Dünya ermənilərin əsl simasını tanıdı 

Son günlər informasiya savaşında da böyük üstünlüklər qazanmışıq 

Gəncədə baş verən hadisələr sosial media istifadəçiləri sayəsində bütün dünyaya operativ şəkildə çatdırıldı

Bunlar təbii ki, müasir gənclərin, sosial media istifadəçilərinin, həqiqət savaşçılarının sayəsində baş tutdu. Bu, onların qalibiyyəti idi


Müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdəndir. Artıq Qarabağ münaqişəsi regional xarakterini itirib və qloballaşmış bir problemə çevrilməyə başlayıb. Olduqca geostrateji bir bölgədə olduğundan münaqişənin regiona təhlükə yaratmasında informasiya çox mühüm rol oynayır. Bildiyimiz kimi, bu gün də ermənilər xarici ölkələrdə olan diasporlarının dəstəyi ilə Azərbaycana qarşı informasiya mübarizəsi aparırlar.

Ermənilərin təsiri altında olan təşkilatlar da beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa davam edirlər. Ermənistan kütləvi informasiya vasitələrində bu gün də döyüş bölgələrindən həqiqətə uyğun olmayan, yalan məlumatlar yayımlanır və ictimaiyyətdə ölkəmizə qarşı, hazırkı münaqişəyə qarşı mənfi rəy yaratmağa çalışırlar.

İnformasiya savaşı ən çox sosial şəbəkələr üzərindən aparılır və bu savaşın qarşısının alınmasında internetin rolu danılmazdır. Ermənistanın xüsusi xidmət orqanları illərdir sosial şəbəkələrdən Azərbaycana qarşı bir silah olaraq istifadə edirlər. Onlar saxta məlumatlar (dezinformasiya) yaymaqla gündəmi manipulyasiya edir.

Bu zaman panika içində hərəkət edən istifadəçilər üzərindən özünə lazım olan məlumatları toplayır. Buna qərb qaynaqlarında OSINT (açıq qaynaq kəşfiyyatı) deyilir. İkincisi, özünü daha çox tanıdır və xofunu artırmağa çalışır. Tovuz döyüşləri sosial şəbəkələrin müsbət və mənfi tərəflərini də üzə çıxardı. Etiraf eləməliyik ki, döyüşlərin son günlərində sosial şəbəkələrin Azərbaycan seqmentinə “soxulmağı bacaran” düşmən “diversantları” ictimaiyyət arasında sonrakı günlərdə söz-söhbətə, suallara yol açan bir çox zərərləri vura bildi. İndi bəzi ekspertlər döyüş əməliyyatları zamanı panika yaradacağını əsas gətirərək, sosial şəbəkələrə girişlərin məhdudlaşdırılmasının vacibliyini önə çəkirlər. Digər ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, əslində bu addım daha çox ziyan verər, nəinki şəbəkələrin açıq olması. Nəzərdən qaçırmamalıyıq ki, dezinformasiyaların yayılmasında əsas rolu informasiyasızlıq mühiti oynayır. Müharibə zamanı önəmli olan tək informasiya vermək deyil, informasiyaların idarə edilməsidir. İdarə edilməyən informasiyalar böhranların yaranması ilə nəticələnir. Dezinformasiyaların qarşısının alınması isə aramsız informasiya hücumları ilə mümkündür.

Siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında  vurğulayıb ki, internetdə bir sıra məhdudiyyətlərin qoyulmasına baxmayaraq, VPN proqramlardan istifadə edən Azərbaycan xalqı cəbhə xəttində olduğu kimi, bu gün informasiya savaşında ciddi uğurlar əldə etməkdədir. O bildirib ki, özəlliklə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər iki cəbhədə hər kəsə örnək ola biləcək mücadilə, mübarizə aparmaqdadır:

