Amerikalı professor: "Rusiyanın mövqeyini başa düşmək çətindir"

Svante Kornelin: "Ermənistan qumar oynayır"


Amerikalı professor “Şərq”ə Rusiyanın, Avropa dövlətlərinin Qarabağ savaşına münasibətini təhlil etdi.
Bütün dünyanın mərkəzi bu gün Dağlıq Qarabağdır. Sanki Azərbaycanın əzəli, əbədi tarixi torpağı olan Dağlıq Qarabağ planetin orbitinə çevrilib - hər şey, o cümlədən dövlət başçılarının, siyasilərin telefon zəngləri də, bəyanatları da ancaq bu məsələ barədədir.
İndi bəzən belə təəssürat yaranır, sanki dünya Azərbaycan həqiqətlərini, necə deyərlər elə indi eşidir. Dünyanın siyasi mərkəzləri, ayrı-ayrı müstəqil ekspertlər bir çox hallarda haqq səsimizi eşidirlər.

 Okeanın o tayında – Amerikada yaşayan, Dağlıq Qarabağ hadisələrini sadəcə kənardan izləyən Asiya- Qafqaz institunun direktoru Svante Kornelin konkket məsələyə dair “Sherg.az”a cavabları fikrimizi təsdiqləyir:

- Dağlıq Qarabağ müharibəsinin indiki məqamı haqqında nə deyə bilərsiniz?

- Ermənistan müharibə zonasını genişləndirmək, döyüşləri öz ərazisinə çəkməkdən ötrü bütün imkanlardan istifadə edir. Törədilən təxribatlar da məhz bu məqsədlədir. Düşməniniz sizin Ermənistan şəhərlərini hədəf almağınız nəticəsində Rusiyanı məsələyə cəlb etmək istəyir. Hərçənd ki, bu cürə müharibə qanunlarının pozulması demək olar.

- Ermənistan nə vaxt qanunlara əməl edib ki, indi də etsin?  Moskva danışıqlarının şərtlərini də pozdu...

- Ümumiyyətlə, atəşkəs davamlı deyil. Hər iki tərəf mübarizəni dayandırmağa məcbur olmayanadək atəşkəslər pozulacaq. 1992-1994-cü illərdə də belə idi. Görünür, Ermənistan döyüşlərin davam etdirilməsinin onun mənafeyinə uyğun olduğunu düşünür. Ehtimal ki, qarşı tərəf öz ərazisindən sizin mülki obyektlərinizi və dinc sakinlərinizi hədəf almaqdan qorxmur. Adekvat cavab almayacağına inanır.

- Niyə belə düşünsün?

- Əslində Ermənistan qumar oynayır. Azərbaycanın adekvat cavab verməməsinin yeganə səbəbi Rusiya faktoru ola bilər. Bəs, birdən siz də Ermənistana eyni cavabı verəndə Kreml onları müdafiə etməsə? Bax, əsl sual budur.

- Kreml, deyəsən, doğrudan da, ikili oyun oynayır...

- Rusiyanın mövqeyini başa düşmək çətindir. Çoxları Rusiyanın Ermənistanı dəstəkləmədiyinə təəccüblənir. Rəsmi Moskva tamamilə geri çəkilib və başı öz daxili problemlərinə qarışıb. Bu, Rusiyanı Azərbaycanla konstruktiv münasibət qurmağa məcbur edir və təzyiq cəhdlərinin nəticə vermədiyini göstərir. Təəssüf ki, çoxları dediyim məqamı anlamır.

- Bəs Avropa?


- Avropa ölkələri bu münaqişəyə Qafqazın geosiyasi əhəmiyyətini qiymətləndirən ciddi bir mövqe sərgiləmirlər. Onlar yalnız döyüşləri dayandırmaqda maraqlıdırlar. Belə demək mümkünsə, məqsədləri müharibənin miqyasını mümkün qədər kiçiltməkdir.

- Bir sıra beynəlxalq güclər, o cümlədən də Rusiya tərəfləri danışıqlara dəvət edir. Sizcə,  danışıqlar qatarı artıq geridə qalmayıb?

- Danışıqlar həmişə mümkündür. Amma münbit şərait yaranarsa.

- İndiki halda münbit şərait necə olmalıdır?

- Elə vəziyyət yaranmalıdır ki, hər iki tərəf danışıqları dayandırmağa məcbur olsun. Və ya beynəlxalq ictimaiyyət bu münaqişəni dondurmaqdansa, problemin həlli istiqamətində real addımlar atsın.

- Sizcə, hətta informasiya müharibəsində də təxribatlar törədən, yalan tirajlamaqdan çəkinməyən işğalçı danışıqlar masasında səmimi olar?

- Olmaq həmişə ölməkdən yaxşıdır. Əgər məhv olmaq istəmirsə, buna getməlidir. O ki qaldı dezinformasiyalara, informasiya müharibəsi bu gün demək olar, həqiqi müharibə qədər vacibdir. Çünki dünyanın münaqişə perspektivini müəyyənləşdirir. Ermənistan, öz mövqeyini gücləndirə bilən güclü diaspordan faydalanır.

Azərbaycanda isə təəssüf ki, bu fəaliyyət istiqaməti zəifdir.