirəm! Onların ayağının dəydiyi hər yerdə lalələr bitəcək, güllər çiçək açacaq. O güllərlə birlikdə bizim arzularımız da çiçək açacaq...”.