Gözəl təşəbbüsdür...

Azərbaycan da Türkiyə Ordusunun kiçik modelini qurur

"Biz də artıq müasir taktikanı, strategiyanı öyrənib, istifadə etməyə başlamışıq"

"Biz çox xoşbəxt ölkəyik ki, Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz.

Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah, bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir". Bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı, eyni zamanda bildirib ki, biz özümüzü müdafiə edirik, öz vətəndaşlarımızı müdafiə edirik, öz ərazi bütövlüyümüzü saxlamaq istəyirik: "Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Amma bizə mənsub olan bizə qalmalıdır. Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər. İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalq vasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycan özü bunu edəcək”.

Hərbi ekspert Azad İsazadə "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə ordusu Suriyada və Liviyada artıq öz real gücünü göstərib. Ekspert vurğulayıb ki, Türkiyə ordusunun həmin ərazilərdə döyüşlər zamanı vurduğu zərbələr çox güclü olub və nəticədə itkiləri də o qədər də çox olmayıb:

"Bildiyimiz kimi, Türkiyə Ordusu NATO-da ikinci ordudur. Prezident İlham Əliyev ötən gün müsahibəsində vurğuladı ki, biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq. Bu çox gözəl təşəbbüsdür.

Çünki burada söhbət müasir XXI əsrin müharibəsinin necə aparılmasından gedir. Türkiyə ordusu öz gücünü bir çox terror qruplaşmalarına qarşı apardığı mübarizələrdə artıq göstərib.

Belə bir söz var. Generallar müharibəyə keçmiş müharibənin planı ilə hazırlaşırlar. Türkiyə bu keçmiş müharibənin planlarından imtina etdi. Yəni o, özünəməxsus şəkildə müasir taktikadan, strategiyadan istifadə etdi. Sözsüz ki, biz də bundan istifadə etməyə başlamışıq.

Diqqət yetirirsinizsə, keçən həftənin dördüncü və beşinci günü ictimaiyyətə yalnız hərbi obyektlərin, texnikaların vurulması barədə məlumatlar verilirdi. Bu zaman hamı bir anlıq həyəcan yaşayırdı ki, niyə heç bir yeri işğaldan azad edə bilmirik. Ancaq həmin zərbələr nəticəsində şənbə və bazar günü bir sıra kəndlərimiz ard-arda azad olunmağa başladı.

Bu da həmin strategiyanın, taktikanın istifadəsinin nəticəsidir. Sözsüz ki, ordumuz da müasir dövrün real müharibə aparmaq üsullarını öyrənir və ondan istifadə edir".