“Azərbaycan gəncliyi Qarabağda tarix yazır” - Müharibəyə sevinə-sevinə gedirlər !

“İndi bizim gəncliyimiz üçün sınaq imtahanıdır. Onlar üçün özünü göstərmək və təsdiq etmək imkanı yaranıb”

“Hamıdan xahiş edirəm ki, heç vaxt gənclərə qarşı şübhə ilə yanaşmasınlar”

“Biz gənclərə deməliyik ki, siz bu dövlətin, bu xalqın, bu vətənin gələcəyisiniz”


Bu günlərdə - Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda Azərbaycanın apardığı haqq savaşında  bir daha sübut olundu ki, Azərbaycan xalqı Prezidentinin və ordusunun yanındadır. Gənclərimiz hər an cəbhəyə yollanmağa, düşmənə ağır zərbələr endirməyə hazırdır. Amma işğalçı ölkədə bunun tam əksi müşahidə olunur. Ermənistanın baş naziri Nikol Paşinyan 4 dəfə ölkə üzrə səfərbərlik elan etsə də, əhalinin çoxu bu çağırışa qoşulmayıb. Ancaq az qala bütün Azərbaycan əhalisi, gənclər cəbhəyə getmək üçün müraciətlər ediblər, edirlər. Bütün bunlar isə Azərbaycan gəncliyinin vətənpərvər ruh, milli şüur və milli məfkurədə yetişməsinin aydın təzahürüdür. Eyni zamanda gənclərimizin yüksək vətənpərvərlik ruhu bir zamanlar onların ünvanına səslənən “Bu gənclərlə Qarabağmı azad etmək olar, indiki gənclər Qarabağmı tanıyır?!” düşüncəsini, yarlığını alt-üst etdi.  

Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli  də gənclərimizin vətənpərvər ruhda böyüdüyünü söyləyib. O "Sherg.az"a bildirib ki, bəyənmədikləri Azərbaycan gəncliyi Qarabağda tarix yazır: 

"Uzun müddət ordu sıralarında xidmət etmiş, ehtiyatda olan bir zabit kimi əvvəlcədən bəyan edirəm ki, Azərbaycan gəncliyi ilə bağlı heç vaxt bədgüman olmamışam. Azərbaycan gəncliyinə, bu gəncliklə daim əlaqədə olan biri kimi həmişə böyük ümidlərlə baxmışam. Şəxsi təcrübəmdən çıxış edərək bir məsələyə diqqət yönəltmək istərdim. İkinci Cahan Savaşını görən atalarımız, babalarımız deyərdilər ki, "Siz müharibə, aclıq görməmisiniz. Siz nə görmüsünüz ki...?!" Mən o vaxt da, indi də bu məsələ ilə bağlı heç vaxt razılaşmamışam. Əgər bir nəsil müharibə görübsə, onu digər nəsilə arzulamaq və yaxud müharibə görməməsini onun başına qaxınc etmək olmaz. Gənclərlə tez-tez ünsiyyətdə oluram, Azərbaycan gəncliyinin hansı psixoloji dəyərlərə sahib olduğunu gözəl bilirəm. Psixologiya və fəlsəfədə də deyildiyi kimi insanı tanımaq üçün situasiyalar lazımdır.
Çanaqqala Savaşında Seyid Əli Onbaşı var idi. Təqribən 250 kiloqramlıq mərmini kürəyinə qaldırıb, dəniz yolu ilə gələn Fransa və İngiltərə armadasına tuşlayıb onların ən böyük gəmisini partlatmışdı. Amma sonradan S.Ə.Onbaşı dəfələrlə həmin mərmini qaldırmağa cəhd etsə də, bütün cəhdləri uğursuzluqla nəticələnib. Demək istədiyim odur ki, insanları tanımaq üçün müəyyən vəziyyət yaranmalıdır və məqam yetişməlidir. İnsanlar ayrı-ayrı situasiyalarda daha yaxşı özlərini göstərə bilirlər.

İndi bizim gəncliyimiz üçün sınaq imtahanıdır. Onlar üçün özünü göstərmək və təsdiq etmək imkanı yaranıb.

Çox sevinirəm ki, Azərbaycan gəncliyi haqqında düşündüyüm pozitiv fikirlər öz təsdiqini tapır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələrində minlərlə Azərbaycan gənci könüllü cəbhəyə yollanmaq istəyini ifadə edib. Bu yaxınlarda Xətai rayon şöbəsində olanda, ora bir gənc gəlmişdi.

Həmin gənc soruşurdu: “Ərizə yazmışam, 3 dəfə də bura gəlmişəm. Niyə məni aparmıllar?” Vəziyyət o həddə çatdı ki, "gəncin istəyini qəbul edin",- deyə şöbə rəisinə şəxsən müraciət etdim. Biz onu yola saldıq, müharibəyə sevinə-sevinə getdi. Hamıdan xahiş edirəm ki, heç vaxt gənclərə qarşı şübhə ilə yanaşmasınlar. Biz gənclərə deməliyik ki, siz bu dövlətin, bu xalqın, bu vətənin gələcəyisiniz.

Bir də deyə bilərəm ki, bu anti-terror əməliyyatlarda Azərbaycan gəncliyi özünü müsbət tərəfdən göstərir və mən onlara inanıram. İstərdim ki, onlarla bir sırada, bir cəbhədə, bir səngərdə olum. Amma mən hərbi komissarlığa müraciət etdiyimdə, onlar mənə ehtiyac olduğunda sizi çağıracağıq dedilər”.

Pərvin Piriyev