"Cənab prezdentimizin dünyanın ən nüfuzlu, tanınan televiziya telekanallarına verdiyi müsahibələr, həmin müsahibələrdə səsləndirdiyi fikirlər, xüsusilə də arqumentləşdirilmiş, faktlara söykənən çıxışları, əlbəttə ki, Azərbaycanın informasiya müharibəsində önə çıxmasını təmin edir. Ali Baş Komandan hətta bəzən onu dolaşdırmaq, çaşdırmaq istəyən, bu və ya digər şəkildə fərqli istiqamətə dartmağa cəhd göstərən jurnalistlərə çox təmkinlə, əsaslandırılmış və kifayət qədər səbrli cavablar verməklə də diqqət çəkir. Bu da informasiya savaşında çox önəmli məqam və faktordur. Ona görə ki, istənilən halda belə məqamlarda əsəbiləşmək, özünü itirmək heç vaxt fayda verməyib. Cənab Prezident bu işi də çox ustalıqla bacarır. Bütün müsahibələrində, çıxışlarında bunu peşəkarcasına nümayiş etdirir". 

Ekspert qeyd edib ki, üstünlüyümüz və uğurumuz onda təmin edildi ki, İlham Əliyev şəxsən özü informasiya savaşında da öndə getdi, yəni bu gün də getməyə də davam edir:

"Onun öndə olması əlbəttə ki, uğurumuzu təmin edəcək əsas amildir. Lakin mən düşünürəm ki, müəyyən fəal insanlar var ki, həmin insanların da internetdən istifadəsi üçün şərait yaradılmalıdır. Əsasən də, aktiv sosial media istifadəçilərinə. Burada daha çox "Teleqram", "Twitter", "Facebook" və "İnstaqram" kimi sosial media imkanlarından istifadə edilməsindən söhbət gedir. Qeyd edək ki, düşmənin əsas diqqət yetirdiyi iki sosial şəbəkə mövcuddur: "İnstaqram" və "Facebook". Gənclərin daha çox cəmləşdiyi "İnstaqram"ın ilkin informasiya mənbəyi kimi əhəmiyyəti böyükdür. Orta yaşlı, xüsusən də ehtiyatda olan zabitlərin də cəmləşdiyi "Facebook" isə daha ciddi xəbər mərkəzi sayılır. Düşmən tərəfindən "Facebook"da paylaşımlar deyil, şərhlərin toplanması və analizləri daha çox aparılır. Bu gün ölkəmizdə internetlərə məhdudiyyətlər qoyulub. Əlbəttə ki, dövlətimiz hər halda ən doğrusunu bilir. Biz də ona uyğun şəkildə davranmağa üstünlük veririk. İkinci tərəfdən də, istənilən halda biz xarici medialar ilə işləyirik və işləməyə də davam edəcəyik. Ümumiyyətlə, hazırkı dönəmdə bizim durumumuz ürəkaçandır. Çünki Azərbaycan hər iki cəbhədə öndədir. Ənənəvi şəkildə ermənilərə açıq dəstək verən xarici media belə indiki şəraitdə artıq daha çox neytral davranmağa üstünlük verir. Təbiidir ki, əleyhimizə işləyənlər də az deyil. Amma ümumi götürəndə həm dünyanın münasibəti, həm də dünya mediasının münasibəti bizim üçün əlverişli şəkildədir. Təbii ki, elə ölkələr var ki, nəzərdən qaçır. Orda da əsas işi bizim həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin görməsi çox vacibdir. Məsələn, hansısa xarici ölkənin televiziya kanallarında Gəncənin vurulması ilə bağlı informasiyalar verdilər. Hətta Gəncənin görüntüləri də göstərildi. Amma erməni təxribatçıları Azərbaycanın Dağlıq Qarabağda, guya, mülki şəxslərə atəş açdığı haqqında informasiyalar paylaşırlar. Əlbəttə ki, o cür görüntüləri bizim səfirliklərimiz izləməli, toplamalı və dərhal da reaksiya verməlidirlər".

İnternet-media eksperti Səbuhi Abbasov "Şərq"ə açıqlamasında bildirib ki, baş verən son proseslər artıq informasiya savaşının aparılması üçün ciddi bir dövrdür. S.Abbasov vurğulayıb ki, belə bir həssas məqamda, istənilən konfliktdə, hərbi münaqişədə döyüşlər təkcə səngərdə deyil, informasiya meydanında gedir:

