Dezinformasiyanın xüsusi çəkisi hədsiz dərəcədə azalıb 

Rəsmi mənbələrə, rəsmi informasiyalara inam və istinad xeyli yüksəlib

"Ölkədə yeni sosial media resurslarına "Telegram"a , o cümlədən uzun illərdən bəri ölkədə populyarlaşa bilməyən "Twitter"ə diqqət sürətlə artıb. Müdafiə Nazirliyinin və bəzi rəsmi qurumların "Telegram" kanalı açması bu prosesi xeyli sürətləndirib. Azərbaycandilli sosial media platformasının keyfiyyət və peşəkarlıq göstəriciləri, ictimai çəkisi xeyli artıb. Bu platformada söyüş, təhqir və böhtan  tam dayandırılaraq nəhəng bir ictimai platformaya çevrilib. Ümumiyyətlə, həm koronavirus pandemiyası, xüsusən də cəbhədəki son müharibə əhalinin rəqəmsal bacarıqlarının sürətlə artmasına stimul verib". 

Bu sözləri İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, VPN-dən istifadə müəyyən risklər yaratsa da, informasiya ilə peşəkar işləyənlərin ondan istifadə edərək informasiya istehsalını təşkil etməsi informasiya mühitinin inkişafına çox müsbət təsir edib:

"Sadə istifadəçilərin də informasiya mədəniyyəti, informasiya ilə işləmək bacarıqları xeyli yüksəlib. Dezinformasiyanın xüsusi çəkisi hədsiz dərəcədə azalıb. Rəsmi mənbələrə, rəsmi informasiyalara inam və istinad xeyli yüksəlib. İnternetin və sosial medianın məhdudlaşdırılması nəticəsində informasiya mənbəyi funksiyası TV-lərə keçib.

Həmçinin, informasiyanın ötürülməsi funksiyası da müharibənin ilk günlərində əsasən TV-lərdə və internet mediada olsa da, VPN məsələsindən sonra sosial media yenidən aktivləşib.

İnternetin və sosial medianın məhdudlaşdırılması ilə ilk günlərdə beynəlxalq Anti-Azərbaycan informasiya cəbhəsində, beynəlxalq mediada üstünlük hiss olunurdu.

Ancaq son zamanlar həm diplomatik korpus və diaspora, həm xaricdə yaşayan həmvətənlərimiz tərəfindən, həm də VPN texnologiyadan istifadə edənlərin bu sahə üzrə bacarıqları nəticəsində vəziyyət xeyli dərəcədə yaxşılaşıb".