Türkiyəli tarixçi: “Qarabağın işğalında Rusiyatək İran da günahkardır” – İndi “əlləri" bağlanıb !

“Əlacı olsa, İran hakimiyyəti təcavüzkar Ermənistana daha fəal dəstək göstərər”

“Çünki bu dövlət heç vaxt-bütün tarix boyu Azərbaycanı bütöv görmək istəməyib”

“Təkrar edirəm, Azərbaycan və Türkiyə Naxçıvan məsələsinə biganə yanaşmamalıdır”

“Rusiya KİV-i Ermənistanın məğlubiyyətin astanasında olduğunu etiraf edir”

“Əminəm ki, Türkiyə-Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki qətiyyəti yaxın zamanda işin sonunu gətirəcək”


Azərbaycanın apardığı haqlı əks-hücum əməliyyatları uğurla davam edir. Bu müharibə bizə həm də dostu, düşməni müəyyənləşdirməyimizə şərait yaratdı.  Qardaş Türkiyə hakimiyyəti, həmçinin rəsmilər ilk günlərdən etibarən dəstəyini ifadə etdilər. Nə vaxt, necə lazım olsa, kömək göstərəcəklərini bəyan etdilər. Bununla yanaşı, Dağlıq Qarabağ məsələsinin həlli indi həm də bütün türkləri düşündürən, qayğılandıran əsas məsələdir.

 Türkiyəli tarixçi, professor İbrahim Ethəm Atnurun Dağlıq Qarabağın azadlığı uğrunda gedən vətən müharibəsi barədə “Sherg.az”a dedikləri də yuxarıdakı fikirlərin təcəssümüdür:

- Hazırkı proseslərlə bağlı nə düşünürsünüz?

- Mən 1991-1992-ci illərdə baş verən hadisələri çox yaxşı bilirəm. Azərbaycanda çox olmuşam, məsələnin kökü, necə başladığı ilə tanışam. Bilirsiz, Dağlıq Qarabağ təkcə Azərbaycan, Türkiyə yox, insanlıq məsələsidir. Dağlıq Qarabağın işğalı insanlığın qanayan yarasıdır. İşğalın indiyədək davam etməsinin əsas təqsirkarı isə ATƏT-in Minsk qrupudur. Bu qurum bəyanatlar qəbul etsə də, işğalçıya təzyiq məqsədilə, məsələnin həllindən ötrü heç bir iş görməyib.

- Rusiyanın məsələyə münasibətini necə qiymətləndirirsiniz?

- Əlbəttə, işğalın əsas səbəbkarlarından biri də Kremldir. Amma indi məsələdən nisbətən uzaqdır. Belə demək mümkünsə, əl-qolu bağlanıb.

- Niyə?

-Birincisi, Kremlin problemləri kifayət qədərdir. Rusiya siyasi hakimiyyətinın başı indi Ukraynaya, Belarusa, Qırğızıstana, Gürcüstana qarışıb. İkincisi, Rusiya beynəlxalq güc olsa da, Türkiyənin Azərbaycana qardaş dəstəyi onu dayandırıb. Eləcə də, Putin Avropa, o cümlədən Fransa hakimiyyəti  ilə qol-qola girən Paşinyanı, məncə, cəzalandırır. Azərbaycan və Türkiyənin qərarlığı Rusiyanın səssizliyinin əsas səbəblərindəndir

- Bundan sonrakı proseslərlə bağlı Azərbaycan hansı addımları atmalıdır?  

- Rəsmi Bakı əks-hücum əməliyyatlarına sonadək davam etməlidir. Nə Azərbaycanın, nə də Türkiyənin daha 30 il gözləməyə vaxtları var. Təkrar edirəm, Dağlıq Qarabağın işğalı insanlığın qanayan yarasıdır. Bu yaranın məlhəmi isə işğala son verməkdir. Fikrimcə, indi tarixi ədaləti bərpa etməkdən ötrü ən ideal vaxtdır.

- Arqumentlərinizi sadalaya bilərsiniz?

- 1990-cı illərdə Türkiyə Azərbaycanın yanında kifayət qədər ola bilmədi. İndi ölənədək birlikdəyik. Üstəgəl, Ermənistan beynəlxalq hüquq normalarını, müharibə qanunlarını kobud şəkildə pozaraq dinc sakinləri, mülki obyektləri hədəf alır. Biz birlikdə bu fürsətlərdən istifadə edərək nəinki Dağlıq Qarabağı son qarışa qədər azad etməli, həm də Naxçıvan və Zəngəzur məsələsinin həllini tapmalıyıq. Naxçıvanla quru sərhəddin bərpa edilməsi, Zəngəzurun geri alınması, bəlkə də, -İranın narazılığı ilə nəticələnəcək, fəqət Ermənistanı daha çətin vəziyyətə salacaq.

- İran demişkən, bu ölkə də müsəlmanlığa uyğun davranmır...

-Təəssüf ki, doğrudur.  Hələ 1990-cı illərdə də İran işğalçıya ciddi dəstək verib. Ümumiyyətlə, Azərbaycan torpaqlarının işğalında Rusiyatək İran da günahkardır. Əlacı olsa, İran hakimiyyəti təcavüzkara daha fəal dəstək göstərər. Çünki bu dövlət heç vaxt-bütün tarix boyu Azərbaycanı bütöv görmək istəməyib.

- Rəsmi Tehranı qorxudan nədir? 

- Orada yaşayan 30 milyon azərbaycanlının mövqeyi. İran məhz bu təzyiqi hiss edərək çox səs çıxara bilmir. Biz bu fürsətdən yararlanmalıyıq. Təkrar edirəm, Azərbaycan və Türkiyə Naxçıvan məsələsinə biganə yanaşmamalıdır.

-Dediklərinizdən belə başa düşdüm ki, məsələ ilin sonunadək həll olunmalıdır.

-Eynən. Başqa yolu yoxdur. Azərbaycan düşmən ordusuna çox zərbə vurub. Deməli, üstünlük bizim tərəfimizdədir. Odur k, 2020-ci başa çatanadək Dağlıq Qarabağa qovuşmalıyıq. Cənab prezident, ali baş komandan İlham Əliyevdən tutmuş  ucqar kənd sakinlərinə, ordudakı generaldan tutmuş əsgərədək hər kəsin qətiyyəti tarixi qələbənin yaxında olduğunu göstərir.

-Bəs cəbhədəki vəziyyətin yaxşı olduğunu hardan bilirsiniz?

-Rusiya mediası yazır. Bəlkə, tərəfkeşlik edərlər deyə, Türkiyə, Azərbaycan mətbuatını oxumuram. Ancaq iş orasındadır ki, Rusiya KİV-i Ermənistanın məğlubiyyətin astanasında olduğunu etiraf edir.

-Xalq olaraq qardaşlıq dəstəyinizə görə, çox sağ olun, İbrahim bəy...

-Biz iki dövlət, bir millətik. Əlbəttə, daim bir-birimizi müdafiə edəcəyik. Onu da deyim ki, Türkiyə məsələyə birbaşa qarışmır. Sadəcə mənəvi dəstək göstərir. Beləliklə, dünyaya, o cümlədən işğalçı havadarlarına xəbərdarlıq edir: əgər iki tərəfin məsələsinə qarışsan, başının üstünü kəsdirəcəm. Əminəm, iki dövlət bir millətin Dağlıq Qarabağ məsələsindəki qərarlığı ən yaxın zamanda işin sonunu gətirəcək.