"Bu gün beynəlxalq birlik, beynəlxalq ictimaiyyət var. Həmin təşkilatların rəyi və mövqeyi bizim üçün olduqca vacibdir. Bu mənada hesab edirəm ki, döyüş həm də informasiya məkanında getməlidir. Son günlər Azərbaycan həm informasiya-kommunikasiya texnologiyaları baxımından, həm də hərbi cəhətdən uğurlar əldə edir. Eyni zamanda Azərbaycan təşkilatları, saytları, qeyri-hökumət təşkilatları da ölkəmizin milli maraqlarının müdafiəsi üçün informasiya müharibəsinə səfərbər olunub. Çox sevindirici haldır ki, artıq neçə gündür ki, həm "Teleqram", "Facebook", həm də "Tvitterdə" sosial platformalarında ciddi uğurlar, irəliləyişlər əldə etmişik. Demək olar ki, düşməni mənəvi-psixoloji sarsıntıya salmışıq. Düzdür, dünya ölkələri əvvəllər də rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı və ermənilərin aqressiyalı olduğunu qəbul eləmişdi. Bizim informasiya savaşında göstərdiyimiz aktivlik isə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması baxımından böyük əhəmiyyət kəsb etdi. Gəncədə baş verən hadisələr sosial media istifadəçiləri sayəsində bütün dünyaya operativ şəkildə çatdırıldı. Bütün dünya, xüsusilə ABŞ, Almaniya kimi dövlətlər ermənilərin əsl simasına şahid oldu. Hətta onları müdafiə edənlər öz əməllərindən əl çəkdilər. Bunlar təbii ki, müasir gənclərin, sosial media istifadəçilərinin, həqiqət savaşçılarının sayəsində baş tutdu. Bu, onların qalibiyyəti idi". 

Ekspert hesab edir ki, ölkəmizdə belə məqamlarda döyüş media otaqlarının yaradılması çox vacibdir:

"Belə bir təklifi bu yaxınlarda da səsləndirdim. Bilirsiniz ki, hərbi proseslərin gedişatında komendant saatı təyin olundu. İnternetin məhdudlaşdırılması da təbii ki, normal idi. Lakin alternativ olaraq bizim media döyüş otağımız olmalı idi ki, biz düşmənlə daha səmərəli şəkildə mübarizə aparaq. Mən 2016-cı ildə Aprel döyüşlərindən sonra da belə bir təşəbbüs ilə çıxış etmişdim. İlk növbədə hərbi münaqişələr, sosial şəbəkələrə müəyyən məhdudiyyətlər qoyulan zaman döyüş otağı tam fəaliyyəti ilə düşmən üzərinə yeridilməli və informasiya savaşında öz sözünü deməlidir. Düzdür, bu gün sosial mediaya nəzər yetirsək görərik ki, müəyyən xırda problemlər var. Ancaq ümumilikdə, bu gün informasiya savaşında gənclərimiz çox fəallıq nümayiş etdirirlər. Xüsusilə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırırlar. Bu gün bu bir reallıqdır ki, Azərbaycan mediası, qeyri-hökumət təşkilatları, sosial şəbəkə aktivistlərinin hər biri düşmən üzərində kifayət qədər ciddi uğurlar əldə edir və onları artıq psixoloji sarsıntıya salıb. Təbii ki, döyüş qabaqdadır. Ümid edirəm ki, bu aktivlik özünü bu şəkildə daim qoruyacaq". 

S.Abbasov bildirib ki, informasiya vasitələri qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir etmək gücünə malikdir:

"Dünyanın demək olar ki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkret məsələlər haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan qlobal güclər ictimai rəyi idarə etməkdə geniş miqyasda yararlanır. Nəticədə, müasir təbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin “beynini və qəlbini yumaq” mümkündür. Müxtəlif ad altında həyata keçirilən ideoloji və informasiya təsirləri faktiki olaraq, yerli cəmiyyətlərin mədəni baxımdan “aşılanmasına” xidmət edir. Buna görə də ilkin olaraq yuxarıda qeyd edilən model və aspektləri düzgün dəyərləndirməli, münaqişə zamanı düşmənin təxribatçı informasiya maşınlarına aldanmamalıyıq. Çünki informasiya siyasəti bütün etnik münaqişələrin istər qızışdırılması, istərsə də həlli üçün siyasətçilərin əlində ən təsirli silahlardan biridir. Ona görə də hər bir vətəndaşımız son dərəcədə bu savaşda diqqətli olmalıdır".